Elxan Süleymanov: Bu, münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür

“Dövlət müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşib. Təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu işğal edilib, 1 milyona yaxın azərbaycanlının bütün hüquqları pozulub və bu insanlar qaçqın və məcburi köçkünə çevrilib. Odur ki, təcavüzün aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması Azərbaycanın xarici siyasətində əsas fəaliyyət istiqamətlərindən biri olub”. “Azadinform” xəbər verir ki, bu barədə açıqlama ilə Vyanada “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı beynəlxalq konfransda çıxış edən millət vəkili Elxan Süleymanov çıxış edib.   

E.Süleymanov təəssüflə bildirib ki, bir çox hallarda Dağlıq Qarabağı Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi, problemi isə münaqişə kimi təqdim edirlər: “Lakin, bu, münaqişə deyil, bu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür. Ermənistan Azərbaycana hərbi təcavüz edərək müharibə aparıb və Azərbaycan ərazilərini işğal edib. Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalan tərəfdir. Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən Qətnamələr qəbul edilsə də, təəssüf ki, beynəlxalq təşkilatların qəbul etdikləri həmin qətnamələr kağız üzərində qalıb və onların heç biri icra olunmur. Bundan əlavə, faktiki olaraq işğalçı dövlət olan Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoyulmur, əksinə, əksər hallarda Ermənistan müdafiə olunur. Heç bir beynəlxalq təşkilat bu dövlətə qarşı sanksiyalar tətbiq etmir və bu da onlara işğalçılıq siyasətini davam etdirmək üçün yaşıl işıq yandırır”.

Millət vəkili deyilənlərə misal olaraq AvroNest Parlament Assambleyasının bu ilin may ayında Brüsseldə keçirilən plenar sessiyasında baş verənlərə diqqət çəkib. O bildirib ki, AvroNest PA-nın son sessiyasında Ermənistan nümayəndə heyəti və onların havadarları olan bəzi avropalı deputatlar bu təşkilatın qəbul etdiyi Qətnamələrə işğalçı dövlətlə sərhədlərin açılması, işğal altında olan ərazilərin de-fakto hakimiyyət orqanları ilə əməkdaşlıq qurulması, Avropa İttifaqı nümayəndələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə Azərbaycan hökumətinin razılığı olmadan maneəsiz daxil ola bilməsi, müstəqil dövləti olan ermənilərə bir daha öz müqəddəratını təyin etmə hüququnun verilməsi və s. bu kimi absurd müddəalar daxil etmişdilər: “Məsələnin ən acınacaqlı tərəfi odur ki, bu təkliflərin müəllifləri işğalın aradan qaldırılmasını vacib saymaq əvəzinə, işğalçı Ermənistana dəstək göstərirdilər. Lakin Azərbaycan nümayəndə heyətinin prinsipiallığı və məsələyə ciddi yanaşması onlara bu məkrli planlarını həyata keçirməyə mane oldu”.

Elxan Süleymanov bildirib ki, Azərbaycanın cəbhəyanı rayonlarında məskunlaşmış mülki əhali 25 ilə yaxındır ki, təhlükə altında yaşayır: “Belə ki, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Sərsəng su anbarı Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşir. Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və ölkəmizin ən hündür su hövzəsidir, bu anbar 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. İşğal nəticəsində Azərbaycanın 7 rayonu Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib. Sərsəng su anbarı işğal altında olması səbəbindən texniki qurğular baxımsızlıqla üzləşmiş və hazırda qəzalı vəziyyətə düşmüşdür. Odur ki, bu su anbarının təbii fəlakət, texniki nasazlıq və ya əvvəlcədən düşünülmüş təxribat üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib və bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır”

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları