Həqiqətə uyğun olmayan məlumatların yayılması ictimaiyyəti çaşdırır
Bu günlərdə Modern.az saytı AzərTAc informasiya Agentliyinə istinad edərək “Avropa Şurası Nazirlər Komitəsində sədrliyin Ermənistana keçməsi ərəfəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmin ölkəyə rüsvayçı “təcavüzkar ölkə” damğası vuran sənəd qəbul etməsi” barədə məlumat yayıb. Həmin məlumat sonradan “Yeni Musavat” qəzetində çap edilib. AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Şamaxının Millət vəkili Elxan Süleymanova müraciət edərək, məsələ ilə bağlı fikirlərini bildirməyi xahiş edirik.
-Siz bir müddət əvvəl mediada çıxış edərək Avropa Şurasının açıq-aşkar formada təcavüzkar Ermənistanı dəsətəkləməsi ilə bağlı material yaydınız. İndi isə mətbuatda Sizin fikrinizin əksinə olan məlumat yer alıb. Doğrudanmı AŞPA-da Nazirlər Komitəsində sədrliyin Ermənistana keçməsi ərəfəsində həmin ölkəyə rüsvayçı “təcavüzkar ölkə” damğası vuran sənəd qəbul edilib?
-Mən öz mövqeyimdə qalıram və fikirlərimdə israrlıyam. Mənim bu mövqeyimin obyektiv olduğunu təsdiq edən kifayət qədər təzkibolunmaz faktlar mövcuddur. Onu bildirməliyəm ki, Azərbaycan mətbuatında AzərTAc-a istinad edilərək AŞPA tərəfindən Ermənistanı “təcavüzkar ölkə” adlandıran sənədin qəbul edilməsi haqqında yayılan məlumat həqiqətə uyğun deyil, belə bir sənəd qəbul edilməyib.
Mənim iki səbəbdən təssüfümün hədi-hüdudu yoxdur. Birincisi, ona görə təssüf edirəm ki, bütün səylərimizə baxmayaraq AŞPA Avropanın bu quruma üzv olan dövlətlərinin təmsilçisi olan deputatların prosedur qaydalarına tam uyğun şəkildə hazırladığı və imzaladığı iki qətnamə təklifini müzakirələrə belə çıxarmaq istəmədi.
Təssüfümün ikinci səbəbi belə bir ciddi məsələdə Azərbaycan mətbuatında həqiqəti əks etdirməyən məlumatların yayılmasıdır. Belə məlumatlar Azərbaycan cəmiyyətini aldadır, həqiqəti saxtalaşırır. Hesab edirəm ki, ölkəmiz üçün taleyüklü məsələ ilə bağlı belə halların baş verməsi yolverilməzdir. Bu düşmənimiz olan təcavüzkar Ermənistana əlavə manevr imkanı verir, bizim siyasi mübarizəmizə ciddi şəkildə neqativ təsir göstərir, Avropa Şurasında Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən qüvvələrin bizi məqsədyönlü şəkildə ölkə ictimaiyyətini aldatmaq kimi ağır ittihamları ilə üzbəüz qoyur və bütövlükdə quruma qarşı münasibətdə qeyri-obyektiv davranış nümayiş etdirməkdə onlara bizi suçlamağa imkan verir. Odur ki, həqiqəti əks etdirməyən məlumatın mətbuatda yayımlanması təhlükəli hal kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, biz AŞPA-da dəfələrlə Dağlıq Qarabağ problemi ilə bağlı qeyri-adekvat münasibətin şahidi olmuşuq və mən bu barədə vaxtaşırı mətbuat vasitəsilə Azərbaycan ictimaiyyətinə məlumat verməşəm. Məhz bu səbəbdən bir müddət əvvəl növbəti dəfə mətbuatda çıxış edərək insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşdırılmış nüfuzlu beynəlxalq təşkilat hesab edilən Avropa Şurasının həqiqətdə təcavüzkar Ermənistanın açıq-aşkar müdafiəçisi olduğunu ictimaiyyətin diqqətinə çatdırdım. Həmin məlumat tək Azərbaycan mətbuatında deyil, eyni zamanda beynəlxalq mediada da geniş işıqlandırıldı. Belə ki, mənim mövqeyimi əks etdirən material cari ilin 28 iyununda Azərbaycanın 9 saytında yerləşdirildiyi halda, ölkəmizdən kənarda 360-dan artıq nüfuzlu beynəlxalq medianın rəsmi saytında çap edildi.
-Yuxarıda qeyd etdiniz ki, AŞPA iki qətnamə təklifini müzakirələrə çıxarmaqdan imtina etdi. Bu qətnamə təklifləri haqqında məlumat verməyinizi xahiş edirik.
-Maraqlı sualdır. Mənim təklifimlə verilən birinci qətnamə təklifi Ermənistanda keçirilən prezident seçkilərinə beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın seçkiləri müşahidə missiyalarının verdiyi qiymətlə bağlı idi. Bu qətnamə təklifi AŞPA-nın 24 üzvü tərəfindən imzalanmışdı. Sənəddə Dağlıq Qarabağ və onun 7 ətraf rayonunun Ermənistan tərəfindən qanunsuz işğalına göz yuman beynəlxalq ictimaiyyət tənqid edilirdi. Bundan əlavə qətnamə təklifində digər dövlətin işğal olunmasının beynəlxalq seçki müşahidə missiyalarına və demokratiya və insan hüquqlarının qiymətləndirilməsi ilə bağlı digər rəsmi tədbirlərə ev sahibliyi etmək üçün ilkin şərt olub-olmamasını müəyyənləşdirmək məqsədilə açıq müzakirə aparmağa çağırış edilirdi. Lakin yaz sessiyası zamanı Assambleya tərəfindən bu qətnamə təklifinə veto qoyuldu.
AŞPA-nın bu ədalətsizliyindən sonra İkinci qətnamə təklifi 9 may 2013-cü ildə AŞPA-nın Avropa İttifaqı daxilindəki 8 müxtəlif ölkəsindən – Belçika, Polşa, Finlandiya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, İrlandiya və Bolqarıstandan olan 31 üzvü tərəfindən irəli sürüldü. Bu təklif Avropa Şurasının Nazirlər Komitəsinə 1 iyul 2013-cü ildən başlayan sədrlik dövründə Ermənistanın mövqeyi ilə bağlı Avropa İttifaqı deputatlarının narahatlığını ifadə edir və Ermənistanın təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq məqsədilə təcili addımlar atmağı xahiş edirdi. Qətnamə təklifində qeyd edilirdi ki, Ermənistan silahlı təcavüzə görə beynəlxalq ictimaiyyətin bir sıra qətnamələrində və Avropa Şurası tərəfindən də açıq-aydın dəfələrlə pislənilən təcavüzkar dövlət kimi göstərilmişdir. Odur ki, Ermənistanın təcavüzkar dövlət olması və bu məsələyə münasibəti AŞPA-nın əsas prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Qətnamə təklifində eyni zamanda Nazirlər Komitəsinə qarşıdakı sədrliyi dövründə Ermənistanın mövqeyinin ciddi nəzərdən keçirilməsi və öz təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq istiqamətində dərhal addımlar atacağını təmin etmək məqsədilə Ermənistan hakimiyyətinə istənilən təzyiqin göstərilməsi vacib hesab edilirdi. Əfsuslar olsun ki, bu qətnamə təklifi ilə bağlı da “heç bir addım atmamağa” qərar verildi və bu təklif də veto ilə nəticələndi.
-AŞPA-nın faktiki olaraq təcavüzkar Ermənistanı öz himayəsi altına aldığı bir şəraitdə nə etməliyik?
-Bəli, AŞPA digər beynəlxalq təşkilatlar kimi təcavüzkar Ermənistanı, bir tərəfdən, öz himayəsi altına alıb, onun müdafiəçisi kimi çıxış edir. Bu qurum, digər tərəfdən, müxtəlif bəhanələrlə Azərbaycan hakimiyyətinə qarşı təzyiqlər göstərməyə çalışır. Burada bir məqsəd var: Azərbaycanın başı qarışsın, Azərbaycan AŞPA ilə mövcud olan uydurma problemlərin həlli ilə məşğul olsun, Dağlıq Qarabağ problemi, torpaqların işğaldan azad edilməsi, məcburi köçkünlərin öz evlərin qayıtmaq haquqlarının təmin edilməsi kimi ən vacib məsələlər yaddan çıxsın. Mən bu barədə dəfələrlə mətbuatda geniş şərhlər vermişəm, yuxarıda qeyd etdiyimiz məlumatda da mənim bu nəticəyə gəlməyim ciddi şəkildə əsaslandırılıb. Odur ki, bu məsələnin üstündə yenidən geniş dayanmaq istəmirəm.
Belə olan halda nə etməli olduğumuzu soruşursunuz. Bilirsinizmi, istənilən qələbə ardıcıl və davamlı mübarizə nəticəsində əldə edilir. Odur ki, biz mübariz olmalıyıq, əsl vətənpərvər olmalıyıq, istənilən maneələrə, qeyri-obyektivliklərə, qərəzli mövqelərə baxmayaraq, legitim yolla məqsədlərimizə nail olmağa çalışmalıyıq və nail olmalıyıq. Heç bir halda mübarizəni yarımçıq qoymamalıyıq, düşmənə onun gözləmədiyi istiqamətdən qanuni yolla zərbələr vurmalıyıq və, nəhayət, mübarizəmizi məntiqi sonluğa çatdırmalıyıq.
Bu prinsipdən çıxış edərək, mənim təşəbbüsümlə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşən Sərsəng su anbarındakı vəziyyətə və onun bölgədə törədə biləcəyi humanitar fəlakətin qarşısının alınmasına dair bu ilin iyun sessiyasında, daha dəqiqi 25 iyunda 18 ölkədən 45 deputat tərəfindən qətnamə təklifi irəli sürülüb. İnanmaq istəyirəm ki, AŞPA-da bu təklifi ciddi nəzərdən keçirəcəklər və sentyabr ayında büro iclasdında bu təklif veto ilə üzləşməyəcək.
Sonda bir daha vurğulamaq istəyirəm ki, biz təcavüzkar dövlət olan Ermənistana qarşı effektiv sanksiyaların tətbiqi uğrunda mübarizəmizi davam etdirəcəyik və beynəlxalq ictimaiyyət üçün aydın olmalıdır ki, Azərbaycan ərazilər işğaldan azad edilənədək öz mübarizəsini davam etdirəcək. Biz bu ədalətli və düzgün mövqeyimizdən geri çəkilməyəcəyik.