Finlandiyanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ATƏT-in Minsk Qrupu formatı ilə məhdudlaşdırmaq olmaz” – 11.01.2012

  Finlandiya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Azərbaycandan dəstək istəyib

Bakı. Viktoriya Dementyeva-APA. “Finlandiya Dağlıq Qarabağ münaqişəsinin ciddiliyini anlayır, bu münaqişənin həll olunmaması bütün regiona təsir göstərir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri İlkka Kanerva deyib.

Fin deputat bildirib ki, beynəlxalq birlik bu münaqişənin nə qədər ciddi olduğunu anlamır, buna görə də beynəlxalq ictimaiyyəti bu istiqamətdə aktiv şəkildə məlumatlandırmaq lazımdır: “Eyni zamanda beynəlxalq birlik bu münaqişənin nizamlanmasına öz töhfəsini verə bilər, çünki ATƏT-in Minsk Qrupunun bu istiqamətdə səyləri nəticə verməyib. Bu problemin həllini Minsk Qrupu formatı ilə məhdudlaşdırmaq olmaz, beynəlxalq birlik münaqişənin nizamlanmasına daha geniş cəlb olunmalı, münaqişə haqqında daha ətraflı təsəvvürə malik olmalıdır”.

İlkka Kanerva qeyd edib ki, münaqişənin həlli yalnız sülh danışıqları yolu ilə mümkündür. O sülh prosesinə dəstək vermək üçün başqa platformalardan da istifadə olunmasını istisna etməyib: “Münaqişə 20 ildir mövcuddur və onu həll etmək mümkün olmayıb. Kommunikasiya üçün digər platformalardan istifadə etmək danışıqlar prosesini dəstəkləyə və problemin həllinə kömək edə bilər”.

Finlandiya nümayəndə heyəti rəhbəri səfərin təşkilinə görə Milli Məclisin deputatı Elxan Süleymanova təşəkkürünü bildirib. O Bakıda keçirdiyi görüşlərdə Azərbaycanla Finlandiya arasında parlamentlərarası əlaqələrin inkişafı məsələlərinin, beynəlxalq problemlərin müzakirə olunduğunu vurğulayıb: “Biz Azərbaycandan payızda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Finlandiyanın namizədliyini dəstəkləməyi xahiş etmişik”. İki ölkənin parlamentlərinin ikitərəfli formatda və beynəlxalq institutlarda aktiv əməkdaşlığını davam etdirməyə tərəfdar olduğunu bildirən İlkka Kanerva ölkəsinin Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Finlandiya nümayəndə heyəti Ağdamda məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə baş çəkəcək: “Bu səfər bizim xahişimizlə təşkil olunub, biz vəziyyəti yerində görüb dəyərləndirmək istəyirik. Məcburi köçkünlər problemi Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı nəticələrindən biridir”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları