Ermənilərlə bağlı Avropa Parlamentinin sədrinə müraciət olunub
Ermənistanlı həmkarlarımızı bu kədərli epizodun AVRONEST PA çərçivəsində indiyə qədər gördüyümüz işlərimizi təhlükəyə atmasına icazə verməməyə çağırırıq
AVRONEST PA-nın vitse-prezidenti Elxan Süleymanov Avropa Parlamentinin sədri Martin Şultsa Ermənistan nümayəndə heyətinin uydurma fikirlərinə görə müraciət edib. Bu haqda qəzetimizə məlumat verən E.Süleymanov müraciətində AVRONEST PA sessiyası dövründə Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi tədbirlər həyata keçirdiklərini xatırladıb: “Belə ki, Ermənistan nümayəndə heyətinin rəhbəri cənab Vaan Hovannisyan etiraf etmişdir ki, “onlar Azərbaycan deputatları, təhlükəsizlik xidmətinin işçiləri və ətraflarında olanlar tərəfindən heç bir aqressiyanın şahidi olmamışdırlar”. Beləliklə, sessiya müddətində biz bütün qonaqlarımızın təhlükəsizliyi və rifahının qeydinə qalaraq, Ermənistan nümayəndə heyətinin üzvləri də daxil olmaqla bütün qonaqlarla bərabər davranan ev sahibi olmağa çalışdıq və hesab edirəm ki, buna nail ola bildik”.
O, Ermənistan nümayəndə heyətinin İrəvanda keçirdikləri mətbuat konfransında sessiyanın gedişatı ilə bağlı təhrifedici fikirlər söyləməsini təəssüf hissi ilə bildirib. Qeyd edilib ki, ermənilər sessiya zamanı əldə edilmiş uğurları şübhə altına almağa çalışıblar: “Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Hovannisyan Azərbaycanda “Ermənistan nümayəndə heyətinin KİV nümayəndələrindən və Avropa deputatlarından tamamilə təcrid edildiyini” və özünün “gizli inqilabi hiylələr”dən istifadə edərək bir KİV-ə geniş müsahibə verdiyini iddia edir. Bununla bağlı bildirmək istərdim ki, cənab Hovannesyanın müsahibəsi Azərbaycanın bütün nüfuzlu qəzetlərində çap olunub, aparıcı telekanalların “Xəbərlər” proqramında yayımlanıb. O, Azərbaycan vətəndaşlarının yüksək səviyyədə qonaqpərvərliyindən, erməni nümayəndə heyətinin üzvlərinə qarşı hər hansı düşmənçilik nümayiş etdirməmələrindən və loyal münasibət göstərmələrindən sui-istifadə etmiş, Dağlıq Qarabağı “özlərinin dağları” adlandıraraq, Azərbaycan vətəndaşlarının bu “dağlar uğrunda ölmək istəmədiyi” kimi təxribat xarakterli informasiya yayıb”.
Müraciətdə Hovannesyanın Prezident İlham Əliyevin plenar iclasdakı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söylədiyi fikirləri şübhə altına aldığı da vurğulanır: “Xatırlatdım ki, cənab Prezident öz nitqində bu münaqişə ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin, Avropa Parlamentinin, AŞPA-nın qətnamələrində öz təsdiqini tapmış faktları Assambleya üzvlərinin diqqətinə çatdırmış, 25-26 fevral 1992-ci il tarixdə Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətləri soyqırım cinayəti olduğunu, Xocalı soyqırımını “barbarlıq aktı və faşizmin təcəssümü” kimi dəyərləndirib. Odur ki, Ermənistanlı həmkarımızın Azərbaycan Respublikasının Prezidentinə qarşı “müharibəyə təhrik vasitəsilə siyasi dividendlər qazanması” kimi əsassız ittihamlar irəli sürməsi qətiyyən yolverilməzdir”.
Millət vəkili müraciətində AVRONEST PA Sosial məsələlər komitəsinin bu ilin fevral ayında Ermənistanda keçirilmiş iclası zamanı ermənilərin onlara qarşı etdiyi təxribati hərəkətləri, eyni zamanda, onların Bakıda antiazərbaycan təbliğatları aparmalarını yada salıb: “Biz təəccüblənirik və təəssüf edirik ki, erməni həmkarlarımız bizim səylərimizə aprelin 4-də prosedur məsələsi ilə cavab verdilər, Assambleyanın üzvləri və həmprezidentləri tərəfindən yekdilliklə həm siyasi, həm də texniki baxımdan yüksək qiymətləndirilən AVRONEST PA-nın Bakı sessiyasına ədalətsiz olaraq xələl gətirməyə çalışdılar. Eyni zamanda hesab edirik ki, AVRONEST PA-dakı bütün tərəfdaşlar və dostlar üçün olduğu kimi, bizim ölkəmizin də beynəlxalq hüquqda təsbit edilmiş hüquqlarımız və Avropa dəyərlərinə riayət etmək hüququmuz qorunmalı, onlara hörmətlə yanaşılmalıdır. Odur ki, biz ermənistanlı həmkarlarımızı bu kədərli epizodun AVRONEST PA çərçivəsində indiyə qədər gördüyümüz işlərimizi təhlükəyə atmasına icazə verməməyə çağırırıq”.
Xatırladaq ki, müraciətin sürəti AVRONEST PA-nın həmprezidentləri Kristian Vigeninə və Boris Tarasyuka, eləcə də AVRONEST PA-nın büro üzvlərinə də göndərilib.