Elxan Süleymanov: “Qarabağı jurnalistlər azad edə bilər”

Bu gün Tərtərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) təşkilatçılığı ilə həyata keçirilən “Sərsəng – hümanitar faciənin qarşısının alınması” layihəsi çərçivəsində “SOS Sərsəng” adlı beynəlxalq konfrans keçirilib. 

Publika.Az-ın Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Səfərov, Fövqaladə Hallar Nazirliyinin (FHN) İdarə rəisi Tariel Hüseynov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun sədri, Finlandiya Parlamentinin üzvü Eoro Lehti, Rusiyadan olan siyasi ekspert Sergey Markov, Yunanıstan Parlamentinin keçmiş üzvü Spiridon Kuvelis, Almaniya Bundestaqının keçmiş üzvü Haqqı Kəskin, 10-a xarici KİV təmsilçisi və digər şəxslər iştirak ediblər. 

 

Milli Məclisin deputatı E.Süleymanov bildirib ki, AVCİYA Sərsəng su anbarı ilə bağlı geniş miqyaslı layihə həyata keçirməyə başlayıb. Onun sözlərinə görə, Qarabağ problemi bir nömrəli istiqamət elan edilib.

E.Süleymanov deyib: “Azərbaycan inkişaf edir və bu, müsbət haldır. Ancaq torpaqlarımız hələ də işğal altındadır. Biz bunu dünya ictimaiyyətinə bəyan etməliyik. Bəzən deyirlər ki, “SOS Sərsəng” layihəsi nəyə lazımdır? Biz də düşünmürük ki, bu layihə ilə Sərsəngi qaytara bilərik. Biz bu layihə çərçivəsində Sərsəng problemi məsələsini dünya ictimaiyyətinə çatdırırıq. Təbliğat işləri lazımınca aparılmasa Qarabağ problemi unudulacaq. Bu problemin həllinin bir yolu da jurnalistlərin üzərinə düşür. Qarabağı jurnalistlər azad edə bilər. Yəni, bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Biz Qarabağı ya sülh, ya da müharibə yolu ilə həll edə bilərik. 20 ildən çoxdur ki, Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmır. Müharibə yolu isə bizim imkanlar çərçivəsində deyil. Çünki Ermənistanın arxasında bir neçə güc dövləti dayanır, beynəlxalq təşkilatlar isə bu problemin həllinə biganə yanaşır. Layihəmizin əsas məqsədi də məhz Qarabağ probleminin beynəlxalq və yerli mətbuatda işıqlandırılmasıdır. Mən çox təəssüf edirəm ki, Azərbaycan mediası Qarabağ məsəlsinə istənilən səviyyədə yer ayırmır. Mətbuatda müğənnilərdən, nazirlərdən yazılır, ancaq Qarabağ probleminə o qədər də toxunulmur. Buna görə də 3-5 il əvvəl Azərbaycan xalqının 80-90 faizi diqqət ayırırdısa, indi bu göstərici 35-40 faizə düşüb. Qarabağ problemində ermənilər öz arzularına çatıblar, torpaqlarımızı işğal ediblər. İndi elə ola bilər ki, işğal altında olan Sərsəng Su Anbarı partladılar və bunun nəticəsində 7 rayon su altında qala bilər. Belə olan halda isə indiki ərazilərimizin də işğal təhlükəsi yaranar”.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov isə çıxışında deyib ki, Sərsəng Su Anbarı ilə bağlı yaranmış vəziyyət narahatedicidir. Onun sözlərinə görə, hazırda həmin anbardan 1-1,5 kubmetr su verilir: “Suyun bu qədər az verilməsinə görə rayonumuzun quraqlıq yaranıb. Belə bir vəziyyət rayon sakinlərini də çox narahat edir. Çünki suyun verilməmsi nəticəsində son iki-üç ay ərzində rayon əhalisinə təxminə 578 min manat ziyan dəyib. Sərsənglə bağlı layihəni həyata keçirənlərə dətək olmalıyıq. Başda Elxan Süleymanov olmaqla layihəni icra edənlərə təşəkkür edirik”.

Daha sonra tədbirdə digər iştirakçılar çıxış ediblər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları