Elxan Süleymanov: “Ermənistan Avronest PA-nın fəaliyyətinin iflic vəziyyətinə salınmasında maraqlıdır” – MÜSAHİBƏ

9 aprel 2012-ci il

“Ermənilər artıq bizimlə sivil mübarizədə uduzduqlarını başa düşüblər”

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Avronest Parlament Assamleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi.

– Avronest Parlament Assamleyasının Bakı sessiyasının nəticələrindən razı qaldınızmı?

– Nəinki mən, hətta sessiyaya qatılmış çoxsaylı nümayəndələr Avronest PA-nın Bakı şəhərində keçirilmiş ikinci sessiyasının işini yüksək qiymətləndirdilər. Bakı sessiyası sübut etdi ki, üzv dövlətlər arasında mövcud hər hansı bir problem, siyasi iradə olarsa Avronestin məhsuldar işinə mane olmaq iqtidarında deyil. Biz, Azərbaycan nümayəndə heyəti olaraq, hər zaman Avronest PA-nın fəaliyyətinə ciddi yanaşmışıq və gələcəkdə də bu qurumun uğurlu fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.

– Bakıdan qayıdaraq mətbuat konfransı keçirən Ermənistanın Avronest PA-da nümayəndə heyətinin üzvləri bir sıra gözlənilməz açıqlamalar verdilər…

– Bəli, həmişə olduğu kimi, bu dəfə də erməni həmkarlarımız çirkin mübarizə vasitələrinə əl atdılar. Elə sessiya zamanı Ermənistan nümayəndə heyəti iştirakçılar arasında anti-Azərbaycan xarakterli 3 kitab yaymışdı, özlərinə siyasi dividend qazanmaq naminə geniş və qeyri-obyektiv şərhlər vermişdi. Hətta Azərbaycan tərəfinin onları yüksək səviyyədə qarşılanmasını siyasiləşdirərək azərbaycanlıların torpaq itkisiylə barışdığını qeyd etmişdilər. Bu yanaşma subyektiv olmasıyla yanaşı, Azərbaycan tərəfinin ölkə daxilində nüfuzuna xələl yetirilməsinə yönəlmişdir. Belə nəticə çıxarmaq olar ki, Ermənistan tərəfi Azərbaycan tərəfinin radikallaşmasında, bununla da Avronest PA-nın bundan sonrakı fəaliyyətinin iflic vəziyyətinə salınmasında maraqlıdır. Lakin bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan Avronest PA-nın bundan sonra da uğurlu fəaliyyəti üçün əlindən gələni etməkdə israrlıdır. Biz həmişə tərəfdaşlarımızla sivil münasibətlərə üstünlük verəcəyik.

– Ermənilərin bu addımını nə ilə izah edirsiniz?

– Düşünürəm ki, ermənilər artıq bizimlə sivil mübarizədə uduzduqlarını başa düşüblər. Bizim hər uğurumuz onlarda böyük nifrətlə qarşılanır. Onların da bacardıqları yalandır və bundan geninə-boluna istifadə edirlər. Fevral ayında Yerevanda Avronest PA-nın Sosial komitəsinin iclası keçirildi. Ermənilərin də uğur qazanmaq üçün şansı var idi. Lakin onlar o iclasdan da öz məqsədləri üçün istifadə etdilər – ev sahibləri iclas iştirakçılarını əsas etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan çıxışçılar, tarixi faktları saxtalaşdıran xəritələr və şəkillərlə əhatə etdilər. Onlar Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda daim iclaslar keçirirlər. Əlbəttə, Sosial komitənin iclası keçirilən zalda belə bir xəritə yox idi və ola da bilməzdi, əks təqdirdə bizim nümayəndələrimiz iclasda iştirak etməzdilər. Lakin Ermənistan daimi olaraq Azərbaycan ərazilərini öz xəritələrində beynəlxalq prinsiplərə zidd göstərir və belə xəritələrə Ermənistanın hər yerində və müxtəlif mənbələrdə rast gəlmək olar./APA

Digər mənbələr:  milaz.info    ikisahil.com     525.az

 

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları