Elxan Süleymanov: “Bəziləri Ramil Səfərov məsələsindən Macarıstana qarşı bəhanə kimi istifadə edir”
02 Oktyabr 2012 19:18
AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin üzvü Elxan Süleymanovun Ramil Səfərovun işi ilə bağlı AŞ PA Monitorinq Komitəsində çıxış edib. APA-nın xəbərinə görə, E.Süleymanov məsələ ilə bağlı bir neçə aspekti diqqətə çatdırıb.
02 Oktyabr 2012 19:18
AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin üzvü Elxan Süleymanovun Ramil Səfərovun işi ilə bağlı AŞ PA Monitorinq Komitəsində çıxış edib. APA-nın xəbərinə görə, E.Süleymanov məsələ ilə bağlı bir neçə aspekti diqqətə çatdırıb.
Onun sözlərinə görə, R.Səfərovun təhvil verilməsi və sonra əfv olunması Macarıstan və Azərbaycanın qanunlarına, beynəlxalq sazişlərə və “Məhkum Olunmuş Şəxslərin Verilməsi”nə dair Konvensiyaya tam müvafiq şəkildə həyata keçirilib: “Çoxları qanun nəticəsində baş verənləri xoşlamırlar, lakin mən düşünürəm ki, qanunlar bizim hamımızı harmoniyada saxlayır və bu məsələ tamamilə qanunidir. Bizi məsələnin özü deyil, sonra baş verənlər narahat etməlidir”.
E.Süleymanov həmkarlarını ilk növbədə Dağlıq Qarabağda sülhün bərqərar olması ilə məşğul olmağa çağırıb: “Ayrıca Ramil Səfərovla bağlı nə baş verməsindən asılı olmayaraq, Ermənistan kimi ölkənin Cənubi Qafqazda müharibənin yenidən başlamasına bu qədər yaxın ola bilməsi dözülməzdir. Ermənistan prezidentinin aqressiv bəyanatları, Azərbaycana qarşı media və internetdə nifrət dolu kampaniyalar, qeyri-qanuni işğal edilmiş ərazilərin müstəqilliyini tanımaq təklifi – bunlar hamısı həqiqətən danışmalı olduğumuz məsələlərdir. Ermənistanın münasibətinə görə bütöv bir regionun müharibə həddində olduğu bir vaxtda insanlar necə bir şəxsin taleyinə görə narahat ola bilər? Bəs nə üçün bu qədər çox adam unudur ki, Ermənistan hətta indi məhz bu qurumun qəbul etdiyi qətnamələrə qarşı və qeyri-qanuni olaraq ölkəmin beşdə bir hissəsini işğal altında saxlayır?”
Azərbaycanlı deputat onu da vurğulayıb ki, Avropa Parlamentində olduğu kimi, bəziləri Macarıstanı və onun daxili siyasətini müzakirə etmək istəyir və bu məsələdən sadəcə bir bəhanə kimi istifadə edirlər: “Düşünürəm ki, bütöv bir ölkəyə və ya iki ölkə arasındakı ikitərəfli razılıqlara hücum etmək üçün bir şəxsin, bir məhbusun taleyindən istifadə etmək məsuliyyətsizlikdir. Və yaxud bütövlükdə başqa bir işi müzakirə etmək üçün bu məsələdən istifadə etmək də müdrik hərəkət deyil. Biz burada insan hüquqlarını müzakirə etməyə öyrəşmişik. Bəs Ramil Səfərovun öz doğma ölkəsinə transferi üçün müraciət etmək kimi insani və qanuni hüququ necə? Bu hüquqa da hörmət edildi, onun prezident əfvi üçün müraciəti və əfv olunmaq hüququna da. Biz bu məsələni maksimum bu həddə kimi müzakirə edə bilərik. Qalan hər şey təcavüzkar işğalçı dövlətin agentləri tərəfindən verilmiş adi siyasi yanlış məlumatlardır. Biz onların münasibətinə təəssüf edir və ümid edirik ki, Cənubi Qafqazda müharibənin real, dinc yolla həlli üçün yenidən danışıqlara başlaya bilərik”. /APA/