F. de Donnea: «Belçika Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqe tutur»
Brüsseldə səfərdə olan Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Belçika dövlət naziri, kralın məsləhətçisi, parlamentin deputatı Franko Xavyer de Donnea ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov F. de Donneaya Dağlıq Qarabağ münaqişəsi braədə məlumat verib. E. Süleymanov Avropanın bu münaqişə ilə bağlı beynəlxalq hüququn normalarına əsaslanaraq öz mövqeyini dəqiq bildirməli olduğunu bəyan edib.
İşçi qrupunun üzvü deputat Zahid Oruc Azərbaycanın Dağlıq Qarabağ məsələsində Avropadan səmimi yanaşma gözlədiyini bildirib.
F. de Donnea öz növbəsində Azərbaycanın bölgənin vacib ölkəsi olduğunu bildirib: «Belçika Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasında maraqlıdır».
F. de Donnea ATƏT-in Minsk qrupunun bu münaqişənin həlli üzrə səylərini davam etdirməli olduqlarını bəyan edib. «Belçika bu məsələdə neytral mövqe tutur. Biz ATƏT-in Minsk qrupunun münaqişənin həll olunması üzrə səylərini dəstəkləyirik».
Görüşün sonunda E. Süleymanov Franko Xavyer de Donneanı Azərbaycana səfərə dəvət edib və ona içərisində Bakı etüdləri olan kitab bağışlayıb.