Elxan Süleymanov: “Azərbaycan AVRONEST PA-nın BAKI sessiyasına tam hazırdır”

19 mart 2012-ci il

Azərbaycan AVRONEST Parlament Assambleyasının BAKI sessiyasına tam hazırdır. SİA-nın xəbərinə görə, bu barədə AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib. Onun sözlərinə görə qurumun 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək sessiyasına texniki və təşkilati hazırlıq işləri başa çatdırılıb. Bakı sessiyası Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.

Elxan Süleymanov bildirdi ki, mart ayının 15-də Strasburqda AVRONEST PA-nın Büro iclası keçirilib. İclasda Bakı sessiyasının gündəliyi müzakirə edilərək təsdiq edilmişdi. Gündəlikdə qurumun plenar sessiyası, daimi komitələrin və Belarus üzrə işçi qrupu iclaslarının, eləcə də büro iclasının keçirilməsi haqqında razılıq əldə edilmişdi.

Millət vəkili cari ilin yanvar ayının sonlarında Siyasi məsələlər, Enerji təhlükəsizliyi və İqtisadi inteqrasiya komitələrinin Brüsseldə, Sosial məsələlər Komitəsinin isə fevral ayında İrəvanda iclaslarının keçirildiyini xatırladaraq bu iclaslarda Komitələrin hazırladıqları məruzə layihələrinin müzakirəyə çıxarıldığını, həmin sənədlərin qurum üzvləri və Şərq Tərəfdaşlığı milli nümayəndə heyətləri tərəfindən əlavə və dəyişikliklər edilməsi üçün açıq elan edildiyini vurğulayıb. Bu sənəd layihələri bütövlükdə qurumun məqsədlərini əks etdirməklə yanaşı, eyni zamanda Azərbaycanın maraqlarına uyğundur. Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlər təklif edilmiş əlavə və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul ediləcəkdir. Siyasi məsələlər Komitəsində həmməruzəçi millət vəkili Əli Hüseynli, Enerji təhlükəsizliyi Komitəsində həmməruzəçi millət vəkili Rasim Musabəyov olacaq.

Elxan Süleymanov həmçinin bildirdi ki, Azərbaycan tərəfi ikinci sessiyaya ev sahibliyi edəcək tərəf kimi sessiyanın gündəliyi ilə bağlı bir sıra təkliflər irəli sürüb. Bu təkliflər sırasında AVRONEST PA həmprezidentləri cənab Kristian Vigenin və cənab Boris Tarasyukun rəhbərliyi ilə qurumun Büro üzvlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü və Prezident İlham Əliyevin Plenar sessiyada çıxış etməsi yer almışdı. Bu təkliflər müzakirə edilərək qəbul edildi.

Millət vəkili bildirdi ki, Azərbaycan tərəfi bundan əlavə Komitə iclaslarında müzakirə ediləcək mövzu çərçivəsində ölkəmizin müvafiq nazirliklərinin yüksək səviyyəli məmurlarının çıxış etməsi təklifini verib. Xarici işlər naziri Elmar Məmmədyarovun Siyasi məsələlər Komitəsinin, Sənaye və energetika naziri Natiq Əliyevin Enerji təhlükəsizliyi Komitəsinin, İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın İqtisadi inteqrasiya Komitəsinin və Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin isə Sosial məsələlər Komitəsinin iclasında çıxış etmələri haqqında razılıq əldə edilib.

Elxan Süleymanov eyni zamanda məlumat verdi ki, Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayevin və ya vitse-prezidenti Elşad Nəsirovun və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru cənab Akim Bədəlovun Enerji təhlükəsizliyi komitəsinin, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənovun və Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahovun Siyasi məsələlər komitəsinin, Təhsil Naziri cənab Misir Mərdanovun, İdman və gənclər naziri Azad Rəhimovun isə Sosial məsələlər komitəsinin iclasına dəvət edilmələri barədə Azərbaycan tərəfinin təklifi müsbət qarşılanaraq qəbul edilib.

Millət vəkili qeyd etdi ki, AVRONEST PA iki komponentdən ibarətdir. Bu komponentlərin biri Avropa Parlamentinin 60 nəfər deputatından və digəri isə Şərq Tərəfdaşları ölkələrinin (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan) hər birinin milli parlamentlərinin 10 deputatından təşkil edilib. Bakı sessiyasında AVRONEST PA-nın Avropa Parlamenti komponenti və Ukrayna, Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətləri tam tərkibdə iştirak edəcəklər.

Elxan Süleymanovun sözlərinə görə, AVRONEST PA-nın Bakı sessiyası zamanı bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, ilk dəfə olaraq qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək. Bunun üçün səsvermədə iştirak edəcək Avropa Parlamenti üzvləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər. Bununla yanaşı, AVRONEST PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək. Artıq internet saytının hazırlanması son mərhələdədir və yaxın günlərdə istifadəçilərin ixtiyarına veriləcək.

Sonda AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri plenar sessiyanın keçiriləcəyi ilk Şərq Tərəfdaşlığı ölkəsinin Azərbaycan olmasını böyük siyasi uğur kimi səciyyələndirərək ölkəmizin mötəbər tədbirin keçirilməsinə tam hazır olduğunu qeyd etdi. O, Bakı sessiyasının müvəffəqiyyətlə keçiriləcəyinə və gələcəkdə AVRONEST PA-nın Şərq Tərəfdaşlığı ölkələrində keçiriləcək analoji sessiyalar üçün təcrübə mənbəyi olacağına əmin olduğunu bildirdi.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları