Elxan Süleymanov: Ştrasser qərəzlidir və məsələni bilərəkdən siyasiləşdirir.
AZADİNFORM. Bu günlərdə ölkə mediasında Azərbaycan rəsmilərinin birinin dilidən belə fikir bildirilib ki, Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı məruzəsi qəbul edilsə də Azərbaycan bunu yerinə yetirməyəcək.
“Azadinform”a açıqlamasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Şamaxının millət vəkili Elxan Süleymanov bu fikriə münasibətini bildirərərk qeyd edib ki, Azərbaycan Avropa Şurasının üzvüdür, bu quruma daxil olarkən müəyyən öhdəliklər götürüb və Avropa strukturları ilə əməkdaşlıq edir: “O ki, qaldı Ştrasserin məlum məruzəsinə, Ştrasser qərəzlidir və məsələni bilərəkdən siyasiləşdirir. Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan hökuməti adından rəsmi olaraq 2 dəfə Ştrasseri ölkəyə dəvət edib, lakin o dəvət edildiyi statusla Azərbaycana gəlməkdən imtina edib. Məruzəçi ölkəyə gəlmədən digər mənbələrdən əldə etdiyi məlumatlar əsasında guya “siyasi məhbus” olduqlarını iddia etdiyi şəxslərin siyahısını tərtib edib və bu səbəbdən də Ştrasserin siyahısı yanlışdır. Azərbaycan Prezidenti 26 dekabrda humanizm prinsiplərindən çıxış edərək növbəti əfv fərmanını imzaladı. Əfv fərmanı 87 nəfərə şamil olunub və bu fərmanla adları Ştrasserin siyahısında yer almış, həmçinin AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Bakıya son səfəri zamanı qeyd etdikləri 14 məhbus da azadlığa buraxılıb. Yanvarın 23-də Avropa Şurasında Ştrasserin məlum məruzəsinin müzakirə olunmasına gəldikdə isə, bir daha təkrar edirəm ki, Azərbaycan Avropa Şurasının üzvü olaraq üzərinə müvafiq öhdəliklər götürüb və əgər məruzə qəbul olunarsa, hesab edirəm ki, Azərbaycan hökuməti həmin siyahıda olan şəxslərin cinayət işlərini bir daha araşdıracaq və bu barədə Avropa Şurasını məlumatlandıracaqdır”.