Elxan Süleymanov: Avronest PA ilə əməkdaşlığın bərpası ilə ölkəmizə qarşı siyasi təzyiqlərin yeni dalğası başlayacaq

euronest_5thsession_poster

Avronest PA Aİ-nin Şərq Tərəfdaşlığı proqramının ən uğursuzluğa uğramış və xələl gətirən bir təsisatıdır. Bu təsisat beynəlxalq dialoq üçün yeni platformalar yaratmaq cəhdi idi. Lakin qərarsızlıq, qərəzli diskurs və ikili standartlar bu təsisatı yararsız bir quruma çevirdi. Avronest PA Aİ-nin köməyi ilə Şərq Tərəfdaşlığı ölkələrinə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) təsir göstərən əsas problemlərin ümumi həll yolunu tapmaq əvəzinə, heç bir nəticəsi və icraat qüvvəsi olmayan sonsuz qeyri-müvafiq müzakirələrlə məşğuldur.

Bundan əlavə, Avropa Parlamentinin (AP) ŞT ölkələri ilə bağlı ikistandartlı yanaşması Avronest PA-nın vəziyyətini daha da pisləşdirməyə xidmət edir. AP üzvləri öz bəyannamələrində, qətnamə və məruzələrində Assambleyanın əksər ölkələrinə münasibətdə ikili standartlar nümayiş etdirir. Xüsusilə AP-nin Avronest müstəvisində ədalətli və bərabər əməkdaşlığa açıq olduğunu bəyan etməsinə, Azərbaycanın Avronest-dəki nümayəndə heyəti üzvlərinin çoxsaylı ismarış, məktub və dostluq nümunələrinə baxmayaraq, Parlament davamlı olaraq Azərbaycandakı vəziyyəti pisləyən, ağır və əsassız ittihamlar irəli sürən sənədlər qəbul edir.

Ziddiyyətli məqam odur ki, Avropa Parlamenti özünü bütün dünyada hüququn aliliyinin və məhkəmənin müstəqilliyinin təşviqatçısı hesab edir, lakin eyni zamanda digər demokratik və suveren dövlətlərdə məhkəmə hakimiyyətinin fəaliyyəti, prosedurlar və məhkəmə proseslərini davamlı olaraq tənqid edir və şübhə altına alır.

Avropa Parlamenti ötən illər ərzində Azərbaycana müntəzəm hücumlar edib. AP 2011-ci ildən etibarən hər il Azərbaycana qarşı heç bir obyektiv fakta söykənməyən və insan hüquqları pozuntularının olduğunu iddia edən qətnamələr qəbul edib. Bu, həmin sənədlərə səs verən AP üzvlərinin qərəzli olduğunu sübut edir və AP-ni Azərbaycanda etibarını itirmiş tərəfdaşa çevirir.

Azərbaycana qarşı ədalətli mövqe sərgiləyən AP üzvləri yaxud milli siyasətçilər daim Brüsseldə tənqid edilir və hücumlara məruz qalır. Hətta Avropa Parlamentinin rəsmi nümayəndə heyəti Azərbaycanda seçkilərin azad və ədalətli keçdiyini bildirən hesabatlar verdikdə (misal üçün 2013-cü il prezident seçkiləri) Azərbaycanın Parlamentdəki düşmənləri nümayəndə heyətini sıxışdırmağa, üzvlərinə isə hücum edərək, onları araşdırmağa müvəffəq olublar.

Avronest PA-nın üzvü olan AP deputatları Parlament komitələrində üzv olmaya da bilər. Odur ki, Şərq Tərəfdaşlığı ölkələri ilə əlaqə quran üzvlər qərarların işlənib hazırlanması və qəbul olunması prosesində iştirak etmir. Bu isə Avronest PA-da Şərq Tərəfdaşlarına verilmiş istənilən vədi etibarsızlaşdırır.

Avronest PA-nın iclaslarında iştirak etmək, Avronest-in məruzələri üzərində işləmək istənilən halda Avropa Parlamentində müsbət məruzə və ya Avropa Komissiyası ilə müsbət əlaqəyə zəmanət vermir. Avronest PA həqiqətən də diqqəti Brüsseldə həqiqi güc sahibləri ilə əlaqə üçün lazım olan səylərdən yayındırır.

Bunu sübut edən faktlardan biri də odur ki, Ermənistanın Rusiya ilə Gömrük İttifaqını imzalayıb, Avrasiya Birliyinə qoşulmasından, başqa sözlə, Aİ-yə arxa çevirməsindən sonra nə Avronest PA, nə də Avropa Parlamenti onu tənqid etmədi. Əksinə, Avronest PA Ermənistanı mükafatlandıraraq, 2015-ci ildə öz növbəti plenar sessiyasını Yerevanda keçirdi.

Bu aşkar anti-Azərbaycan qərəzindən əlavə, Avronest-in parlamentlərarası işinin müvafiqliyi və səmərəliliyini də sual altına qoymalıyıq. Xeyli resurslar və vaxt tələb etməsinə, Brüsselə, Strasburqa və digər şəhərlərə səfərlərə, sonsuz mübahisə və müzakirələrə baxmayaraq, yekun sənədlərdə yeni fikirlər olmur, mövcud problemlərə həll yolu tapılmır və ya onların qanunverici qüvvəsi yoxdur. AP həmin sənədlərin icrasını izləmir və hətta öz məruzə və qətnamələrinə daxil etmir.

Avronest PA Ermənistanın vetosuna görə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasını heç vaxt müzakirə etməyəcək. O, eyni zamanda Ermənistanın qanunsuz hərəkətlərini müzakirə etməməklə, faktiki olaraq bu hərəkətləri qanuniləşdirərək, heç vaxt “işğal” sözündən istifadə edilməyəcək. Çünki Avronestin elə əsas məqsədlərindən və strategiyalarından biri də işğal edilmiş torpaqlar azad edilmədən Azərbaycanı Ermənistanla əməkdaşlığa sürükləmək və işğal faktını bizlərə unutdurmaqdır. Əks halda Azərbaycan Avronest və AP tərəfindən bütün dünyaya qeyri-demokratik ölkə kimi təqdim edilir. Bu səbəbdən Avronestə üzvlüyün bərpa edilməsi üçün Avronest-in Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində əməli işlər görəcəyinə dair öhdəlik götürməsi mütləqdir. AP başa düşməlidir ki, Avronest-ə üzv olan iki dövlətdən birinin torpaqları digərinin işğalından azad edilməyənədək onlar arasında əməkdaşlığın qurulması qeyri-mümkündür.

 Nəticə etibarilə, bu, yalnız Azərbaycan deyil, faktiki olaraq Avronest-in bütün iştirakçıları üçün lüzumsuz bir işdir. Avronest-də deyilən heç bir söz yaxud hazırlanan heç bir sənəd Avropa İttifaqında və Şərq Tərəfdaşlarında siyasətə çevrilmir. Bəzi AP üzvlərinin Avronest-i həqiqətən dəstəkləməsinin yeganə səbəbi hazırda Böyük Britaniyanın Aİ-dən çıxmasından sonrakı vəziyyətdə Aİ-yə qoşulmaq perspektivi olmayan ŞT ölkələri üçün “təsəlli mükafatı”nı təmin etməkdir.

Reallıq odur ki, əksər Avropa siyasətçiləri bu faktlardan xəbərdardır. Lakin Aİ-də tənqidi çətin qəbul edirlər, artıq vəsait ayrılmış proqramları ləğv etmək isə az qala qeyri-mümkündür, beləliklə, Avronest fəaliyyətsiz şəkildə mövcudluğunu davam etdirəcək və Avropa Parlamentinin bütün heyəti onu (və öz işlərini) saxlamağa cəlb olunub. Aİ bu təşəbbüsə xeyli vaxt və səy sərf etmişdir, bundan əlavə, indiyə qədər 1 mlrd avrodan artıq maliyyə vəsaiti ayırmışdır. Aİ çətin ki, bunun bir səhv olduğunu, Avronest-in əslində heç bir problemi həll etmədiyini və Avropanın post-Sovet Şərq hissəsində Rusiyanın təsirini azaltmağa kömək etmədiyini qəbul etsin.

Eyni zamanda təşəbbüsün uğurlu olması üçün siyasi iradə yoxdur. Qərbi Avropadakı anti-Azərbaycan qüvvələri də forumun hər hansı məqamda Azərbaycan üçün müsbət platforma olmasına imkan verməyəcək. Avronest PA-da iştirakın bərpa ediləcəyi təqdirdə AP-də və Brüssel mediasında təzyiqlər, hücumlar, ittiham və diffamasiyaların yeni dalğası başlayacaq.

Avronest PA-da üzvlüyün bərpası heç bir halda AP üzvlərinin Azərbaycana münasibətdə müştərək, obyektiv və ədalətli olacağına zəmanət verə bilməz.

Bu kontekstdə Avronest PA-da üzvlüyünü bərpa edilməsi üçün əlverişli vaxt və vəziyyət deyil. Ölkəmiz Aİ-nin ŞT proqramında iştirakını Belarus kimi Avronest PA-da iştirak etmədən də davam etdirə bilər. Azərbaycan AP-də daha yaxşı nəticə əldə etməsi üçün Avronest PA-ya üzv olmadan AP-nin komitələrində və bütün siyasi fraksiyalarında iş aparmalıdır. Ölkəmiz bu addımı atmazdan əvvəl sabit dəstək qazanmalı və daha əlverişli mühit yaratmalıdır. Avropanın siyasi ailələri və təşkilatlarına yanaşmaq daha müsbət nəticə verə bilər.

Nəticə etibarilə, açıq-aşkar və birbaşa cəhdlər faktiki olaraq təhlükəlidir. Ukrayna nümunəsi göstərdi ki, Avronest PA, hətta Avropa İttifaqı ilə sıx əməkdaşlıq ölkəni təhdidlərdən və hadisələrdən real qoruma vasitəsi demək deyil.

Bu cür fəaliyyətlə, Avropanın siyasi partiyalarına qoşulmaqla, hansı mübarizələrin vacib və hansının lüzumsuz olmasına əsaslanaraq, Azərbaycanın maraqlarının Avropada təşviq edildiyini və qorunduğunu təmin etmək olar.

Bir sözlə, Avronest-lə əməkdaşlığın bərpa edilməsi AP tərəfindən mənfi siyasi təzyiqlərə və hücumlara yenidən qapı açılması deməkdir.

Elxan Süleymanov

 

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu