Elxan Süleymanov: “Avropa Şurasının son iclasında Azərbaycanın qazandığı uğur haqqın və ədalətin təntənəsidir”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 23-də keçirilən plenar iclasında Azərbaycanla bağlı aparılan müzakirələr böyük maraqla qarşılanıb.
Gün.Az-ın məlumatına görə, bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Azərbaycanla bağlı müzakirələrdə 222 parlamentarinin iştirak etdiyini və 60-dan çox məruzənin dinlənildiyini deyən millət vəkili bunu Azərbaycanın artan nüfuzunun göstəricisi olduğunu vurğulayıb:
“İclasda əsas iki məruzə- Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat və Avropa Şurasının məruzəçisi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair hesabatı dinlənildi.
Birinci məruzə 192 səs lehinə olmaqla Azərbaycanın xeyrinə qəbul olundu. Bu isə o deməkdir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib və Azərbaycanda son illər baş verən siyasi irəliləyişlər nəzərəçarpan dərəcədədir”.
E.Süleymanov K.Ştrasserin Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair hesabatının da Azərbaycanın xeyrinə həll olunduğunu və deputatların əksəriyyətinin sözügedən hesabatın əleyhinə səs verdiklərini söylədi.
“Avropa Şurasının nümayəndələri Azərbaycanda olan zaman bir sıra mühüm görüşlər keçirib və belə bir qənaətə gəlmişdilər ki, Azərbaycanda ehtimal olunan siyasi məhbusların sayı 22 nəfər ola bilər.
Onların da 14-nü Prezident İlham Əliyev dekabrın 26-da əfv etdi, digər 8 nəfərin işi isə istintaqda olduğu üçün məhkəmənin qərarı olmadan onlar heç cür onları siyasi məhbus hesab oluna bilməz.
Ştrasser isə məruzəsində Azərbaycanda 85 nəfər siyasi məhbus olduğunu bildirmişdi. Ona görə də sessiya əsasən bu ziddiyyət üzərində getdi. Nəticədə isə K.Ştrasserin Azərbaycan hökuməti, Avropa Şurasının Azərbaycandakı nümayəndə heyəti üzvləri və hüquq müdafiəçiləri ilə iş birliyi qura bilməməsi və məsələyə qərəzli yanaşması əsas götürülərək onun hesabatı qəbul edilmədi”.
Sessiyada çıxış edənlərin əksəriyyətinin Azərbaycan haqqında yüksək fikirlər səsləndirdiyini deyən millət vəkili sessiyada Azərbaycanın uğurunu haqqın və ədalətin təntənəsi kimi qiymətləndirib.