Elxan Süleymanov: Erməni tərəfinin Azərbaycana qarşı təxribatları intensivləşir
Son illər Azərbaycanın xarici siyasətdə, xüsusilə də beynəlxalq təşkilatlarda müxtəlif məsələlərlə bağlı qazandığı uğurlar erməni lobbisinin və digər anti-Azərbaycan qüvvələrin dərin təşvişinə səbəb olmuşdur. Bu uğurlar əsasən 2 məsələ – qondarma insan hüquqları pozuntuları, siyasi məhbus məsələləri ilə təzyiq göstərilməsi cəhdlərinin iflasa uğraması və Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonlarının davam edən işğalı ilə bağlı qətnamələrin qəbuludur. Əgər siyasi məhbus məsələsində əldə edilən uğurun göstəricisi 2013-cü ildə AŞPA-da alman millət vəkili Kristof Ştrasserin məruzəsinə AŞPA üzvlərinin mütləq əksəriyyəti tərəfindən əleyhinə səs verməsi idisə, Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun işğalı ilə bağlı qəbul edilmiş qətnamələrdir. Bu istiqamətdə qəbul edilən son qətnamə Bosniyalı deputat Militsa Markoviçin müəllifi olduğu 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamədir. Qətnamədə:
– Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktı təsdiqlənir;
– Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilir;
– Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğu vurğulanır;
– Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun törədə biləcəyi humanitar fəlakətin nəticələrinə görə birbaşa Ermənistan dövlətinin məsuliyyət daşıdığı bildirilir.
Bu uğurları şübhə altına almaq üçün erməni lobbisi və digər anti-Azərbaycan qüvvələr “kürü diplomatiyası” adı altında hər cür uydurmalar yaradaraq Azərbaycanın bütün uğurlarına kölgə salmağa cəhd göstərirlər. Çox təəssüf ki, ermənipərəst və anti-Azərbaycan qüvvələrin güclü olduğu dövlətlərdə bu məsələ mətbuatda da yer almağa başlayır.
Bununla bağlı İtaliyanın erməni lobbisinin təsiri altında olan mətbuatı və televiziya verilişləri səfərbər edilmişdir. Onlardan biri də “Rai 3” telekanalında yayımlanan “Report” verilişi olmuşdur. Bu verilişin aparıcısı Milena Gabanelli mütəmadi olaraq Azərbaycan əleyinə fəaliyyətlə məşğul olmuş, Ermənistana və işğal altında olan Azərbaycan ərazilərinə gedərək erməni tərəfindən müsahibələr götürmüş, Azərbaycan tərəfindən heç bir müsahibə almadan Azərbaycana dair qərəzli və haqsız reportaj hazırlamışdır və bu verilişdə ekspert qismində iştirak edənlərin də əksəriyyəti ermənilər olmuşdur. “Report” verilişinin aparıcısı Milena Gabanelli mütəmadi olaraq qərəzli, kəskin və haqsız fikirlərə yol verdiyinə görə onun müəllifi olduğu veriliş bağlanmış, hətta kanala və verilişə qarşı 300 milyon avroluq məhkəmə iddialarının olduğu də üzə çıxmışdır. Məlum olmuşdur ki, verilişdə ayrı-ayrı şəxslər bərəsində qərəzli və böhtan xarakterli məlumatlar yayıldığına görə, “Report” verilişi və “Rai 3” telekanalı müxtəlif vaxtlarda məhkəməyə verilmiş, onlara qarşı külli miqdarda təzminat iddiaları qaldırılmışdır. Çoxsaylı iddiaçılar arasında İtaliyanın keçmiş baş Naziri Silvio Berlusconi, İtaliya neft-qaz şirkəti “ENİ”, nüfuzlu İtaliya qəzeti “Libero Quotidiano”, İtaliya hökümətində 3 dəfə nazir olmuş Claudio Scajola, habelə keçmiş Nazir Renato Brunetta, Romanın keçmiş meri ve keçmiş kənd təsərrüfatı Naziri Gianno Alemanno, İtaliya senotaru və Lombardiya vilayətinin başçısı Roberto Formigoni, Verona meri Flavio Tosi, Ravello şəhərinin keçmiş meri Secondo Amalfitano, İtaliya prokuroru Salvatore Murone, senator Cesare Cursi, deputatlar Roberto Morassut və Monica Faenzi kimi tanınmış şirkət və simalar vardır.
Ermənilərin Azərbaycana qarşı genişmiqyaslı təxribatları davam etməkdədir. Onlar 26 yanvar 2016-cı ildə qəbul edilmiş 2085 saylı “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnaməsinin müəllifi Militsa Markoviçə qarşı qarayaxma kampaniyasına başlamışlar. Belə ki, Bosniya və Herseqovina mətbuatının verdiyi məlumata əsasən, bu günlərdə ölkə parlamentinə və mətbuatına anonim məktub daxil olmuşdur. Məktubda qeyd olunur ki, bu ilin əvvəlində AŞPA-da qəbul edilən 2085 saylı qətnamənin hazırlanması dövründə qətnamənin müəllifi deputat Militsa Markoviç erməni tərəfi ilə əməkdaşlıq etməyib və ermənilər üçün tam qərəzli olan bir mətn hazırlayıb. Məktubda xanım Markoviç bu qətnaməni rüşvət müqabilində hazırlamaqda birbaşa ittiham edilib.
Qeyd edilməlidir ki, məktub müəllifi məqsədyönlü şəkildə ölkə parlamentarilərini və ictimaiyyətini aldatmağa çalışmışdır. Belə ki, 2085 saylı qətnamə hazırlanarkən Ermənistan tərəfi məruzəçinin və AŞPA rəhbərliyinin təkidlərinə baxmayaraq, məruzəçi ilə əməkdaşlıqdan imtina etmişdir. Məhz bu səbəbdən həmin qətnamənin 8-ci bəndində vurğulanmışdır: “Assambleya Ermənistan parlament nümayəndə heyətinin və Ermənistan hakimiyyətinin bu məsələyə dair məruzənin hazırlanmasında əməkdaşlıq etməməsini qəti pisləyir. Assambleya belə rəftarı Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkənin öhdəlik və vəzifələrinə zidd hesab edir”.
Bosniya və Herseqovina parlamentinə göndərilən anonim məktub dərhal ictimaiyyətə ötürülmüş və Bosniya parlamentinin deputatı, AŞPA-da Bosniya nümayəndə heyətinin rəhbəri Mladen Bosiç tərəfindən təbliğ edilmişdir. O, bu məktubla bağlı hər yerdə müsahibələr verərək erməni nümayəndə heyəti ilə görüşdüyünü və eyni ittihamları eşitdiyini deyib və xanım Markoviçi bir xristian kimi ermənilərin əleyhinə olan sənəd hazırlamaqda ittiham edib.
Xanım Markoviç isə yerli mətbuata verdiyi müsahibəsində bildirmişdir ki, məktubun müəllifi barədə araşdırma aparmışdır və məktubun müəllifinin Bosniya və Herseqovinanın AŞPA yanında daimi nümayəndəliyinin səfiri Predraq Qrqiç olduğunu aşkar etmişdir. Mətbuatın verdiyi məlumata əsasən, xanım Markoviç dərhal səfirlə əlaqə saxlamış, o, əvvəl bunu inkar etsə də, sonradan məktubu Mladen Boşiçin xahişi ilə yazdığını etiraf etmişdir. Predraq Qrqiç eyni zamanda bu məktubun ictimaiyyətə verilmək üçün nəzərdə tutulmadığını və sırf Bosiçi məlumatlandırmaq üçün hazırlandığını bildirmişdir.
Bosniya və Herseqovina KİV-lərində yayımlanan məlumatlara əsasən, keçmiş məruzəçi Markoviç həm bu ölkənin AŞPA-da nümayəndə heyətinin rəhbəri Bosiçi, həm də səfir Qrqiçi məhkəməyə vermiş və bu barədə bütün mətbuat orqanlarını məlumatlandırmışdır. Hadisələrin gedişindən ciddi narahat olan səfir Qrqiç ölkə KİV-lərinə müraciət edərək deputat Mladen Bosiçin onu aldatdığını, onun məktubunun mətbuata verilməsini ucuz və məsuliyyətsiz bir hərəkət olduğunu bildirmişdir. Yerli mətbuat eyni zamanda bildirir ki, Qrqiçin bu bəyanatından sonra Mladen Bosiç jurnalistlərə cavab vermir.
Beləliklə, ermənilərin ölkəmizə qarşı növbəti təxribatı tam iflasa uğramışdır.
Elxan Süleymanov
Millət vəkili,
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü
06.12.2016