Elxan Süleymanov: “Çalışacağıq ki, EURONEST PA öz qərarlarında Azərbaycan ərazilərinin işğal edilməsi faktını təsdiqləsin”

“Azərbaycan nümayəndə heyəti Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün təcili tədbirlərin görülməsi istiqamətində konkret addımlar atacaq”

Azərbaycanın EURONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi

– Avropa Parlamentinin prezidenti Yerji Buzek mayın 20-də Azərbaycana səfər edib. Azərbaycanın EURONEST PA-da nümayəndə heyətinin rəhbəri kimi bu səfərin nəticələri haqqında nə deyə bilərsiniz? 

– Avropa Parlamentinin sədri Yerji Buzekin Bakıya səfəri onun Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində həyata keçirilib. O, əvvəlcə Ermənistan və Gürcüstanda olub, daha sonra isə Azərbaycana gəlib. Səfərin proqramı əvvəlcədən müəyyənləşdirilmişdi və rəsmi şəkildə elan edilmişdi. Səfər çərçivəsində Y. Buzek prezident cənab İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirib, müxalifət partiyalarının rəhbərləri, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr aparıb. Görüşlər zamanı demokratiyanın daha da genişləndirilməsi, insan hüquqlarının təmin edilməsi, hüququn aliliyinin möhkəmləndirilməsi, təhlükəsizliyin və sabitliyin qorunub saxlanması, ümumi problemlərin qarşılıqlı fayda əsasında həllinə nail olunması kimi məsələlər müzakirə predmeti olub.

Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqların əsas predmeti olub, bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi vurğulanıb. Önəmli haldır ki, cənab Buzek bir neçə gün əvvəl Ermənistana səfəri çərçivəsində Yerevanda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Dağlıq Qarabağı müstəqil subyekt kimi tanımayacağını və dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini birmənalı şəkildə diqqətə çatdırmışdı. Hesab edirəm ki, bu, çox vacib bəyanatdır və bir daha Avropa İttifaqının müxtəlif qurumlarının Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiklərini özündə ehtiva edir. Ümumiyyətlə, hesab edirəm ki, Avropa Parlamentinin sədri Yerji Buzekin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfəri region ölkələri ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcək. 

– Mayın 12-də Avropa Parlamenti Azərbaycanla bağlı tənqidi sənəd qəbul edib. Milli Məclis bu sənədi pisləyən bəyanat verib. Bu hal Yerji Buzekin səfəri zamanı dialoqa hər hansı mənfi təsir göstərdimi?

– Avropa Parlamentinin qəbul etdiyi qətnamə doğrudan da qeyri-obyektivliyi ilə seçilir. Həmin sənəddə Azərbaycana qarşı irəli sürülən ittihamların böyük əksəriyyəti dəqiqləşdirilməmiş məlumatlar əsasında yazılıb. Azərbaycan parlamenti bu sənədlə bağlı öz mövqeyini bildirdi və müvafiq müraciət qəbul etdi. Digər tərəfdən, Avropa Parlamenti vaxtaşırı olaraq hətta Avropa İttifaqına üzv olan dövlətlərlə bağlı da belə tənqidi sənədlər qəbul edir. Odur ki, bu qurumun Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinə kölgə salmamalıdır. Əksinə, biz daha da əzmlə Azərbaycan reallıqlarını Avropa ictimaiyyətinin diqqətinə çatdırmalı və əməkdaşlığın konstruktiv məcrada inkişaf etdirilməsinə çalışmalıyıq. Bunun üçün isə müxtəlif səviyyələrdə əlaqələr daha səmərəli qurulmalı, Avropa Parlamenti üzvləri ilə münasibətlər konseptual şəkildə həll edilməli, həmin qurumda fəaliyyət göstərən siyasi partiyalardan ibarət qruplarla həm dövlət səviyyəsində, həm də ayrı-ayrı ictimaiyyət nümayəndələri, o cümlədən Milli Məclis üzvləri səviyyəsində işlər aparılmalıdır. Belə olan halda, ölkəmizə qarşı atıla biləcək qeyri-obyektiv addımların qarşısını vaxtında ala bilərik və bu, öz növbəsində, Azərbaycanla Avropa İttifaqı qurumları arasında işgüzarlığın artmasına müsbət təsir göstərər. 

– Mayın əvvəllərində EURONEST PA təsis edildi. Nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanın bu qurumda fəaliyyətini necə görürsünüz? 

– Bildirmək istərdim ki, Azərbaycan nümayəndə heyəti EURONEST PA-da 10 nəfər deputatla təmsil olunur. Azərbaycan nümayəndə heyəti ilk gündən bu qurumda aktiv iştirak etməyə başlayıb və təsis konfransı zamanı idarəçilik orqanlarının formalaşdırılmasında ciddi uğurlar əldə edib. Nümayəndə heyətimizin üzvlərindən biri komitə sədri, digər ikisi isə müxtəlif komitələrdə sədr müavinləri seçilib. Gələcəkdə biz EURONEST PA-da fəaliyyətimizi daha da inkişaf etdirməyi planlaşdırırıq. Azərbaycan nümayəndə heyəti PA-nın bütün komitələrində və işçi qruplarında təmsil olunacaq. Hər bir komitədə və plenar iclaslarda Azərbaycanın milli maraqlarına cavab verən, regionda sülh, təhlükəsizlik və s. məsələlərin gündəliyə salınması və bu barədə müvafiq qərarların qəbul edilməsi əsas məqsədlərimizdəndir. Konkret planlara gəldikdə isə, bir sıra məsələləri xüsusilə qeyd etməliyəm. 

Prioritet istiqamətlərdən biri kimi Ermənistanın işğalı və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, onların beynəlxalq sənədlərdə tövsif olunmuş bütün hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulması daim gündəmdə saxlanılmalıdır. Çalışacağıq ki, EURONEST PA tərəfindən işğal nəticəsində kütləvi və kobud şəkildə insan hüquqlarının pozulması və bu pozuntulara görə məsuliyyətin məhz Ermənistan dövlətinin üzərinə düşməsi ilə bağlı qətnamə qəbul edilsin. 

Fəaliyyətimizin digər bir istiqaməti Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirməsini diqqət mərkəzində saxlamaqdan ibarət olacaq. Bildiyiniz kimi, Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə çalışır. Dəfələrlə bu məsələ Azərbaycan tərəfindən qaldırılıb, ATƏT-in faktaraşdırıcı missiyasının 2011-ci ilin əvvəlində təqdim etdiyi məruzədə işğal altındakı ərazilərə qeyri-qanuni olaraq 13000 nəfərin köçürülməsi faktı öz təsdiqini tapıb. Əvvəllər bu ərazilərə 23000-dən artıq ermənini köçürülməsi faktı da müxtəlif mənbələrdə qeyd edilirdi. Hazırda Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin yeni mərhələsinə başlamağa hazırlaşır. Belə ki, bu yaxınlarda Qırğızıstanda yaşayan emşinaz etnik qrupun nümayəndəsi Ermənistanda və işğal edilmiş Azərbaycan ərazilərində olub, Ermənistan rəhbərliyi ilə 200 eşminaz ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsini müzakirə edib və razılıq əldə olunub. İlkin məlumatlara görə, eşminaz ailələrinin Azərbaycanın Xocavənd rayonunda məskunlaşdırılması planlaşdırılır. Azərbaycan nümayəndə heyəti EURONEST PA-da məsələnin araşdırılması üçün məruzəçilərin təyin olunmasına və təqdim ediləcək məruzənin nəticəsi kimi qətnamənin qəbuluna çalışacaq. 

Hazırda Ermənistanın Metsamor Atom Elektrik Stansiyası tək region dövlətləri üçün deyil, bütövlükdə Avropa və Orta Şərq ölkələri üçün ciddi təhlükə mənbəyidir. Belə ki, bu stansiya seysmik baxımdan təhlükəli ərazidə tikilməklə yanaşı, həm də orada istifadə edilən nüvə reaktorları köhnəlib, öz resurslarını tam başa vurub və istənilən an bir neçə regionu əhatə edən geniş bir ərazidə yaşayan xalqlar üçün fəlakət mənbəyinə çevrilə bilər. Odur ki, Azərbaycan nümayəndə heyəti Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün təcili tədbirlərin görülməsi istiqamətində konkret addımlar atacaq. 

Bundan əlavə, ölkəmizin turizm imkanlarının artırılması və kənd təsərrüfatının inkişafı məqsədilə Avropa İttifaqı ölkələrinin şirkətləri tərəfindən investisiyaların cəlb edilməsi, Azərbaycanda alternativ enerji mənbələrinin yaradılmasında Avropa İttifaqı ölkələrinin təcrübəsinin öyrənilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilməsi məsələsi və s. istiqamətlərdə fəaliyyət göstərilməsi planlaşdırılır. Sosial, mədəni, elm, təhsil sahələrdə Azərbaycan əhalisinin, xüsusən də gənclərin Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin vətəndaşları ilə əlaqələrinin asanlaşması, daimi əsaslarla fəaliyyət göstərən mədəniyyətlərarası dialoq forumlarının təşkil edilməsi, vətəndaş cəmiyyətinin, o cümlədən QHT sektorunun və KİV-in inkişafı sahələrində də konkret irəliləyişlərə nail olmağa çalışacağıq. 

Ümumiyyətlə, EURONEST PA-da Azərbaycan nümayəndə heyətinin çoxşaxəli fəaliyyət istiqamətlərini müəyyənləşdirmişik və çalışacağıq ki, bu planların böyük əksəriyyətini reallaşdıraq. 

– Sizcə, EURONEST PA Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynaya biləcəkmi? 

– Azərbaycan nümayəndə heyətinin fəaliyyət planından göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunması prioritet istiqamət olacaq. Bildiyiniz kimi, Azərbaycan Respublikası sülh yolu ilə işğal olunmuş ərazilərin azad edilməsinə, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasına çalışır. Biz çalışacağıq ki, EURONEST PA, digər nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti kimi öz qərarlarında Azərbaycan ərazilərinin işğal edilməsi faktını təsdiqləsin. Bu istiqamətdə beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq vacib amillərdəndir. Belə ki, işğal faktı beynəlxalq-hüquqi cinayət sayılır və hər dəfə işğal faktının təsdiqlənməsi Azərbaycanın danışıqlar prosesində mövqeyinin güclənməsinə gətirir. Digər bir tərəfdən, qeyd etməliyəm ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə iştirak etmir. EURONEST PA isə Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” dövlətlərinin müştərək təsisatı kimi formalaşıb. Bu təsisatın prosedur qaydalarında “Şərq tərəfdaşlığı” dövlətləri ərazisində mövcud olan “dondurulmuş münaqişələr”ə dair müzakirələr aparmaq və müvafiq qərarların qəbulu nəzərdə tutulsa da, qurum həmin münaqişələrin həlli üçün konkret səlahiyyətlərə və mexanizmlərə malik deyil. Odur ki, EURONEST PA Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv və bilavasitə iştirak edə biləcək təsisat deyil. Amma bu təsisat qəbul edəcəyi qərarlarla münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verə bilər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları