İtaliyanın nüfuzlu QHT-sinin konfransında Azərbaycanla həmrəylik
20 aprel 2012-ci il
İtaliya və Avropa Dağlıq Qarabağ regionunda Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı ilə bağlı sülh və ədalətə nail olmaqda Azərbaycana kömək etmək üçün addımlar atmalıdır və Avropa hələ də həll edilməmiş və yaxınlığındakı digər “unudulmuş müharibələr”ə son qoymaq üçün səfərbər olmalıdır.
Çərşənbə axşamı Romada İtaliya Parlamentində keçirilmiş və “Farefuturo Fondazione” fondunun rüblük xarici məsələlər jurnalı olan “Charta Minuta”nın son buraxılışına həsr edilmiş konfrans zamanı bu nəticəyə gəlinmişdir. Tədbirdə iştirak etmiş, AVCİYA-nın vitse-prezidenti, Vəli Əlibəyovun qhtxeber.az-a verdiyi məlumata əsasən, “Avropa və İtaliyanın nüfuzlu QHT-lərindən biri olan “Farefuturo” AVCİYA-nın tərəfdaşıdır. Bu ilin əvvəllərində Bakıya səfər etmiş “Farefuturo”-nun prezidenti, İtaliya parlamentinin üzvü cənab Adolfo Urso ilə aparılan danışıqlar nəticəsində qarşılıqlı maraqlar müəyyənləşmiş, bu da iki təşkilat arasında əməkdaşlığa zəmin yaratmışdır. İtaliya parlamentində təşkil olunmuş bu tədbir əməkdaşılıqdan doğan ilk tədbirimiz oldu. Tədbirdə 75-ə yaxın italiyalı deputat, elmi işçilər, işgüzar şəxslər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirdi.”
Fondun 236 səhifəlik buraxılışı “Unudulmuş müharibələr” adlanır və Avropada həll edilməmiş müharibələrə həsr edilib. Buraxılış Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına, Xocalıda törədilmiş soyqırıma geniş yer ayırır.
Konfransda Parlamentin sağ-mərkəz yönümlü üzvü və siyasət, iqtisadiyyat və vətəndaş cəmiyyəti məsələlərini öyrənən “Farefuturo” (“Gələcəyi Qur”) fondunun prezidenti cənab Adolfo Urso, Xarici Məsələlər üzrə keçmiş Dövlət Katibi və keçmiş Baş Nazir mərhum Bettino Kraksinin qızı, sosialist deputat, Stefania Kraksi, Parlamentin üzvü və sağ-mərkəz yönümlü FLİ Partiyasının Deputatlar Palatasının sədri Benedetto Delle Vedova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının xarici əlaqələr departamentinin rəhbəri Fuad Süleymanov çıxış etmişlər.
“Azərbaycan 20 ildir ki, müstəqildir, lakin hələ də torpaqlarının 20%-i Xocalı qırğını kimi kütləvi qırğında günahkar olan Ermənistanın işğalı altındadır”, – deyə xanım Kraksi bildirmişdir. O əlavə etmişdir ki, “təəssüf ki, beynəlxalq təşkilatların bir sıra ittihamları və Minsk Qrupunun işi hələ də bir nəticə verməmişdir. İndi Avropa İttifaqının hərəkətə keçməsinin vaxtıdır. ”
Cənab Urso Fransada prezident seçkiləri kampaniyasına toxunaraq güclü erməni icmasının nəticələrə təsiri məsələsinə münasibətini bildirib və Fransanın Minsk Qrupundakı səmərəsiz fəaliyyətini tənqid etmişdir. İtaliyalı siyasətçi demişdir ki, “Fransanın daxili siyasətinin xarakterini başa düşmək olar, lakin biz Avropanın bu müzakirədə bu dərəcədə iştirak etməməsini başa düşə bilmərik.” Çıxışının sonunda cənab Urso bildirmişdir ki, “Birləşmiş Millətlər Təşkilatı və digərlərinin qeyd etdiyi kimi, Dağlıq Qarabağda Azərbaycanın qurban olduğuna şübhə yoxdur.” O, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməyə çağıran çoxsaylı BMT qətnamələrinə əməl etməməsini “təəssüfləndirici hal” adlandırmışdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının əməkdaşı Fuad Süleymanov “Azərbaycan yalnız sülh və ədalət istəyir” fikrini təsdiqləmişdir. Fuad Süleymanov çıxışında 613 nəfərin xüsusi qəddarlıqla öldürüldüyü Xocalı qırğınını yada salmışdır.
Parlament üzvü və Deputatlar Palatasında İtaliya üçün Gələcək və Azadlıq təşkilatının (FLİ) rəhbəri Benedetto Della Vedova öz çıxışında Avropanın öz sərhədlərində geniş və dinc iqtisadi məkan yaratmağa töhfə vermək və inkişafı artırmaq məqsədilə ticarət və investisiyanı daha da artırmaq istiqamətində birlikdə fəaliyyət göstərməli olduğunu bildirmişdir.
Konfransda 1992-1993-cü illərdə nəzarətdən çıxmış Sovet qoşunlarının dəstəyi ilə Ermənistanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla, Azərbaycanın iyirmi faiz ərazisini işğal etməsi, o vaxtdan etibarən Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində uğursuz danışıqlar qeyd edilmişdir.
Konfransda həmçinin Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini yerinə yetirməməməsi məsələsinə də toxunulmuş, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə Azərbaycan əhalisinə qarşı etnik təmizləmədən istifadəni pisləyən 1416 saylı Qətnamə qəbul etdiyi qeyd edilmişdir.
Bütün çıxışçılar Azərbaycanın etibarlı müttəfiq, ticarət tərəfdaşı, və Avropanın enerji təhlükəsizliyinin təminatında real əhəmiyyətinə görə, eyni zamanda, əxlaqi nöqteyi nəzərdən Dağlıq Qarabaq məsələsinin İtaliya və Avropa üçün təcili həll edilməli məsələ olması ilə razılaşmışlar.
/qhtxeber.az/