Həqiqətə uyğun olmayan məlumatların yayılması ictimaiyyəti çaşdırır

Bu günlərdə Azərbaycan mətbuatında AzərTAc informasiya Agentliyinə istinad edilməklə “Avropa Şurası Nazirlər Komitəsində sədrliyin Ermənistana keçməsi ərəfəsində  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmin ölkəyə rüsvayçı “təcavüzkar ölkə” damğası vuran sənəd qəbul etməsi” barədə məlumat yayılıb. Bununla əlaqədar bildirmək istəyirəm ki, yayılan məlumat həqiqətə uyğun deyil və AŞ PA-da belə bir sənəd qəbul edilməyib.

Azərbaycan mətbuatında belə bir ciddi məsələ ilə bağlı həqiqəti əks etdirməyən məlumatların yayılması Azərbaycan ictimaiyyətini aldadır və həqiqəti saxtalaşdırır. Hesab edirəm ki, ölkəmiz üçün taleyüklü məsələ ilə bağlı belə halların baş verməsi yolverilməzdir. Bu, düşmənimiz olan təcavüzkar Ermənistana əlavə manevr imkanı verir, bizim siyasi mübarizəmizə ciddi şəkildə neqativ təsir göstərir, Avropa Şurasında Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən qüvvələrin bizi məqsədyönlü şəkildə ölkə ictimaiyyətini aldatmaq kimi ağır ittihamları ilə üzbəüz qoyur və bütövlükdə quruma qarşı münasibətdə qeyri-obyektiv davranış nümayiş etdirməkdə onlara bizi suçlamağa imkan verir. Odur ki, həqiqəti əks etdirməyən məlumatın mətbuatda yayımlanması təhlükəli hal kimi qiymətləndirilməlidir.

Əslində həqiqət budur ki, bizim bütün səylərimizə baxmayaraq AŞ PA Avropanın bu quruma üzv olan dövlətlərin təmsilçisi olan deputatlarının prosedur qaydalarına tam uyğun şəkildə hazırladığı və imzaladığı iki qətnamə təklifini müzakirələrə belə çıxarmaq istəməyib.

Biz AŞPA-da dəfələrlə Dağlıq Qarabağ problemi ilə bağlı qeyri-adekvat münasibətin şahidi olmuşuq və mən bu barədə vaxtaşırı mətbuat vasitəsilə Azərbaycan ictimaiyyətinə məlumat vermişəm. Elə bu məsələ ilə əlaqədar bir müddət əvvəl növbəti dəfə mətbuatda çıxış edərək insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilat hesab edilən Avropa Şurasının həqiqətdə təcavüzkar Ermənistanın açıq-aşkar müdafiəçisi olduğunu ictimaiyyətin diqqətinə çatdırmışam. Həmin məlumat tək Azərbaycan mətbuatında deyil, eyni zamanda beynəlxalq mediada geniş işıqlandırılmışdır. Belə ki, mənim mövqeyimi əks etdirən material cari ilin 28 iyununda  Azərbaycanın 9 saytında dərc olunmaqla yanaşı, ölkəmizdən kənarda 360-dan artıq nüfuzlu beynəlxalq media qurumlarının internet saytlarında işıq üzü görmüşdür.

AŞ PA-da təqdim etdiyimiz birinci qətnamə təklifi Ermənistanda keçirilən prezident seçkilərinə beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın seçkiləri müşahidə missiyalarının verdiyi qiymətlə bağlı olub. Bu qətnamə təklifi AŞPA-nın 24 üzvü tərəfindən imzalanmışdı. Sənəddə Dağlıq Qarabağ və onun 7 ətraf rayonunun Ermənistan tərəfindən qanunsuz işğalına göz yuman beynəlxalq ictimaiyyət tənqid edilirdi. Bundan əlavə qətnamə təklifində digər dövlətin işğal olunmasının beynəlxalq seçki müşahidə missiyalarına, eləcə də demokratiya və insan hüquqlarının qiymətləndirilməsi ilə bağlı digər rəsmi tədbirlərə ev sahibliyi etmək üçün ilkin şərt olub-olmamasını müəyyənləşdirmək məqsədilə açıq müzakirə aparmağa çağırış edilirdi. Lakin yaz sessiyası zamanı Assambleya tərəfindən bu qətnamə təklifinə veto qoyuldu.

AŞPA-nın bu ədalətsizliyindən sonra ikinci qətnamə təklifi 9 may 2013-cü ildə AŞPA-nın Avropa İttifaqı daxilindəki 8 müxtəlif ölkəsindən – Belçika, Polşa, Finlandiya, Birləşmiş Krallıq, İtaliya, İspaniya, İrlandiya və Bolqarıstandan olan 31 üzvü tərəfindən irəli sürülüb. Bu təklif Avropa Şurasının Nazirlər Komitəsinə 1 iyul 2013-cü ildən başlayan sədrlik dövründə Ermənistanın mövqeyi ilə bağlı Avropa İttifaqı deputatlarının narahatlığını ifadə edir və Ermənistanın təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq məqsədilə təcili addımlar atmağı xahiş edirdi. Qətnamə təklifində qeyd edilirdi ki, Ermənistan silahlı təcavüzə görə beynəlxalq ictimaiyyətin bir sıra qətnamələrində və Avropa Şurası tərəfindən də açıq-aydın dəfələrlə pislənilən təcavüzkar dövlət kimi göstərilmişdir. Odur ki, Ermənistanın təcavüzkar dövlət olması və bu məsələyə münasibəti AŞPA-nın əsas prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Qətnamə təklifində eyni zamanda Nazirlər Komitəsinə qarşıdakı sədrliyi dövründə Ermənistanın mövqeyinin ciddi nəzərdən keçirilməsi və öz təcavüzkar dövlət mövqeyini aradan qaldırmaq istiqamətində dərhal addımlar atacağını təmin etmək məqsədilə Ermənistan hakimiyyətinə istənilən təzyiqin göstərilməsi vacib hesab edilirdi. Əfsuslar olsun ki, AŞPA-da  bu qətnamə təklifi ilə bağlı da “heç bir addım atmamağa” qərar verildi və bu təklif də veto ilə nəticələndi.

Bu da birmənalı olaraq onu deməyə əsas verir ki, AŞPA təcavüzkar Ermənistanı öz himayəsi altına alıb və onun müdafiəçisi kimi çıxış edir. Bu qurum, digər tərəfdən, müxtəlif  bəhanələrlə Azərbaycan hakimiyyətinə qarşı təzyiqlər göstərməyə çalışır. Burada bir məqsəd var: Azərbaycanın başı qarışsın, Azərbaycan AŞPA ilə mövcud olan uydurma problemlərin həlli ilə məşğul olsun, Dağlıq Qarabağ problemi, torpaqların işğaldan azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtmaq haquqlarının təmin edilməsi kimi ən vacib məsələlər yaddan çıxsın. Mən bu barədə dəfələrlə mətbuatda geniş şərhlər vermişəm, yuxarıda qeyd etdiyim məlumatda da mənim bu nəticəyə gəlməyim ciddi şəkildə əsaslandırılıb.

Lakin bütün bunlara baxmayaraq, hesab edirəm ki, biz mübariz olmalıyıq, əsl vətənpərvər olmalıyıq, istənilən maneələrə, qeyri-obyektivliklərə, qərəzli mövqelərə baxmayaraq, legitim yolla məqsədlərimizə nail olmağa çalışmalıyıq və buna nail olmalıyıq. Heç bir halda mübarizəni yarımçıq qoymamalıyıq, düşmənə onun gözləmədiyi istiqamətdən qanuni yolla zərbələr vurmalıyıq və, nəhayət, mübarizəmizi məntiqi sonluğa çatdırmalıyıq.

Bu prinsipdən çıxış edərək, mənim təşəbbüsümlə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yerləşən Sərsəng su anbarındakı vəziyyətə və onun bölgədə törədə biləcəyi humanitar fəlakətin qarşısının alınmasına dair bu ilin iyun sessiyasında, daha dəqiqi 25 iyunda 18 ölkədən 45 deputat tərəfindən qətnamə təklifi irəli sürülüb. İnanmaq istəyirəm ki, AŞPA-da bu təklifi ciddi nəzərdən keçirəcəklər və sentyabr ayında büro iclasdında bu təklif veto ilə üzləşməyəcək.

Sonda bir daha vurğulamaq istəyirəm ki, biz təcavüzkar dövlət olan Ermənistana qarşı effektiv sanksiyaların tətbiqi uğrunda mübarizəmizi davam etdirəcəyik və beynəlxalq ictimaiyyət üçün aydın olmalıdır ki, Azərbaycan işğal altında olan əraziləri işğaldan azad edilənədək öz mübarizəsini davam etdirəcək. Biz bu ədalətli və düzgün mövqeyimizdən geri çəkilməyəcəyik.

Elxan Süleymanov 

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü,

Şamaxının millət vəkili

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları