Elxan Süleymanovun babasının təqaüdü – tanınmış deputatın portretinə ştrix
Hacı Rəhim Əfəndi adına aldığım şagird təqaüdü və onun nəvəsi ilə 24 il sonrakı görüş…
Azərbaycan ictimaiyyəti onu deputat, Milli Məclisi Avropa Şurası Parlament Assambleyasında təmsil edən qrupun üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri kimi tanıyır. Onun ictimai-siyasi fəaliyyəti haqqında ən müxtəlif rəylər, fikirlər, bəzən isə tənqidlərə də rast gəlinir. Elə bizim qəzet də onu az tənqid etməyib. Amma Elxan Süleymanovun həyat yolunda çox az adamların bildiyi məqamlar var…
Əslində, bu haqda illərdir yazmaq istəyirdim; həmin məqamların birbaşa aidiyyəti olduğu şəxslərlə birlikdə Elxan Süleymanovla bir görüş təşkil edib, xatirələri bölüşmək formatı daha uyğun görünürdü. Ancaq təəssüflər olsun ki, bu illər ərində həmin kəsləri bir araya gətirmək mümkün olmadı. Ömür vəfa edərsə, bir gün bunu da edərik nə zamansa. Ancaq Elxan Süleymanovla bu xatirələri ikilikdə bölüşə bildik…
Elxan Süleymanovu 1992-ci ildə necə tanıdım?
1992-ci ilin qış ayları idi. Təhsil aldığım Göyçay rayon Potu kənd orta məktəbinin direktoru Vahid Salmanov məni yanına çağırdı və dedi: “Elşad, bir xeyriyyəçi iş adamı əlaçı şagirdlərə təqaüd verəcək, biz səni təqdim etmişik, günorta saat 2-də Göyçay Mədəniyyət Evində onunla görüş olacaq. Get, kiçik bir müsabiqə olacaq, qalib gəlsən, yüksək təqaüd alacaqsan əlaçı kimi”…
Buna qədər məktəbimizdə daha bir əlaçı mükafatına – Məhəmməd Əmin Rəsulzadə adına təqaüd üzrə namizəd olmuşdum. Lakin seçimlər ərəfəsində ağır velosiped qəzası keçirdiyimdən 1 ay xəstə yatmışdım və həmin – aylıq 150 rubl məbləğində təqaüdü ala bilməmişdim…
Mədəniyyət Evində Təhsil Şöbəsinin müdiri çıxış edərək, bizə təqaüd vermək istəyən şəxsi – Elxan Süleymanovu iştirakçılara təqdim etdi. O, qısa bir nitq söylədi, sonra zalda şagirdlərə bir-bir yaxınlaşaraq müxtəlif suallar verdi. Bu, qeyri-rəsmi bir seçim turu idi…
Daha sonra özü bir şeir dedi, ardınca bəndəniz Xəlil Rza Ulutürkün “Ayağa qalx, Azərbaycan” şeirindən 1-2 kuplet dedim. Daha sonra mükafat və məbləği elan olundu. Göyçay üzrə 50 əlaçı şagird E.Süleymanovun Hacı Rəhim Əfəndi adına təsis etdiyi 300 rubl təqaüdə layiq görüldük…
Hacı Rəhim Əfəndi kimdir?
Hacı Rəhim Əfəndi (Məhəmməd oğlu) 1862-ci ildə Göyçay qəzasının Qaraman kəndində anadan olub. Hacı Rəhim Əfəndi 1889-cu ildə Türkiyəyə səfər edib. O, buradakı möhtəşəm məscidləri, ibadət evlərini görüb, öz doğma yurdunda məscid tikdirmək qərarına gəlib. 1891-ci ildə vətənə qayıdır və kənd camaatının köməkliyi ilə Qaraman kəndində məscidin tikintisinə başlayıb.
Daha sonra o, həmin məsciddə o dövrün tələblərinə uyğun olaraq, uşaqlara islam elmlərindən bilik verilməsinə nail olub.
Daha sonra Hacı Rəhim Əfəndi Göyçayda dünya elmlərini tədris edən məktəb, habelə qızlar üçün ayrıca təhsil ocağı ərsəyə gətirib…
Xeyriyyəçi və maarifçi Hacı Rəhim 1923-cü ildə vəfat edib.
Hacı Rəhim Əfəndinin tikdirdiyi və öz memarlıq üslubu ilə Göyçay qəzasında yeganə olan bu məscid sovetlər dövründə bərbad hala salınıb, ora anbar kimi istifadə olunaraq uzun müddət baxımsız vəziyyətdə qalıb. Möhkəm inşa olunduğuna görə məscid dağılmayıb və bu gün kənd camaatının istifadəsindədir…
Elxan Süleymanov Hacı Rəhim Əfəndinin nəvəsidir. Onun xeyriyyəçiliklə məşğul olduğunu çox az adam bilir. Göyçayda Əli Kərimin abidəsinin yenidən qurulmasını həyata keçirməsi, onlarla xəstə uşağı müalicə etdirməsi, bir neçə Qarabağ əlilinə ev alması mənə məlum olanlardır…
…Onun babasının adına təsis etdiyi 300 rubl həmin vaxt ciddi məbləğ idi. Müəllimlər təxminən o qədər aylıq maaş alırdılar! Bu həmin vaxtlar idi ki, mən ali məktəbə hazırlaşmağa başlamışdım, ingilis dili və riyaziyyat fənlərindən repetitor yanına getməyə qərarlı idim. Pulu Allah yetirmişdi və mən valideynlərimi incitməyəcəkdim, artıq xərcə salmayacaqdım! Bu, bir şagird üçün az iş deyildi…
Aybaay təqaüdü almağa, daha böyük həvəslə oxumağa başladım. Çünki əgər bircə dörd alsaydıq, təqaüd dayanacaqdı.
1993-cü ilin yazında xəbər gəldi ki, Elxan Süleymanov təqaüdçülərlə Göyçayın füsunkar yerlərindən olan Çərəkə gölündə görüş keçirəcək. Görüşə özü ilə mərhum Mirzə Babayevi, Alim Qasımovu, Əminə Yusifqızını, Nurəddin Mehdixanlını və digər sənət adamlarını gətirmişdi. Möhtəşəm bir tədbir baş tutmuşdu.
Həmin görüşdə Elxan Süleymanov bildirdi ki, Azərbaycan dünyaya inteqrasiya edir, xaricə oxumağa tələbələr göndərilir və o da 10 təqaüdçüsünü gələcəkdə Avropaya, Amerikaya oxumağa göndərəcək. Bir neçə şagird sonralar onun xətti ilə xaricə oxumağa göndərildi..
Mən 10-cu sinifdə oxuyana qədər həmin təqaüdü aldım. 1995-ci ildən sonra isə biz Elxan Süleymanovu görə bilmədik… Səbəbi isə adlarını çəkmək istəmədiyim birilərinin naxələfliyi olmuşdu…
Tələbəlik illərindən ictimai həyata qoşulmuşdum, jurnalistika ilə məşğul idim. 2000-ci illərin əvvəllərindən ta bugünədək Elxan Süleymanovla dəfələrlə üz-üzə gəlsək də, ondan açıqlamalar alsam da, heç zaman 1992-ci ildə təqaüd ayırdığı şagirdlərdən biri olduğumu xatırlatmamışdım. Düşünmüşdüm ki, bəlkə də bu haradasa yaltaqlıq, yaxud da umacaq kimi başa düşülə bilər.
Ancaq hər zaman düşünürdüm ki, həmin təqaüdçü uşaqları bir araya gətirim, sürpriz şəkildə Elxan Süleymanovla görüşək. Təəssüf, son cəhdimdə də bu alınmadı və sürpriz görüşə tək özüm getdim. Bir də özümlə E.Süleymanovun bizə verdiyi “Hacı Rəhim Əfəndi” kitabını apardım…
Təxminən 2 saat ərzində qeyri-rəsmi şəkildə tarixə ekskurs etdik, birlikdə həmin təqaüdçülərin telefonlarını tapmağa çalışdıq. Nömrəsi olanlara dərhal özü telefon açdı və məsələdən hali olan keçmiş təqaüdçülər deputatın zəngindən necə deyərlər, “şoka düşürdülər”…
Söhbət əsnasında məlum oldu ki, Hacı Rəhim Əfəndi adına mükafat bu gün də əlaçı şagirdlərə verilirmiş. 2015-ci ildə Elxan Süleymanovun deputat olduğu Şamaxıda 100 əlaçı şagird bu təqaüdü alıb.
E.Süleymanovla bu 2 saat ərzində demək olar ki, ancaq xatirələrdən danışdıq. Yekunda Elxan Süleymanov maraqlı bir söz dedi: “İnsan o zaman rahat olur ki, onu kimsə 24 il sonra axtarır tapır”…
Bu yazını qələmə almaqda əsas məqsədim ictimai-siyasi xadimlərin, xüsusi ilə deputatların təhsilə, şagirdlərə diqqət ayırmalarına dair təşviqat aparmaqdır. Öz nümunəmdə bunun bir şagirdə nə qədər ruh verdiyini, gələcəyə həvəsləndirdiyini görmüşəm. Bizim şagirdlərimizin bu gün belə diqqətə daha çox ehtiyacı var.
Elşad MƏMMƏDLİ
http://musavat.com/news/musahibe/elxan-suleymanovun-babasinin-teqaudu-taninmish-deputatin-portretine-shtrix_326063.html