İtaliyada çıxan “Charta Minuta” jurnalında Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına geniş yer verən materiallar dərc olunub

20 aprel 2012-ci il

İtaliya parlamentində “Farefuturo Fondazione” fondunun rüblük xarici məsələlər jurnalı olan “Charta Minuta”nın son buraxılışına həsr edilmiş konfrans keçirilib. Fondun 236 səhifəlik buraxılışı “Unudulmuş müharibələr” adlanır və Avropada həll edilməmiş müharibələrə həsr edilib. Buraxılış Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına, Xocalıda törədilmiş soyqırıma geniş yer ayırıb. Bu barədə APA-ya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) bildirilib. Tədbirdə iştirak edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyovun verdiyi məlumata əsasən, “Avropa və İtaliyanın nüfuzlu QHT-lərindən biri olan “Farefuturo” AVCİYA-nın tərəfdaşıdır. Bu ilin əvvəllərində Bakıya səfər etmiş “Farefuturo”nun prezidenti, İtaliya parlamentinin üzvü Adolfo Urso ilə aparılan danışıqlar nəticəsində iki təşkilat arasında əməkdaşlığa zəmin yaranıb. İtaliya parlamentində təşkil olunmuş tədbirdə 75-ə yaxın deputat, elmi işçilər, işgüzar şəxslər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

Dərgidə beynəlxalq münasibətlər və beynəlxalq hüquq məsələlərini işıqlandıran amerikan yazarı Kristofer Bodenin “Ermənistanın Azərbaycana təcavüzü və Xocalı Soyqırımı” məqaləsi, BMT-nın münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə dair Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin şərhi, AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov və iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” adlı kitabından 5 bölmə yer alıb. Kitabda ilk dəfə olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, silahlı təcavüzünün, Dağliq Qarabağ bölgəsinin və ətraf rayonların işğalının nəticəsində Azərbaycana vurulmuş maddi zərərin ümumi miqdarı elmi metodoloji əsaslarla hesablanıb və vurulmuş zərərə görə Azərbaycanın təzminat alma hüququ əsaslandırılıb. Hesablamalara əsasən, işğal nəticəsində Azərbaycana vurulmuş maddi ziyanın həcmi 2011-ci ilin əvvələrinə 431,592 milyard ABŞ dollarından artıq təşkil edir və işğal aradan qaldırılmayanadək ilbəil artır.

Konfransda Parlamentin sağ-mərkəz yönümlü üzvü və siyasət, iqtisadiyyat və vətəndaş cəmiyyəti məsələlərini öyrənən “Farefuturo” fondunun prezidenti Adolfo Urso, sosialist deputat Stefania Kraksi, Parlamentin üzvü və sağ-mərkəz yönümlü FLİ Partiyasının Deputatlar Palatasının sədri Benedetto Delle Vedova, AVCİYA-nın xarici əlaqələr departamentinin rəhbəri Fuad Süleymanov çıxış edib. Tədbirdə çıxış edən S. Kraksi Azərbaycanın 20 ildir müstəqil olmasına baxmayaraq hələ də torpaqlarının 20 faizinin Xocalı qırğını kimi kütləvi qırğında günahkar olan Ermənistanın işğalı altında olduğunu deyib: “Təəssüf ki, beynəlxalq təşkilatların bir sıra ittihamları və Minsk Qrupunun işi hələ də bir nəticə verməyib. İndi Avropa İttifaqının hərəkətə keçməsinin vaxtıdır”.

A. Urso isə Fransanın Minsk Qrupundakı səmərəsiz fəaliyyətini tənqid edib: “Fransanın daxili siyasətinin xarakterini başa düşmək olar, lakin biz Avropanın bu müzakirədə bu dərəcədə iştirak etməməsini başa düşə bilmərik. BMT və digərlərinin qeyd etdiyi kimi, Dağlıq Qarabağda Azərbaycanın qurban olduğuna şübhə yoxdur”. O, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməyə çağıran çoxsaylı BMT qətnamələrinə əməl etməməsini “təəssüfləndirici hal” adlandırıb. İtaliya parlamentinin üzvü B. Vedova öz çıxışında Avropanın öz sərhədlərində geniş və dinc iqtisadi məkan yaratmağa töhfə vermək və inkişafı artırmaq məqsədilə ticarət və investisiyanı daha da artırmaq istiqamətində birlikdə fəaliyyət göstərməli olduğunu bildirib.

Konfrans iştirakçıları qeyd ediblər ki, İtaliya və Avropa Dağlıq Qarabağ regionunda Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı ilə bağlı sülh və ədalətə nail olmaqda Azərbaycana kömək etmək üçün addımlar atmalı və hələ də həll edilməmiş “unudulmuş müharibələr”ə son qoymaq üçün səfərbər olmalıdır.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları