Ermənilərin Bakıdakı davranışları ilə bağlı AVRONEST PA-ya şikayət edildi
9 aprel 2012-ci il
AVRONEST PA-nın vitse-prezidenti, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa, AVRONEST PA-nın həmprezidentləri Kristian Vigeninə, Boris Tarasyuka, AVRONEST PA-nın büro üzvlərinə müraciət ünvanlayıb.
Modern.az həmin müraciəti olduğu kimi tədim edir:
– Hörmətli Prezident, hörmətli həmprezidentlər, hörmətli büro üzvləri
AVRONEST PA-nın 2-4 aprel 2012-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilmiş ikinci sessiyasında iştirak edən Avropa Parlamentinin deputatlarına, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin milli parlamentlərinin nümayəndə heyətlərinin üzvlərinə məhsuldar və konstruktiv fəaliyyətlərinə görə bir daha minnətdarlığımı bildirirəm. Bu sessiyanın Azərbaycanda keçirilməsi Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasındakı dostluq və bərabərliyin göstəricisi idi və əminəm ki, bu, düzgün istiqamətdə atılmış addım idi.
Biz düşünürük ki, AVRONEST PA tərəfdaşlığının inkişaf etdirilməsində çətinliklərin meydana çıxa bilməsinə baxmayaraq, bu təşəbbüsün əsaslandığı başlıca dəyər və prinsiplərə sadiq qalmağın vacibliyi qeyd edilməlidir. Belə ki, bizim üçün söz və ifadə azadlığı birinci dərəcəlidir. Belə dəyərli qonaqları paytaxtımızda qəbul etmək bizim üçün nümayəndə heyətlərinə Azərbaycanın iqtisadi və sosial inkişafı haqqında məlumat vermək, çatdırmaq və təqdim etmək imkanı deməkdir.
Qeyd etmək vacibdir ki, biz heç bir halda AVRONEST Parlament Assambleyasının kompromisləri, məruzələri və qərarları ilə bağlı işlərimizdə həssas və problemli vəziyyət haqqında heç bir qeyd etməmişik və düşünürük ki, AVRONEST PA-nın səmərəli fəaliyyət göstərməsi istiqamətindəki səylərimiz müəyyən diqqətə layiqdir.
AVRONEST PA sessiyası dövründə Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi tədbirlər həyata keçirdik və sessiya zamanı onların təhlükəsizliyinin yüksək peşakarlıqla Azərbaycan tərəfindən tam təmin edilməsindən məmnun olduq. Belə ki, Ermənistan nümayəndə heyətinin rəhbəri cənab Vaan Hovannisyan etiraf etmişdir ki, “onlar Azərbaycan deputatları, təhlükəsizlik xidmətinin işçiləri və ətraflarında olanlar tərəfindən heç bir agressiyanın şahidi olmamışdırlar”. Beləliklə, sessiya müddətində biz bütün qonaqlarımızın təhlükəsizliyi və rifahının qeydinə qalaraq, Ermənistan nümayəndə heyətinin üzvləri də daxil olmaqla bütün qonaqlarla bərabər davranan ev sahibi olmağa çalışdıq və hesab edirəm ki, buna nail ola bildik.
Təəssüf hissi ilə bildirməliyəm ki, Ermənistan nümayəndə heyəti sessiya başa çatdıqdan sonra Yerevanda keçirdikləri mətbuat konfransında sessiyanın gedişatı ilə bağlı təhrif edici fikirlər söyləmişlər və sessiya zamanı əldə edilmiş uğurları şübhə altına almağa çalışmışlar. Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Hovannisyan Azərbaycanda “Ermənistan nümayəndə heyətinin KİV nümayəndələrindən və Avropa deputatlarından tamamilə təcrid edildiyini” və özünün “gizli inqilabi hiylələr”dən istifadə edərək bir KİV-ə geniş müsahibə verdiyini iddia edir. Bununla bağlı bildirmək istərdim ki, cənab Hovannesyanın müsahibəsi Azərbaycanın bütün nüfuzlu qəzetlərində çap olunmuş, aparıcı telekanalların “Xəbərlər” proqramında yayımlanmışdır.
O, Azərbaycan vətəndaşlarının yüksək səviyyədə qonaqpərvərliyindən, erməni nümayəndə heyətinin üzvlərinə qarşı hər hansı düşmənçilik nümayiş etdirməmələrindən və loyal münasibət göstərmələrindən sui istifadə etmiş, Dağlıq Qarabağı “özlərinin dağları” adlandıraraq, Azərbaycan vətəndaşlarının bu “dağlar uğrunda ölmək istəmədiyi” kimi təxribat xarakterli informasiya yaymışdır.
Ermənistan nümayəndə heyətinin rəhbəri bildirir ki, “bütün dövlət qurumları və agentliklərinin divarlarında Qarabağın da daxil edildiyi xəritələr asılmışdı. Beləliklə, hakimiyyət orqanları əhaliyə onların unutmaq istədiyi “Böyük Azərbaycan” fikrini xatırlatmağa çalışırlar”. Bununla bağlı vurğulamalıyam ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın dövlət müstəqilliyi keçmiş SSRİ-nin tərkibinə daxil olduğu sərhədlər çərçivəsində tanınmışdır. Odur ki, həm tarixi, həm də hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycan ərazisinin tərkib hissəsidir və bizim xəritələrimiz bütün beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT, NATO və AŞPA-nın divarlarında görə biləcəyiniz xəritələrlə tamamilə eynidir. Aydındır ki, ictimaiyyətə belə bəyanatlar vermək absurddur və bu, yalnız Ermənistanın ölkəmizə qarşı davam edən düşmənçiliyini və beynəlxalq təşkilatların fikrinə etinasızlığını sübut edir.
Ermənistan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin plenar iclasdakı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söylədiyi fikirləri şübhə altına almışdır. Xatırlatmaq istərdim ki, cənab Prezident öz nitqində bu münaqişə ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Parlamentinin, AŞPA-nın qətnamələrində öz təsdiqini tapmış faktları Assambleya üzvlərinin diqqətinə çatdırmış, 25-26 fevral 1992-ci il tarixdə Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətləri soyqırım cinayəti olduğunu, Xocalı soyqırımını “barbarlıq aktı və faşizmin təcəssümü” kimi dəyərləndirib. Odur ki, Ermənistanlı həmkarımızın Azərbaycan Respublikasının Prezidentinə qarşı “müharibəyə təhrik vasitəsilə siyasi dividendlər qazanması” kimi əsassız ittihamlar irəli sürməsi qətiyyən yolverilməzdir. Belə ki, Prezident İlham Əliyev dəfələrlə müxtəlif tribunalardan Azərbaycan Respublikasının özünümüdafiə hüququnun olmasına baxmayaraq, münaqişənin dinc yolla həllinə nail olunmasının və bu məqsədlə danışıqlar prosesinin davam etdirilməsinin vacib olduğunu bəyan edib.
Hörmətli Prezident, hörmətli Həmprezidentlər,
AVRONEST PA Sosial məsələlər komitəsinin bu ilin fevral ayında Ermənistanda keçirilmiş iclası zamanı ev sahibləri bizi əsas etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan çıxışçılar, tarixi faktları saxtalaşdıran xəritələr və şəkillərlə əhatə etdilər, Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda iclaslar keçirdilər. Lakin biz AVRONEST PA-nın fəaliyyətini təhlükəyə atmamaq, qurumun məqsədlərinə nail olmaq və bu istiqamətdə irəliləmək məqsədilə əməkdaşlığa üstünlük verdik, bu təxribat xarakterli əməllərə reaksiya vermədik.
Ermənistan nümayəndə heyətinin üzvləri AVRONEST PA-nın Bakı sessiyası zamanı yenə də Assambleya üzvləri arasında anti-Azərbaycan təbliğatları özündə əks etdirən üç kitab yaydılar. Azərbaycan tərəfi bu dəfə də AVRONEST PA-nın fəaliyyətinə kölgə salmamaq, ikinci sessiyanın uğurla başa çatmasına nail olmaq məqsədilə bu təxribatlara reaksiya vermədi, AVRONEST PA-nın məqsədlərinə nail olmaq üçün əməkdaşlığa üstünlük verdi.
Cənab Prezident, hörmətli Həmprezidentlər,
Biz təəccüblənirik və təssüf edirik ki, erməni həmkarlarımız bizim səylərimizə aprelin 4-də prosedur məsələsi ilə cavab verdilər, Assambleyanın üzvləri və həmprezidentləri tərəfindən yekdilliklə həm siyasi, həm də texniki baxımdan yüksək qiymətləndirilən AVRONEST PA-nın Bakı sessiyasına ədalətsiz olaraq xələl gətirməyə çalışdılar.
AVRONEST PA-nın Bakı sessiyası və onun uğurlu nəticələri bir daha göstərdi ki, Azərbaycan dinc və hamı ilə əməkdaşlığa açıq ölkədir, AVRONEST PA-nın məqsədlərinə nail olunması bizim ölkəmizin prioritetləri sırasındadır. Eyni zamanda hesab edirik ki, AVRONEST PA-dakı bütün tərəfdaşlar və dostlar üçün olduğu kimi, bizim ölkəmizin də beynəlxalq hüquqda təsbit edilmiş hüquqlarımız və Avropa dəyərlərinə riayət etmək hüququmuz qorunmalı, onlara hörmətlə yanaşılmalıdır. Odur ki, biz Ermənistanlı həmkarlarımızı bu kədərli epizodun AVRONEST PA çərçivəsində indiyə qədər gördüyümüz işlərimizi təhlükəyə atmasına icazə verməməyə çağırırıq.
AVRONEST PA-da Azərbaycan nümayəndə heyəti qurumun Bakı sessiyasının uğuruna mane ola bilmədiklərinə peşman olan Ermənistan nümayəndə heyətini hər cür qeyri-obyektiv, qərəzli, təxribat xarakterli bəyanatlarına və anti- Azərbaycan təbliğatina son qoymağa və bütün beynəlxalq təşkilatların Azərbaycannın ərazi bütövlüyünü əks etdirən qətnamələrinə hörmətlə yanaşmağa dəvət edir, AVRONEST PA-nın məqsədlərinə nail olunması istiqamətində əməkdaşlığa çağırır.
Hörmətlə,
Elxan Süleymanov,
AVRONEST PA-nın vitse-prezidenti,
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri./modern.az