Elxan Süleymanov: «İşğal altında olan Sərsəng su anbarı dağıdılsa, 400 min əhalimiz məhvolma təhlükəsi gözləyir»
Dünən Milli Məclisdə Avronest Parlament Assamblelyasının toplantısı keçirilib. İclasda deputat Elxan Süleymanov maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, keçmiş Ağdərə rayonuna, indi isə Tərtər rayonuna məxsus olan Sərsəng su anbarının Ermənistan tərəfindən işğalı nəticəsində bu anbarda ötən müddət ərzində qəzalı vəziyyət yaranıb: “Əgər bu su anbarında qəza baş verərsə, Azərbaycanın işğal altında olmayan daha 7 rayonu yerlə-yeksan və həmin rayonların 400 min əhalisi məhv ola bilər.
E.Süleymanovun qeyd etdiyinə görə, 25 ildən artıq bir müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yuman dünya birliyi növbəti faciə baş verərsə, onu Allahın və təbiətin üzərinə atacaq: “Çox təəssüflər olsun ki, dünya birliyi, beynəlxalq təşkilatlar hələ də Ermənistanın təcavüzkarlığına göz görə-görə göz yumurlar. Onlar işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyurlar. Bu Azərbaycan xalqında və cəmiyyətinə böyük narazılıq və təəssüf hissi doğurur. Bu gün dünyada beynəlxalq hüququn əsas prinsipi ərazi bütövlüyünün təmin edilməsidir. Biz də Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında ədalətli həllini istəyirik və gözləyirik. Mən bura gələn nümayəndə heyətlərindən xahiş edirəm ki, onlar öz vətənlərinə geri dönəndə bir daha hökumətlərini bu problemdən xəbərdar etsinlər və onları Qarabağ münaqişəsinin həllinin ərazi bütövlüyünün təmin edilməsi prinsipinə əsasən çözümünə köməklik göstərmələrinə çağırsınlar”.