Elxan Süleymanov: “Azərbaycan Avronest Parlament Assambleyasının Bakı sessiyasına tam hazırdır”
19 Mart 2012-ci il
Bu barədə APA-ya Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov məlumat verib. O bildirib ki, qurumun aprelin 2-dən 4-dək Bakıda keçiriləcək sessiyasına texniki və təşkilati hazırlıq işləri başa çatdırılıb. Sessiya Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.
E. Süleymanov martın 15-də Strasburqda Avronest PA-nın Büro iclasının keçirildiyini deyib. İclasda Bakı sessiyasının gündəliyi müzakirə edilərək təsdiqlənib. Gündəlikdə qurumun plenar sessiyası, daimi komitələrin və Belarus üzrə işçi qrupun iclaslarının, eləcə də büro iclasının keçirilməsi haqqında razılıq əldə edilib. Cari ilin yanvar ayının sonlarında Siyasi məsələlər, Enerji təhlükəsizliyi və İqtisadi inteqrasiya komitələrinin Brüsseldə, Sosial məsələlər komitəsinin isə fevral ayında İrəvanda iclaslarının keçirildiyini xatırladan E. Süleymanovun sözlərinə görə, bu iclaslarda komitələrin hazırladıqları məruzə layihələri müzakirəyə çıxarılıb. Həmin sənədlər qurum üzvləri və “Şərq Tərəfdaşlığı” milli nümayəndə heyətləri tərəfindən əlavə və dəyişikliklər aparılması üçün açıq elan edilib: “Bu sənəd layihələri bütövlükdə qurumun məqsədlərini əks etdirməklə yanaşı, eyni zamanda Azərbaycanın maraqlarına uyğundur.
Bakı sessiyası zamanı komitələr tərəfindən hazırlanmış sənədlər təklif edilmiş əlavə və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul ediləcək”.
Siyasi məsələlər komitəsində həmməruzəçi millət vəkili Əli Hüseynli, Enerji təhlükəsizliyi komitəsində həmməruzəçi millət vəkili Rasim Musabəyov olacaq. E. Süleymanov qeyd edib ki, Azərbaycan tərəfi ikinci sessiyaya ev sahibliyi edəcək tərəf kimi sessiyanın gündəliyi ilə bağlı bir sıra təkliflər irəli sürüb. Bu təkliflər sırasında Avronest PA həmprezidentləri Kristian Vigenin və Boris Tarasyukun rəhbərliyi ilə qurumun Büro üzvlərinin prezident İlham Əliyevlə görüşü və dövlət başçısının plenar sessiyada çıxış etməsi yer alıb. Bu təkliflər müzakirə edilərək qəbul edilib. Azərbaycan tərəfi həmçinin komitə iclaslarında müzakirə ediləcək mövzu çərçivəsində müvafiq nazirliklərin yüksək səviyyəli məmurlarının çıxış etməsi təklifini verib. Xarici işlər naziri Elmar Məmmədyarovun Siyasi məsələlər komitəsinin, sənaye və energetika naziri Natiq Əliyevin Enerji təhlükəsizliyi komitəsinin, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın İqtisadi inteqrasiya komitəsinin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin isə Sosial məsələlər komitəsinin iclasında çıxış etmələri haqqında razılıq əldə olunub. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və ya vitse-prezidenti Elşad Nəsirovun, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlovun Enerji təhlükəsizliyi komitəsinin, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Siyasi məsələlər komitəsinin, təhsil naziri Misir Mərdanovun, gənclər və idman naziri Azad Rəhimovun isə Sosial məsələlər komitəsinin iclasına dəvət edilmələri barədə Azərbaycan tərəfinin təklifi müsbət qarşılanıb.
Millət vəkilinin sözlərinə görə, Avronest PA iki komponentdən ibarətdir. Bu komponentlərin biri Avropa Parlamentinin 60 nəfər deputatından, digəri isə “Şərq Tərəfdaşlığı” ölkələrinin (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan) hər birinin milli parlamentlərinin 10 deputatından təşkil edilib. Bakı sessiyasında Avronest PA-nın Avropa Parlamenti komponenti və Ukrayna, Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətləri tam tərkibdə iştirak edəcəklər. Bakı sessiyası zamanı bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, ilk dəfə olaraq qurumda elektron səsvermədən istifadə olunacaq. Bunun üçün səsvermədə iştirak edəcək nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər. Həmçinin Avronest PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək.