Elxan Süleymanovun folklorşünas alim Seyfəddin Qəniyevə 60 illik yubileyi ilə bağlı təbrik məktubu
Hörmətli Seyfəddin müəllim!
Sizi-görkəmli folklorşünas alimi, filologiya elmləri doktoru, professoru əlamətdar yubiley, anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ictimai əhəmiyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.
Fitri istedadınız, yüksək təşkilatçılıq bacarığınız sayəsində Siz nüfuzlu alim, pedaqoq kimi tanınmısınız. Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da xidmətləriniz əvəzsizdir.
Şirvan ədəbi, folklor, aşıq, muğam və pedaqoji mühiti, övliyaları haqqında tədqiqat işləriniz, kitablarınız, monoqrafiya və məqalələriniz daim diqqət və maraqla qarşılanmışdır. 1918-ci il Şamaxı soyqırımı, 1937-ci il repressiyalarının qurbanları haqqındakı əsərləriniz isə həqiqətən də tariximizin qaranlıq səhifələrinə işıq saçmaqla yanaşı, Azərbaycan elminə dəyərli töhfələrdir.
Əminəm ki, bizim köməyimizlə bu yaxınlarda nəşr ediləcək yeni “Şirvanlı Aşıq Məmmədağa” adlı kitabınız da oxucuların ürəyincə olacaqdır.
Azərbaycan Yazıçılar Birliyinin və Aşıqlar Birliyi İdarə Heyətinin üzvü kimi Şirvan ədəbi mühitinin, misilsiz Şirvan aşıq məktəbinin təbliği sahəsində fəaliyyətiniz də ölçüyəgəlməzdir və böyük əhəmiyyət kəsb edir.
Hörmətli Seyfəddin müəllim, Siz həm də Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının direktor müavinisiniz. Ali məktəbin uğurlarında Sizin məhsuldar fəaliyyətinizin, alim kimi tövsiyələrinizin, ağsaqqal kimi məsləhətlərinizin rolu ölçüyə gəlməzdir.
Bir daha ad gününüz münasibətilə Sizi təbrik edir, ömrünüzün kamillik çağında Sizə xoşbəxtlik, elmi araşdırmalarınızda və pedaqoji fəaliyyətinizdə nailiyyətlər diləyirik.
Hörmətlə,
Elxan Süleymanov,
Şamaxının millət vəkili