Elmar Məmmədyarov Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle ilə görüşüb
3 Aprel 2012-ci il
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla AB arasında münasibətlərin inkişafı, regional məsələlər (Suriya, İran), Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, nizamlanma prosesinə dəstək vermək üçün Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılmasına dair AB-nin təklifləri müzakirə olunub.
Ştefan Füle bildirib ki, Azərbaycana son səfərindən sonra bəzi sahələrdə tərəqqi müşahidə edib. O Bakıda Avronest Parlament Assambleyasının 2-ci plenar sessiyasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Füle “Şərq Tərəfdşalığı” proqramı çərçivəsində Azərbaycanla AB arasında münasibətləri inkişaf etdirmək üçün böyük potensialın olduğunu bildirib. Komissar qeyd edib ki, “Eurivision” müsabiqəsi dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldəcək. O. Nazirlər son zamanlar AB-nin Azərbaycanla bağlı verdiyi bəyanatlarda əks olunan narahatlığı müzakirə edib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Ştefan Füle bildirib ki, iki il əvvəl Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı düşərgəyə baş çəkdiyini hələ də xatırlayır: “Biz mütləq Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq”.