Erməni cinayətlərinə həsr edilən Dəyirmi masa keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu “Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı – 1918” mövzusunda Dəyirmi masa keçirib. Məlumatı “Azadinform”a AVCİYA-dan veriblər.
Tədbirdə Şamaxının millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov azərbaycanlılara qarşı ermənilərin törətdikləri cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində assosiasiyanın gördüyü çoxcəhətli işlər barədə məlumat verib. E.Süleymanov rəhbərlik etdiyi assosiasiyanın “Azərbaycanda erməni vəhşiliyi – Şamaxı soyqırımı (1918-ci il)” adlı layihə çərçivəsində bir neçə dildə kitab nəşr edərək beynəlxalq aləmdə geniş yaydığını tədbir iştirakçılarına bildirərək, bu layihə çərçivəsində onun “Şamaxı qırımızı terrorun hədəfində (30-cu illər represiyaları)” adlı yeni kitabının bu il nəşr olunacağını qeyd edib.