Elxan Süleymanov: “Ramil Səfərovla bağlı qətnamə Avropa Parlamentində ciddi parçalanmaya səbəb oldu”
“Ramil Səfərovun işi ilə bağlı 13 sentyabr tarixli qətnamə Avropa Parlamentində təmsil olunan siyasi qruplar arasında ciddi parçalanmaya səbəb oldu. Bir halda ki, Avropa Parlamentində təmsil edilən bütün siyasi partiyalar qətnamənin altında imza atmayıb, bu, azlığın qətnaməsi kimi qəbul edilməlidir”. Bunu açıqlamasında Avronest PA Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.
E. Süleymanovun sözlərinə görə, Avropa Parlamentinin 3 siyasi qrupu (Sosialistlər, Liberal-Demokratlar və Avropada azadlıq və demokratiya) qətnaməni dəstəkləməyib: “Yalnız bir neçə deputat – təxminən ümumi sayın 8%-i qətnamənin lehinə səs verib. Lakin son nəticədə qətnamə daha çox Macarıstana aid edilə bilər, nəinki Azərbaycana. Avropa Xalq Partiyasını təmsil edən Macarıstandan olan deputatlar qətnamənin lehinə səs verməklə, ölkələrinin baş naziri cənab Orbanı qorumaq istəyiblər”.
Millət vəkilinin sözlərinə görə, qətnamənin lehinə səs vermiş Sosialistlər qrupunun vitse-prezidenti səsvermədən sonra səsini geri götürüb və sıralarında 14 macarıstanlı AP üzvü olan qrup nümayəndələrini də səslərini geri götürməyə, siyasi qrupun Bürosunun qərarına uyğun olaraq qətnamənin əleyhinə səs verməyə çağırıb: “Beləliklə, Sosialistlər qrupunun qətnamə lehinə səs vermiş üzvləri öz səslərini geri götürərək, qətnamənin əleyhinə səs verdikdən sonra qəbul edilmiş sənəd faktiki olaraq Sosialistlər, Liberal-Demokratlar, Avropada azadlıq və demokratiya qrupları istisna olmaqla, digər beş qrup tərəfindən qəbul edilmiş qətnamə olub.
Sonda qəbul edilmiş mətn Ramil Səfərovun ekstradisiyası və azad edilməsi kontekstində istənilən formada terrorizm təhdidlərini qınayır. Həmçinin burada Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməməsindən Azərbaycan ictimaiyyətinin məyusluğu ifadə edilir. Səsvermə öncəsi müzakirələr zamanı Azərbaycanda Səfərovun əfv edilməsindən daha çox Orban hökuməti tənqid edildi”.