Elxan Süleymanov bəyanat verdi: “Human Rights Watch” təşkilatının iddiaları absurd səslənir – ETİRAZ
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov “Human Rights Watch” təşkilatının Prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrozoya ünvanladığı məktubla bağlı bəyanat yayıb.
“Azadinform” bəyanatı təqdim edir:
– Son illər Human Rights Watch, Amnesty İnternational və Avropa Sabitlik Təşəbbüsü kimi beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanla bağlı vacib hadisələr ərəfəsində qeyri-obyektiv və qərəzli xarakterli müraciətlərin hazırlanması və xüsusi canfəşanlıqla müxtəlif ünvanlara çatdırılması adi hala çevrilib. Bu müraciətlərin əsas məqsədi Azərbaycanı nüfuzdan salmaq, onun beynəlxalq imicinə zərbə vurmaqdan ibarət olub.
Belə müraciətlərdən biri Human Rights Watch təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri öncəsi hazırlanıb və 18 iyun 2013-cü il tarixdə Avropa Komissiyasının Prezidenti cənab Xose Manuel Barrozoya ünvanlanıb. Müraciət müəllifləri bu dəfə də nəinki öz ənənələrinə sadiq qalıblar, onlar hətta “xeyli irəli gedərək” məktubun əvvəlində cənab Barrozonu Prezident İlham Əliyevlə baş tutacaq görüşdə “Azərbaycanda insan hüquqlarının vəziyyətinin dayanmadan pisləşməsi ilə bağlı Avropa İttifaqının dərin narahatlığını açıq qeyd etməyə” və “Avropa Parlamentinin ötən həftə qəbul edilmiş təcili qətnaməsinə müvafiq olaraq, konkret irəliləyişlərə vadar etməyə” çağırırlar.
Maraqlıdır ki, müraciət müəllifləri Avropa Komissiyasının Prezidentini Azərbaycan Respublikasının Prezidentini “konkret irəliləyişlərə ”vadar etməyə”, konkret olaraq ifadə etsək Azərbaycan Pespublikasının prezidentinə təzyiq göstərməyə çağırırlar. Müraciət müəllifləri, görünür ki, Azərbaycan Respublikasının bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü olmasını, dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsaslarla qarşılıqlı fayda kəsb edən əməkdaşlıq əlaqələri qurmasını, nəhayət, Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirən müstəqil dövlət olmasını nəzərə almırlar. Onlar məqsədyönlü şəkildə müstəqil dövlətin başçısına hər hansı bir formada təzyiqlərin edilməsinin yolverilməz olmasına göz yumurlar. Müraciət müəllifləri planlı şəkildə Aİ ilə Azərbaycan arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olmasına məhəl qoymurlar.
Human Rights Watch təşkilatının Avropa Komissiyasının Prezidentinə ünvanlanmış müraciətində heç bir fakt gətirilmədən Azərbaycanda “siyasi motivlərlə həbs edilənlər”in olduğu, “ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarına dair beynəlxalq öhdəliklərinə zidd olan məhdudlaşdırıcı” qanunvericiliyin qəbul edildiyi iddia edilir. Qeyd edilməlidir ki, Azərbaycan bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, inkişaf etmiş sivil dünyaya, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan edib. Odur ki, Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərlərin bərqərar olmasına sadiqdir, bu istiqamətdə Avropanın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir, daim qanunvericiliyini təkmilləşdirir və müvafiq islahatlar aparır.
Eyni zamanda, xüsusi olaraq vurğulanmalıdır ki, ölkə vətəndaşların etiraz aksiyalarının və nümayişlərinin keçirilməsi ilə bağlı xüsusi yerlərin ayrılması Avropa ölkələrində qəbul edilmiş praktikadır və qanunvericiliyə bu məsələ ilə bağlı müddəaların əlavə edilməsi icitmai əsayişin qorunmasına, digər əhalinin hüquqlarının təmin edilməsinə xidmət edir. Bununla bərabər, sərbəst toplaşma azadlıqlarının yalnız qanunun müəyyən etdiyi çərçivədə ifadə edilməsi bütün Avropa ölkələrində qəbul edilmiş prinsipdir və ölkədə iğtişaş yaratmaq, vətəndaş itaətsizliyinə çağırış cəhdləri kimi hallara qarşı adekvat tədbir görülməsi mütərəqqi cəmiyyətlərdə hüquq prinsipləri ilə ziddiyyət təşkil etmir.
Müraciətdə Human Rights Watch təşkilatının “Avropa İttifaqı tərəfindən Assosiasiya Sazişi üzrə ilkin şərtlər üçün müəyyən olunmuş insan hüquqları standartları iclasında irəliləyiş əldə etmək istiqamətində Azərbaycanın uğursuzluğ”a düçar olması barədə iddiası açıq-aşkar iftira xarakteri daşıyır. Belə ki, qeyd edilənlərin əksinə olaraq, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrinin bir hissəsi kimi insan hüquqları şərtlərini qəbul etməkdən heç vaxt imtina etməyib. Əksinə, Aİ və Azərbaycan arasında Assosiasiya sazişinə dair danışıqlarda tərəflərin irəliləyişlərə nail olması barədə bəyanatları fonunda Human Rights Watch təşkilatının iddiaları absurd səslənir.
Müraciətdə bir qrup Avropa Parlamentinin 746 deputatdan yalnız 32 nəfər olmaqla üzvlərinin 5%-dən azını təşkil edən bir qrup deputatın iştirakı ilə “Azərbaycan: İlqar Məmmədov məsələsi” mövzusunda bu günlərdə qəbul edilmiş təəssüf doğuran təcili qətnamə xatırlanır və REAL hərəkatının həmsədri İlqar Məmmədovun “saxta xuliqanlıqla və zorakılığa təhrik aktı ilə” həbs edildiyi iddia edilir. Doğrudan da, 20-30 deputatın mövqeyini əks etdirən sənədin Avropa Parlamentinin ümumi mövqeyi kimi təqdim edilməsi Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli münasibətlərinə xidmət etmir və bu qurumun imicinə xələl gətirir. Belə ki, müzakirə olunan məsələ lazımi şəkildə dərindən araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib, birtərəfliliyə və qərəzli münasibətlərə üstünlük veriilib, sənəddə reallığı əks etdirməyən fikirlər öz əksini tapıb.
Müraciətdə “2013-cü ilin fevralında, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından (QHT) 200 avrodan artıq məbləğdə maliyyə vəsaiti alarkən rəsmi qrant sazişi imzalamağı tələb edən qanunvericilik dəyişiklikləri qəbul edilməsi” insan hüquqlarının məhdudlaşırılması kimi qiymətləndirilməsi də təəccüb doğurur. Azərbaycan hakimiyyətinin bu addımı ölkədə pul dövriyyəsinin legitim xarakter almasına və “çirkli” pulların leqallaşdırılmasının qarşısını almağa xidmət edir.
Diqqətə çatdırmaq istərdim ki, dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşib və təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal edilib, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, mülki əhalinin hüquqları kütləvi və kobud şəkildə pozulub, regionda humanitar böhran vəziyyəti yaranıb və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu vəziyyət 22 ildən artıqdır ki, davam edir.
Human Rights Watch isə beynəlxalq qeyri hökumət təşkilatı kimi fəaliyyət göstərir və dünya ölkələrində insan hüquqlarına dair hesabatlar hazırlayır, bəyanatlar və müraciətlərlə çıxış edir, özünü insan hüquqları və demokratiyanın obyektivliyi ilə seçilən müdafiəçisi kimi təqdim edir. Məntiqi sual meydana çıxır: nə üçün ayrı-ayrı hallarda bu və ya digər şəxsin saxlanılması və ya həbsi ilə bağlı böyük hay-küy yaradan Human Rights Watch təşkilatı qaçqın və məcburi köçkün həyatı yaşayan 1 milyona yaxın Azərbaycanlı mülki əhalinin 22 ildən artıq bir müddət ərzində kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, onların öz evlərinə qayıdaraq təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməsi istiqamətində məruzələr hazırlamayıb?
Məlumdur ki, Azərbaycanın cəbhəyanı rayonlarında məskunlaşmış mülki əhali 22 ildən artıqdırr ki, təhlükə altında yaşayır. Belə ki, 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş və 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malik olan Sərsəng su anbarı Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşir. Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşib və onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının dağılma ehtimalı böyükdür. Buna görə də Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib və ölkənin 7 rayonunun 400000 (dörd yüz min) nəfər əhalisinin həyatı ciddi təhlükə altındadır. Aydındır ki, hər an baş verə biləcək qəza ekoloji böhranla yanaşı, mülki əhalinin kütləvi şəkildə məhv edilməsinə və yenidən humanitar böhran vəziyyətinə gətirib çıxaracaq. Çox maraqlıdır, hansı səbəblər üzündən Human Rights Watch təşkilatı indiyədək Sərsəng su anbarında baş verə biləcək qəza nəticəsində bölgədə yaranacaq növbəti humanitar böhranın qarşısını almaq məqsədilə heç bir sənəd hazırlamayıb?
Görəsən, xüsusi canfəşanlıqla insan hüquqlarının Azərbaycanda vəziyyətinə dair qərəzli hesabatlar hazırlayan Human Rights Watch təşkilatının Ermənistanın işğalı nəticəsində yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasına biganəlik nümayiş etdirməsinin səbəbləri nədən ibarətdir? Bəlkə, kütləvi və kobud şəkildə hüquqları pozulmuş Azərbaycanlıların taleyinə Human Rights Watch təşkilatının biganəliyinin kökündə məsələ ilə bağlı digər təşkilatlardakı səbəblər dayanır və Human Rights Watch təşkilatı da Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair mütəmadi olaraq birtərəfli və qərəzli sənədlər hazırlamaqla faktiki olaraq digər təşkilatlar kimi açıq-aşkar işğalçı Ermənistanın müdafiəçisi kimi çıxış edir.
İşğalçı Ermənistana belə bir dəstəyə misal olaraq, AVRONEST Parlament Assambleyasının bu ilin may ayında keçirilən plenar sessiyasını misal gətirmək yerinə düşər. Qeyd edilən sessiyada ŞT ölkələrində təhlükəsizlik haqqında məruzə müzakirə edildi. Təəccüblü idi ki, qurumun Avropa Parlamentindən olan bir sıra üzvləri məruzəyə Ermənistanla Azərbaycan arasında sərhədlərin açılmasını, maneəsiz ticarət münasibətlərinin qurulmasını, Ermənistanın enerji layihələrinə cəlb edilməsini nəzərdə tutan təkliflər irəli sürmüşdülər. Kədərli hal ondan ibarət idi ki, bu təkliflərin müəllifləri işğalın aradan qaldırılmasını, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa olunmasını vacib saymırdılar, işğalçı Ermənistana dəstəyin göstərilməsi onlar üçün daha önəmli idi.
Yuxarıda qeyd edilənlər kontekstində məntiqi olaraq illik 43 milyon ABŞ dollarından atrıq büdcəyə malik olan Human Rights Watch təşkilatının beynəlxalq QHT-lər şəbəkəsində rolunun nədən ibarət olması və əslində hansı məqsədlərə xidmət etməsi barədə sual ortaya çıxır. Həqiqətdə isə, Human Rights Watch təşkilatının Avropa Komissiyasının Prezidenti J.M.Borrozaya göstəriş verməsindən belə qənaətə gəlinir ki, əslində bu təşkilat böyük güc mərkəzləri olan dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yaradılaraq Azərbaycan kimi kiçik dövlətlərə (Ermənistan istisna olmaqla) təzyiq vasitəsi kimi fəaliyyət göstərir və bu məqsədlərə nail olunmasında insan hüquqları və əsas azadlıqlarından alət kimi istifadə edir.
Nəhayət, ümid edirəm ki, Human Rights Watch təşkilatının bu müraciəti qeyri-obyektiv və qərəzli bir sənəd kimi qiymətləndiriləcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti cənab Xose Manuel Barrozonun Brüssel görüşünün mahiyyətinə və ikitərəfli maraqları əks etdirən işgüzarlığına təsir göstərə bilməyəcək.