Elxan Süleymanov: “Dağlıq Qarabağ münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür”

İyun ayının 10-da Vyana şəhərində “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı Beynəlxalq Konfrans keçirilib. Konfransın Moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov olub.Konfrans iştirakçıları Azərbaycanın etibarlı neft-qaz təchizatçısı və qeyri-sabit region olan Cənubi Qafqazda Qərbin sabit müttəfiqi kimi rolu ilə bağlı fikir mübadiləsi edib, enerji daşıyıcıları, iqtisadiyyat, Avropa İttifaqı ilə əlaqələr, dini tolerantlıq və mədəniyyətlərarası dialoq mövzularında çıxışlar ediblər. Konfransda Azərbaycanın ən ağrılı məsələsi və regionda sabitliyə daim təhlükə olan Dağlıq Qarabağ problemi və onun yaratdığı fəsadlar barədə geniş müzakirələr aparılıb. 

 

Konfransda çıxış edən Innsbruk Universitetinin professoru cənab  Gerhard Manqot Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət barədə geniş açıqlama verərək, bölgədə olan münaqişələr heç də dondurulmuş deyil  və istənilən məqamda qarşıdurmanın silahlı fazası bərpa edilə bilər. Rusiya bölgədə baş verən  munaqişələrin arxasında dayanır və Ermənistanda onun 2 hərbi bazası mövcuddur ki, bu hərbi birləşmələr  bütün bölgədə olan vəziyyətə nəzarət etməyə imkan verir.

İsrailin Avstriyadakı səfiri Aviv Şir-On Azərbaycanla İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışmış və hər iki ölkənin taleyinin və geosiyasi vəziyyətinin oxşarlığı barədə fikirlərini bölüşüb.Azərbaycanın Sənaye və Energetika Naziri Natiq Əliyev çıxış edərək Azerbaycanın neft ixracatının tarixindən, ölkəmizin Avropa Birliyinin enerji təhlükəsizliyində önəmli rol oynamağa hazir olmasından danışıb.

Konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Elxan Süleymanov Azərbaycan barədə ətraflı məlumat verib və qeyd edib ki, siyasi baxımdan mürəkkəb və həssas coğrafi məkanda yerləşən Azərbaycan əsrlər boyu Şərqlə Qərb arasında ticarət və kommersiya üçün kəsişmə nöqtəsi olub.

Konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Elxan Süleymanov bildirib ki, 22 il əvvəl dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan  bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan edib. O qeyd edib ki, dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşib. Təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal edilib, 1 milyona yaxın azərbaycanlının bütün hüquqları pozulub və bu insanlar qaçqın və məcburi köçkünə çevrilib: “Təəssüf ki, bir çox hallarda Dağlıq Qarabağı Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi, problemi isə münaqişə kimi təqdim edirlər. Lakin, bu, münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür. Ermənistan Azərbaycana hərbi təcavüz edərək müharibə aparıb və Azərbaycan ərazilərini işğal edib. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan tərəfdir. Amma faktiki olaraq işğalçı dövlət olan Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoyulmur, əksinə, əksər hallarda Ermənistan müdafiə olunur. Heç bir beynəlxalq təşkilat bu dövlətə qarşı sanksiyalar tətbiq etmir ki, bu da onlara işğalçılıq siyasətini davam etdirmək üçün yaşıl işıq yandırır”.

Millət vəkili deyilənlərə misal olaraq AvroNest Parlament Assambleyasının bu ilin may ayında Brüsseldə keçirilən plenar sessiyasında baş verənlərə diqqət çəkərək bildirib ki, AvroNest PA-nın son sessiyasında Ermənistan nümayəndə heyəti və onların havadarları olan bəzi avropalı deputatlar bu təşkilatın qəbul etdiyi qətnamələrə işğalçı dövlətlə sərhədlərin açılması, işğal altında olan ərazilərin de-fakto hakimiyyət orqanları ilə əməkdaşlıq qurulması, Avropa İttifaqı nümayəndələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə Azərbaycan hökumətinin razılığı olmadan maneəsiz daxil ola bilməsi, müstəqil dövləti olan ermənilərə bir daha öz müqəddəratını təyin etmə hüququnun verilməsi və s. bu kimi absurd müddəalar daxil ediblər: “Məsələnin ən acınacaqlı tərəfi odur ki, bu təkliflərin müəllifləri işğalın aradan qaldırılmasını vacib saymaq əvəzinə, işğalçı Ermənistana dəstək göstərirdilər. Lakin Azərbaycan nümayəndə heyətinin prinsipiallığı və məsələyə ciddi yanaşması onlara bu məkrli planlarını həyata keçirməyə mane oldu”

E. Süleymanov bildirib ki, Azərbaycanın cəbhəyanı rayonlarında məskunlaşmış mülki əhali 25 ilə yaxındır ki, təhlükə altında yaşayır. Belə ki, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Sərsəng su anbarı Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşir. Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və ölkəmizin ən hündür su hövzəsidir, bu anbar 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. İşğal nəticəsində Azərbaycanın 7 rayonu Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib.

Konfransda çıxış edən İtaliyanın keçmiş Ticarət və Sənaye Naziri və Farefuturo Fondunun prezidenti cənab Adolfo Urso Dağlıq Qarabag probleminin yaddan çıxmış münaqişə olduğunu bildirib.  O, qeyd edib ki, Beynəlxalq təşkilatların məlum Qətnamələri icra edilmir, məsələnin həlli görünmür və Azərbaycanın qonşuları  ilə münasibətləri heç də asan deyil.
Qüdrət Həsənquliyev çıxışında Avropa İttifaqının Azərbaycanın problemlərinə biganə qalmamağa çağırıb. O qeyd edib ki, Aİ ilə ölkəmizin əlaqələrinin güclənməsi bəzi qonşu dövlətləri qıcıqlandırır və bu əməkdaşlığa süni əngəllər yaradılır. Lakin buna baxmayaraq Azərbaycan müstəqil siyasət aparır və ciddi nailiyyətlər əldə edir.

Fazil Mustafa Azərbaycan və Türkiyənin Aİ-yə  ən yaxın müsəlman ölkələri olmasını qeyd edib.  O, regionda olan munaqişələrin düşünülmüş və məqsədyönlü tarixi ssenarisi barədə fikirlərini bildirib və ölkəmizin problemlərini bir daha vurğulayıb.

Tədbirə yekun vuran cənab Qusenbauer Aİ-Azərbaycan əlaqələrinin güclənməsi zərurətindən, Azərbaycanda qeyri-neft sektorunun inkişafindan danışaraq media mənsublarını Sərsəng su anbarının hər an qəzaya uğraya bilməsi təhlükəsi və bu baş verərsə çoxlu sayda insan təlafatına səbəb olacağı barədə yazmağa çağırıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları