Elxan Süleymanov: AŞPA Monitorinq Komitəsinin məruzəsini bütövlükdə konstruktiv hesab etmək olar
AŞPA Monitorinq Komitəsinin sentyabr ayının 4-də Parisdə keçirilən iclasında həmməruzəçilər Azərbaycanla bağlı hazırladıqları məruzənin ilkin variantını təqdim etdilər və məruzə ilə bağlı müzakirələr aparıldı. Bu barədə Monitorinq Komitəsinin üzvü, Şamaxının Millət vəkili Elxan Süleymanov məlumat verdi.
Millət vəkili bildirdi ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin hazırladıqları məruzə son 4 il ərzində ölkədə baş verən dəyişiklikləri özündə əks etdirir. Məruzədə insan hüquqları və əsas azadlıqlar, demokratik institutlar, siyasi və iqtisadi islahatlarla bərabər, region ətrafında mövcud geosiyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölmələr öz əksini tapıb. Bu baxımdan məruzənin ölkədə baş verən prosesləri bütövlükdə əhatə ediyi qənaətinə gəlmək olar.
Elxan Süleymanovun qənaətinə görə, məruzədə diqqəti çəkən və vacib əhəmiyyət kəsb edən məqamlardan biri ondan ibarətdir ki, sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi bölmə həsr edilib. Burada AŞPA tarixində ilk dəfə olaraq ATƏT-in Minsk Qrupu tənqid edilib və Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi regionun inkişafına ciddi təhdid kimi təqdim edilib. Azərbaycan parlamentarisi eyni zamanda məruzədə İranın müstəqil Azərbaycanın mövcudluğuna qarşı təhdidi, bütövlükdə regionun geosiyasi reallığı və yerli əhalinin bununla bağlı Avropadan gözləntilərin olmasının vurğulanmasını müsbət hal kimi qiymətləndirdi.
Elxan Süleymanov müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidovla birgə ilk qeydlərini bildirmək üçün çıxış etdiklərini diqqətə çatdırdı. O, çıxışında AŞPA Monitorinq Komitəsinin məruzəsinin bütövlükdə konstruktiv və hərtərəfli sənəd kimi qiymətləndirdiyini, onun əsas etibarilə dəqiq faktlara və rəqəmlərə əsaslanmasını diqqətə çatdırdığını bildirdi. Elxan Süleymanov eyni zamanda məruzədə göstərilən faktların heç də hamısının müfəssəl məlumatlara istinad etmədiyini və bir sıra müddəalara mütləq düzəliş edilməli olduğunu bildirdi.
Millət vəkili həmçinin qeyd etdi ki, prosedur qaydalarına əsasən Azərbaycan tərəfi məruzəyə öz münasibətini 3 ay müddətində bildirməlidir. Əlbəttə ki, biz bu hüququmuzdan istifadə edəcəyik, müvafiq qaydada məruzəyə əlavə və dəyişikliklər təklif edəcəyik.
Sonda Elxan Süleymanov Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məruzənin ilkin variantının müzakirəsini bütövlükdə işgüzar şəraitdə keçirildiyini və Azərbaycan tərəfinin yaxın zamanlarda məruzə ilə bağlı rəyinin təqdim ediləcətini bir daha vurğuladı.