Finlandiya parlamentinin deputatları Milli Məclisdə olmuşlar
Yanvarın 9-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Finlandiya parlamentinin nümayəndə heyəti ilə görüşdü. Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu bildirən Ziyafət Əsgərov qeyd etdi ki, Azərbaycan Finlandiya ilə dövlətlərarası və parlamentlərarası əlaqələrin daha da intensivləşməsinə önəm verir. Əmin olmaq istərdik ki, yeni ildə əlaqələrimiz daha da güclənəcək. Əlaqələrin inkişafı üçün belə səfərlərin böyük əhəmiyyəti var.Söhbət zamanı Azərbaycanın demokratik dəyərlərə böyük önəm verdiyini qeyd edən Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti, rəhbərlik etdiyi komitənin işi, ölkəmizdə həyata keçirilən islahatlar, vətəndaş cəmiyyətinin inkişafı barədə qonaqlara ətraflı məlumat verdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı söhbət açan Ziyafət Əsgərov diqqətə çatdırdı ki, Azərbaycanın 20 faiz torpağı hələ də işğal altındadır. Bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan isə problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara etinasız yanaşır, BMT-nin, Avropa İttifaqının, Avropa Şurasının qəbul etdiyi bütün qətnamə və qərarlara məhəl qoymur. Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək iqtidarında olsa da, məsələnin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun şəkildə, ədalətli həllinə tərəfdardır.
Finlandiya parlamentinin deputatı İlkka Kanerva səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirdi. Azərbaycana ilk dəfə 2008-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri kimi səfər etdiyini deyən qonaq ölkəmizin inkişafından məmnun qaldığını dedi.
İlkka Kanerva qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda çox güclü geostrateji mövqeyə malikdir. Finlandiyanın Dağlıq Qarabağ probleminin ədalətli həllinə tərəfdar olduğunu deyən qonaq səfər müddətində qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərciklərə getmək arzusunda olduqlarını bildirdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.
“Azərbaycan”