Elxan Süleymanov: “Beynəlxalq ictimaiyyəti Ermənistanda keçirilmiş prezident seçkilərini qeyri-legitim hesab etməyə çağırırıq”
Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb. E. Süleymanovun ofisindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, fevralın 18-də Ermənistanda keçirilmiş prezident seçkiləri zamanı beynəlxalq ictimaiyyət “dövlət administrasiyasının bitərəf olmaması və inzibati resurslardan sui-istifadəni” qeyd edib və seçicilərə təzyiq hallarından narahatlıq ifadə edib: “Müşahidəçilər seçki günü vəzifəli şəxsləri təmsil edən nümayəndələr tərəfindən prosesə qeyri-müvafiq müdaxilə olmasını və bəzi ciddi qanun pozuntularını müşahidə etdiklərini bildiriblər.
Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb. E. Süleymanovun ofisindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, fevralın 18-də Ermənistanda keçirilmiş prezident seçkiləri zamanı beynəlxalq ictimaiyyət “dövlət administrasiyasının bitərəf olmaması və inzibati resurslardan sui-istifadəni” qeyd edib və seçicilərə təzyiq hallarından narahatlıq ifadə edib: “Müşahidəçilər seçki günü vəzifəli şəxsləri təmsil edən nümayəndələr tərəfindən prosesə qeyri-müvafiq müdaxilə olmasını və bəzi ciddi qanun pozuntularını müşahidə etdiklərini bildiriblər. Ancaq beynəlxalq ictimaiyyətin bu ciddi qeydləri bizi narahat etmir. Bizi seçki kampaniyası dövründə prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil edilməsi və odlu silahdan atəş nəticəsində onun yaralanması, prezidentliyə namizədlərdən digərinin seçki kampaniyası zamanı baş verən pozuntulara etiraz olaraq aclıq aksiyası keçirməsi və nəhayət, çoxsaylı və ciddi hüquq pozuntularına etiraz olaraq Ermənistan cəmiyyətinin böyük bir hissəsinin seçkilərin nəticələrini tanımaması da bizi narahat etmir. Bizi narahat edən və dərindən təəssüfləndirən beynəlxalq ictimaiyyətin Ermənistanda keçirilmiş prezident seçkilərini demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından müsbət qiymətləndirilməsidir”.
Bəyanatda qeyd olunur ki, ağırlaşdırıcı məqam ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-ci ildə günahsız mülki əhaliyə qarşı ağır soyqırımı törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan yenidən prezident seçilib. S. Sarkisyanın Xocalıda mülki əhaliyə qarşı etnik zəmində törədilmiş qanlı cinayətlərin müəlliflərindən biri və iştirakçısı olduğunu onun özü tərəfindən etiraf edilməsi də xatırladılır: “Ən anlaşılmaz məqam isə odur ki, beynəlxalq ictimaiyyət bu seçkiləri və onun nəticələrini demokratiklik, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirməklə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və 20% ərazilərin 25 illik işğalı faktına, törədilən bütün müharibə cinayətlərinə, insanlığa qarşı cinayətlərə laqeyd münasibətini nümayiş etdirir və hətta hərbi cinayətkarın dövlət başçısı seçilməsini təqdir edir. Beynəlxalq ictimaiyyət bununla da öz sənədlərində ehtiva etdiyi demokratik dəyərlər, insan hüquqlarına hörmət, hüququn aliliyi kimi bütün fundamental normaları ciddi şübhə altına alıb. Bu isə bütövlükdə demokratik dəyərlər sisteminin və onların qiymətləndirilməsinin korroziyaya məruz qalmasından xəbər verir. Ermənistanın törətdiyi təcavüz cinayətləri, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər açıq-aydın insan hüquqları və demokratiyaya dair bütün prinsiplərə zidd olmasına baxmayaraq, ən mühüm beynəlxalq təşkilatlar: ATƏT DTİHB, ATƏT PA, AŞ PA və Avropa Parlamentini təmsil edən rəsmi nümayəndə heyətlərinin çox hörmətli üzvləri bu seçkiləri təqdir edir. Biz işğalçı dövlət olan Ermənistanda keçirilmiş seçkilərə və xüsusilə də günahsız mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş bir şəxsin prezident seçilməsinə beynəlxalq ictimaiyyət tərəfindən demokratiklik, insan hüquqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi cəhdlərinə etiraz edirik və bu seçkiləri qeyri-legitim hesab edirik. Qeyd edilənləri nəzərə alaraq, beynəlxalq ictimaiyyətdən və seçkiləri rəsmi müşahidə missiyalarından Ermənistanda keçirilmiş prezident seçkilərini, Serj Sarkisyanın prezident seçilməsini qeyri-legitim hesab etməyə çağırırıq. Eyni zamanda, Avropa İttifaqını Azərbaycan əraziləri hərbi işğaldan azad edilməyənədək Ermənistanla assosiasiya sazişi imzalamaqdan imtina etməyə, ATƏT və AŞ Parlament Assambleyalarında, Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda yaranmış vəziyyətin müzakirə edilməsini tələb edirik”.