Elxan Süleymanov: “Avropa Şurasının Dağlıq Qarabağ problemini mürəkkəb münaqişə kimi qələmə verməsi düzgün deyil”
Şamaxı. Elvin Yaqubov-APA. Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti (AVCİYA) Elxan Süleymanov dekabrın 27-də Şamaxı şəhərində mətbuat konfransı keçirib. APA-nın məlumatına görə millət vəkili Elxan Süleymanov tədbirdə seçiciləri ilə keçirdiyi görüşlər, onların sosial problemlərinin həlli ilə bağlı rayonda gördüyü işlər barədə, eləcə də AVRONEST Parlament Assambleyasındakı fəaliyyəti haqda məlumat verib. İctimai-siyasi fəaliyyəti barədə geniş danışan millət vəkili bu il aprelin 2-4-də Bakıda keçirilən AVRONEST Parlament Assambleyasının II sessiyasının işini əks etdirən və 5 dildə çap olunan kitabı KİV nümayəndələrinə təqdim edib.
E.Süleymanov Avropa Şurası Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin və Monitorinq Komitəsinin üzvü kimi gördüyü işlər və qarşılaşdıqları problemlərlə bağlı məlumat verib. O bildirib ki, beynəlxalq təşkilatlarda, eləcə də Avropa qurumlarında Azərbaycana qarşı çox böyük ayrı-seçkilik və ikili standartlar mövcuddur: “Avropa Şurasının Dağlıq Qarabağ problemini mürəkkəb münaqişə kimi qələmə verməsi düzgün deyil. Mən AŞPA-nın iclaslarındakı çıxışlarım zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən münaqişə yox, müharibə zamanı hərbi yolla işğal edildiyini qeyd edirəm. Mən bu yaxınlarda AŞPA-nın Monitorinq Komitəsinin qətnamə layihəsinə düzəliş etdirərək “Azərbaycan torpaqlarının hərbi işğalı” sözlərini əlavə etdirdim. AŞPA kimi nüfuzlu bir qurum Dağlıq Qarabağ məsələsini həll etmək əvəzinə, problemin həllini təcavüzkar ölkə ilə işğala məruz qalanın öz üzərinə atır və bununla da işini bitmiş hesab edir”. Millət vəkili Avropa Şurasının ikili standartlar nümayiş etdirdiyini, son vaxtlar ölkəmizə qarşı bu qurumda anti-Azərbaycan kampaniyasının aparıldığını qeyd edib.
AVRONEST-in fəaliyyətindən danışan Elxan Süleymanov qurumun bu il Bakıda keçirilən ikinci sessiyasını təşkilatın fəaliyyəti baxımından çox əlamətdar olduğunu bildirib. “Birinci sessiyadan fərqli olaraq bu dəfə AVRONEST-in ilk qətnaməsi və komitə iclaslarının qərarları qəbul edildi. Əgər AVRONEST-in Bakı sessiyası uğursuzluğa düçar olsaydı, yəni qətnamələr qəbul edilməsəydi, belə bir qurumun yaşaması sual altına düşə bilərdi”.
Dünyanın bütün təşkilatlarının ermənilərə lobbiçilik etdiyini, o cümlədən Avropa Şurasının siyasi məhbus məsələsindən ölkəmizə qarşı təsir vasitəsi kimi istifadə etdiyini bildirən millət vəkili bunun da kökündə din ayrı-seçkiliyinin dayandığını qeyd edib. O Avropa Şurasının siyasi məhbuslarla bağlı meyarlarının olmadığını diqqətə çatdırıb. Millət vəkili siyasi məhbus məsələsinin ancaq Azərbaycana şamil olunmasının başlıca səbəblərinin isə din ayrılığı və Azərbaycanın inkişafına olan qısqanclıqla bağlı olduğunu qeyd edib.