Elxan Süleymanov: “Azərbaycan beynəlxalq-hüquqi təbiəti və meyarları məlum olmayan “siyasi məhbus” anlayışının tətbiq edilməsi üçün poliqon deyil”
Azərbaycan beynəlxalq-hüquqi təbiəti və meyarları məlum olmayan “siyasi məhbus” anlayışının tətbiq edilməsi üçün poliqon deyil. Bunu cümə günü Trend-ə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov deyib.
Süleymanov deyib ki, tərəflər arasında imzalanmış sazişin mövzusu, bu sazişə Norveç XİN-in department rəhbəri səviyyəsində rəsmi imza atılması ciddi narahatlıq doğurur.
Deputat hesab edir ki, BMT-nin müxtəlif qurumları tərəfindən indiyədək “siyasi məhbus” anlayışı və onun meyarları ilə bağlı hər hansı bir konvensiya, qətnamə və ya digər sənəd qəbul edilməyib.
“Qeyd etməliyəm ki, BMT çərçivəsində “siyasi məhbus” anlayışı yeganə hal kimi 1989-1990-cı illərdə bu qurumun Namibiyada həyata keçirdiyi barışıq missiyası zamanı professor Karl Aage Nerqaard tərəfindən hazırlanıb və “Nerqaard prinsipləri” adlandırılan meyarlar əsasında istifadə edilib. Xüsusilə vurğulamalıyam ki, “Nerqaard prinsipləri” nə Namibiyada tətbiq edildiyi zaman, nə də sonradan BMT-nin hər hansı səlahiyyətli orqanı tərəfindən bütün üzv dövlətlərə şamil edilə biləcək universal sənəd kimi təsdiq edilib və edilə də bilməzdi.
Belə ki, həmin dövrdə Namibiyada milli və irqi zəmində silahlı qarşıdurma hökm sürürdü, onların cəmiyyətləri parçalanmışdı, lakin digər dünya dövlətlərində, xüsusən də inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərdə vəziyyət köklü şəkildə fərqli idi və indi də fərqli olaraq qalır. Digər tərəfdən, Namibiyada barışıq missiyası BMT baş katibinin mandatı əsasında həyata keçirilirdi və bu missiyanın tərkib hissəsi olan “Nerqaard prinsipləri” presedent qüvvəsinə malik deyildi.
Odur ki, qeyd edilən prinsiplər digər dövlətlərə, o cümlədən hazırda hərtərəfli dinamik inkişaf edən, Avropa Şurasının üzvü olan və Şərqi Avropa ölkəsi statusu almış Azərbaycan Respublikasına tətbiq edilə bilməz. Beləliklə, BMT-nin siyasi məhbuslar meyarlarının olması kimi iddialar reallıqdan tam uzaqdır və bu universal təşkilatın mövcud olmayan meyarları əsasında Azərbaycanda növbəti dəfə siyasi məhbus axtarışına başlanılması isə yuxarıda göstərilən sazişdə iştirak edən tərəflərin ölkəmizə qarşı qərəzli, məkrli mövqedən çıxış etmələrindən xəbər verir”, – Süleymanov əlavə edib.
Onun sözlərinə görə, indiyədək Avropa Şurası tərəfindən bütün üzv dövlətlərə şamil edilə biləcək ümumtanınmış sənəd qəbul edilməyib.
“Bu təşkilat çərçivəsində yeganə hal kimi, 2001-ci ildə Ermənistan və Azərbaycan Avropa Şurasına qəbul edilərkən bir sıra QHT rəhbərlərinin bu ölkələrdə siyasi məhbusların olması barədə iddialarına son qoymaq məqsədilə AŞ-nin baş katibi tərəfindən müstəqil ekspertlər qrupu yaradıldı. Müstəqil ekspertlər qrupu “Nerqaard prinsipləri” əsasında 5 bənddən ibarət meyarları özündə ehtiva edən məruzə hazırlayıb baş katibə təqdim etdilər.
Lakin bu məruzə sonradan hüquqi sənəd kimi AŞ-nin plenar iclasında təsdiq edilmədi. Qeyd etməliyəm ki, bu meyarlar konsensus şəklində qısa müddət ərzində konkret məhbusların işlərinə baxılmasını nəzərdə tuturdu və müvəqqəti xarakter daşıyırdı. O dövrdən indiyədək AŞPA-nın plenar iclasında siyasi məhbus məsələsi ilə bağlı bütün üzv dövlətlərə şamil edilə biləcək heç bir hüquqi sənəd qəbul edilməyib”, – deputat deyib.
Süleymanov hesab edir ki, Azərbaycan tərəfinin ardıcıl olaraq AŞPA-nın siyasi məhbus meyarlarını özündə əks etdirən hüquqi sənədinin olmadığını bildirməsinə baxmayaraq, bəzi maraqlı qüvvələr AŞPA-da “Azərbaycanda siyasi məhbuslar” adlı 1272(2002) saylı qətnamə qəbul edilməsinə nail oldu.
“Bildirməliyəm ki, bu qətnamədə siyasi məhbus olmaları ehtimal olunan bir neçə nəfərin cinayət işlərinə yenidən baxılması məsələsi müzakirə edilirdi və “siyasi məhbus” anlayışı ilə bağlı heç bir meyar göstərilməyib. Daha sonra, quruma üzv olan 47 ölkədən yalnız Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçi təyin edildi. Lakin Avropa Şurasında Azərbaycan tərəfi təkidlə ümumtanınmış hüquqi sənədin olmadığını və ölkəmizə qarşı ayrıseçkiliyin yolverilməz olduğunu diqqətə çatdırıb.
Nəhayət, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin 5 oktyabr 2011-ci il tarixli iclasında “Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması” adlı məruzənin adının dəyişdirilərək, “AŞ-yə üzv dövlətlərdə siyasi məhbus probleminin araşdırılması” adlandırılması barədə qərar qəbul edildi. Lakin məruzənin adının dəyişdirilməsi məsələnin çözülməsi demək deyil, belə ki, AŞPA-nın Plenar iclasında “siyasi məhbus” anlayışının hüquqi təbiətini, onun meyarlarını özündə ehtiva edən sənəd qəbul edilməyib.
Qərarları presedent hüququna malik olan beynəlxalq məhkəmələr, o cümlədən İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz praktikasında “siyasi məhbus” anlayışından istifadə etmir və özünün hər hansı bir qərarında bu anlayışın meyarlarını müəyyənləşdirməyib.
Beləliklə, “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” sazişini imzalayan tərəflərin ölkəmizə qarşı əsassız, düşünülmüş və qərəzli mövqe nümayiş etdirmələri, dünya ictimaiyyətində Azərbaycanla bağlı neqativ fikir formalaşdırmaq məqsədi şübhə doğurmur.
Norveç Avropa Şurasının üzvüdür və əminliklə təsdiq edə bilərəm ki, bu dövlətin Xarici İşlər Nazirliyi Avropa Şurasının və BMT-nin siyasi məhbularla bağlı ümumtanınmış meyarlarının olmamasından xəbərdardır. Belə olan halda, Norveçin Xarici İşlər Nazirliyinin AŞ və BMT-nin mövcud olmayan meyarları əsasında Azərbaycanda siyasi məhbus axtarışına çıxmasının arxasında nə dayanır? Şübhəsiz ki, imzalanmış sazişdə iştirak edən tərəflərin, o cümlədən Norveç XİN-in uzağagedən əsas məqsədi müxtəlif bəhanələrlə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ölkədə ictimai-siyasi sabitliyi pozmaqdan ibarətdir”, – Süleymanov deyib.
Deputat hesab edir ki, Azərbaycanın müvafiq dövlət qurumları məsələ ilə bağlı dərhal tədbirlər görməli və əsassız olaraq Azərbaycanın daxili işlərinə qarışmağın yolverilməz olduğunu Norveç tərəfinin diqqətinə çatdırmalıdır. Nəhayət, hamı birdəfəlik başa düşməlidir ki, Azərbaycan beynəlxalq-hüquqi təbiəti və meyarları məlum olmayan “siyasi məhbus” anlayışının tətbiq edilməsi üçün poliqon deyil.