Elxan Süleymanov: “Bu qətnamə Ermənistan dövlətinə işğalçı möhürünü vurdu”

Elxan Süleymanov: “Bu qətnamə Ermənistan dövlətinə işğalçı möhürünü vurdu”

 

“Avropa Şurası Parlament Assambleyasında yaşananlar Əsl mənada siyasi müharibə idi. Ermənistan və Avropa sözün əsl mənasında bütün zirehli maşınlarını Azərbaycana qarşı döyüşə çıxarmışdı”.
Bu sözləri millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov CBC-yə müsahibəsində deyib. O, özünün müəllifi olduğu qətnamə layihələrinin müzakirəsi zamanı yaşananları CBC-yə açıqlayıb.

“İki ildir bu layihə  Ermənistan hakimiyyətini silkələyir”


 Elxan  Süleymanovun müsahibəsini olduğu kimi təqdim edirik:
-Bu, əsl mənada siyasi müharibə idi. Ermənistan və Avropa bütün zirehli maşınlarını Azərbaycana qarşı döyüşə çıxarmışdı.
Hər iki məruzə mənim qətnamə layihəm əsasında hazırlanıb. Birinci məruzə – Volterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində gərginliyin artması” məruzəsi iki ildir ki, bütün beynəlxalq təşkilatları, Ermənistan hakimiyyətini, ATƏT Minsk  Qrupunu yerindən silkələyir. Onların təxribatlarına, gərginlik yaratmaqlarına baxmayaraq, məruzə komitədə böyük səs çoxluğu ilə qəbul edilmişdi və heç bir düzəliş olunmamışdı.
Erməniləri, ATƏT-in Minsk Qrupunu, AŞPA-nı, beynəlxalq təşkilatları təlaşa salan ancaq bir məsələ vardı: 23 ildir bəzi təşkilatlarda bütün dünyanın gözünə kül üfürən, Azərbaycan xalqını aldadan “Dağlıq Qarabağ münaqişəsi” adlı məruzələr olub. Həm BMT Təhlükəsizlik Şurası, həm ATƏT PA-da, həm 2005-ci ildə AŞ-də, həm də  2012-ci ildə Avropa Parlamentində iki qətnamə qəbul edildi. Bu qətnamələrin hamısı əhəmiyyətlidir. Lakin Volterin qoyduğu bu məsələ isə öz-özlüyündə tamamilə başqa bir mövzudur.
Mən hazırda Strasburqdayam.  Amma aldığım məlumata görə, Azərbaycan xalqına qarşı siyasi diversiya etmək istəyənlər, uğura paxıllıq edənlər bu hesabatı 2005-ci ildə qəbul edilən məruzə ilə qarışdırırlar. Bunlar tamamilə fərqli məruzələrdir. Həmin sənədin adı “Dağlıq Qarabağ münaqişəsi” idi. Bu dəfəki hesabat isə “Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artması” adlanır.
ATƏT-in Minsk Qrupu – üç böyük derjavanın siyasi hakimiyyətinin nümayəndələri Avropa Şurasının nümayəndələrin ultimativ olaraq bəyanat göndərdilər ki, “siz buna müdaxilə edə bilməzsiniz”.
AŞ-yə  üzv olan ölkələrin baş nazirləri, prezidentləri, xarici işlər nazirləri bir-bir öz ölkələrinin AŞPA nümayəndə heyətini üzvlərini çağıraraq onlara göstəriş veriblər ki, siz bu məruzəyə səs verməməlisiniz. 2 ildir Volterə olan hücumların, komitəyə olan hücumların bir məqsədi vardı – məruzənin adı dəyişdirilib “Dağlıq Qarabağ münaqişəsi” qoyulsun. Məhz bu  ifadə leksikonda qalsın deyə, bütün dünya birlikləri, güc mərkəzləri, din xadimləri – katoliklər, pravoslavlar ermənilərlə birləşib ölkə prezidentlərinə, nümayəndələrin göstəriş verərək belə bir ədalətsizliyə hökm verdilər.

“Deputatlara Volterin məruzəsi ilə bağlı möhkəm təzyiq olunmuşdu”


Lakin onlar ATƏT Minsk Qrupunun verdiyi istiqamətdə əsas məqamı unutdular ki, əsas hədəf – Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən sənədi aradan çıxarmaq idi. Bunlar öz güclərini məruzənin adını dəyişməyə yönəltdilər, deputatlar qorxudan susaraq Volterin məruzəsinə heç bir düzəliş verməmişdilər. Nə digər nümayəndə heyətləri, nə də ermənilərin özləri. Çünki məqsədləri bir idi. Amma Markeviçin qətnaməsinə 21 düzəliş verilmişdi. Bu düzəlişlərin heç biri keçmədi. Birinci məruzədə 4 səslə uduzduq, lakin Sərsəng su anbarına aid qətnamədə 98 səs çoxluğu ilə udduq. Bu da bir daha  təsdiqləyir ki, deputatlara ancaq Volterin məruzəsi ilə bağlı möhkəm təzyiq edilmişdi.
Sərsəng su anbarı ilə bağlı qətnamədə açıq şəkildə yazılır ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Və işğal etdiyi torpaqların ərazisində yerləşən Sərsəng su anbarı humanitar faciə təhlükəsi altındadır.
Burada vurğulanır ki, Ermənistan dövləti silahlı qüvvələri ilə Azərbaycan torpaqlarını işğal edib. Onlar işğal etdiyi Sərsəng bölgəsindən Ermənistan silahlı qüvvələri dərhal geri çəkilməlidir. Qeyd olunur ki, Ermənistan tərəfindən işğal olunan torpaqların ətrafındakı 6 rayona ekoloji təcavüz var. Bu işğalçı möhürü Sərsəng su anbarına, həm də Volterin məruzəsinə olan təxribatların birdəfəlik qarşısını aldı. Bu qətnamə bütün dünyada Ermənistan dövlətinə işğalçı möhürünü vurmuş oldu.
Hesab edirəm ki, bu, Azərbaycan xalqının ən böyük uğurudur. Azərbaycan hakimiyyətinin, Azərbaycan prezidentinin xarici siyasətinin böyük uğurudur.

“Ermənilər sonradan ayıldılar ki, bir dənə də düzəliş keçirdə bilməyiblər”


Ermənilər sonradan ayılıblar ki, bir düzəlişi də keçirdə bilməyiblər. Təəssüf ki, mediada vətənpərvər hisslərini itirən bəziləri paxıllıqdan bu məruzəyə qarşı çıxırlar və ancaq ona önəm verirlər ki, Azərbaycan nümayəndə heyətin bu qətnaməni yerli-yersiz verib və guya bununla da 2005-ci i qətnamə layihəsinin mahiyyətini məhv edib. Mən onlara “ar olsun” deyirəm.
Ümidvaram ki, bu tarixi qələbə Azərbaycanın işğal olunmuş torpaqların mübarizədə xalqımıza ruh verəcək.
 Aşağıdakı linkdə müsahibənin səs yazısını dinləmək olar: 

  

Mənbə: http://cbc.az/az/news/all-news/elxan-suleymanov-bu-qetname-ermenistan-dovletine-ishgalchi-mohurunu-vurdu.page

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları