İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin keçirilməsi planlaşdırılır
27 aprel 2012-ci il
İyun ayında İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrin keçirilməsi planlaşdırılır.
Bu barədə APA-ya Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.
E. Süleymanov bildirib ki, analoji tədbirin sentyabr ayında İtaliya parlamentində də keçirilməsi nəzərdə tutulur: “Artıq Belçika parlamentində belə bir dənləmə keçirilib. Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı qətnamə mətni Belçika parlamentinə təqdim olunub. Hesab edirik ki, payız aylarında Belçika parlamentində bu sənəd qəbul ediləcək”.
Millət vəkili “Ermənistanın Azərbaycana silahlı təcavüzü” adlı kitabın hazırlandığını və onun müxtəlif dillərə tərcümə olunaraq xarici ölkələrin parlamentlərində və kitabxanalarında yayılması istiqamətində iş aparıldığını da açıqlayıb. Deputatın sözlərinə görə, kitabda işğal altındakı rayonların icra hakimiyyətlərindən və müvafiq dövlət qurumlarından toplanmış məlumatlar əsasında aparılan araşdırmalar yer alıb. Aparılmış araşdırmalara görə, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın məbləği 431 milyard dollardır. Hazırda kitab ingilis dilinə tərcümə olunur və ap edildikdən sonra ABŞ Konqresinin üzvlərinə və bu ölkədəki böyük kitabxanalara təqdim olunacaq