EURONEST Parlament Assambleyasının təsis olunması barədə akt imzalanıb
Bakı. Viktoriya Dementyeva-APA. Brüsseldə EURONEST Parlament Assambleyasının ilk iclasının əsas hissəsi başa çatıb. APA-nın məlumatına görə, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin çıxışından sonra bu strukturun təsis olunması barədə akt imzalanıb. Daha sonra Avropa İttifaqı, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan parlamentarlar təşkilatın fəaliyyətinə dair prosedur mexanizmini səsvermə ilə qəbul ediblər.
Avropa Parlamentinin prezidenti bildirib ki, prosedura əsasən, EURONEST-də qərarlar parlamentarların 2/3 səs çoxluğu ilə qəbul olunacaq. Daha sonra EURONEST-in həmsədrləri elan olunub. Hər ölkənin bir təmsilçisi, Avropa Parlamentindən isə bolqar deputat Kristian Viqenin EURONEST-in həmsədrləri seçiliblər. Azərbaycandan deputat Elxan Süleymanov həmsədr olub.
Parlamentarlar bundan sonra EURONEST komitə və işçi qruplarının yaradılması məsələsini müzakirə edəcəklər.
Xatırladaq ki, iclasda Azərbaycanın Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Heyətin tərkibinə Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli, deputatlar Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə daxildir.