Dünya mediasında Andorrada Azərbaycanla bağlı keçirilmiş konfrans haqqında 245 məqalə dərc edilib
AVCİYA-dan APA-ya verilən məlumata görə, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbir dünya mediasının diqqət mərkəzində olub. Ötən günlər ərzində planetin aparıcı ingilis və alman dilli internet resurslarında konfrans haqqında 245 məqalə dərc edilib. Wall Street Journal, Boston Globe, Business Journal, Austria Presse Agentur, Deutsche Presse Agentur kimi media orqanlarının yer ayırdığı material www.elkhan-suleymanov.az saytı tərəfindən təqdim edilib.
Andorranın Avropa Şurasına Prezidentliyi dövründə Andorra və Azərbaycan əlaqələri gücləndiriləcək
Bu yaxında Andorranın Avropa Şurası Nazirlər Komitəsinə növbələşən Prezidentliyi qəbul etməsinin ardınca Andorra və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və enerji, turizm və idman kimi müxtəlif sahələrdə ümumi layihələr daxil olmaqla, siyasi və iqtisadi səviyyədə əməkdaşlığı inkişaf etdirmək öhdəliklərini ifadə ediblər.
Azərbaycanın Avronest PA-da Nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovun təşəbbüsü ilə hökumət yönümlü və müxalifət deputatları, Baş Nazirin müavini və İqtisadi İnkişaf Nazirinin müavinindən ibarət Azərbaycan Nümayəndə heyəti Andorraya rəsmi səfər edib.
Andorra Baş Şurasında keçirilmiş “21-ci əsrdə Azərbaycan” başlıqlı yüksək səviyyəli konfransda Andorra Parlamentinin Spikeri Vicenç Mateu nümayəndə heyətini salamlayaraq, vurğulayıb ki, Azərbaycan və Andorra kiçik ölkələr ola bilərlər, lakin beynəlxalq aləmdə söz demək hüququna malikdirlər: “Hər iki ölkə çox qədim ənənələrə malikdir, ancaq eyni zamanda konstitusiyalarını 1990-cı illərdə qəbul etdiklərinə görə nisbətən gəncdir. Bizim ölkələrimiz arasında oxşarlıq var. Biz nəinki tariximizlə fəxr edirik, həm də məqsədimiz gələcəyimizi qurmaq üçün əhəmiyyətli artım dərəcələri olan dinamik ölkələr olmaqdır. Biz müxtəlif dinlərə mənsubuq, ancaq hər ikimiz zəngin irsə malik demokratik ölkələrik”.
Elxan Süleymanov Azərbaycanın enerji təhlükəsizliyi və qlobal sülh və təhlükəsizlik sahəsində Avropanın sadiq və etibarlı tərəfdaşı olduğunu vurğulayıb: “Lakin təəssüflə bildirirəm ki, təxminən iyirmi il əvvəl Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkünə çevrilmiş bir milyona yaxın azərbaycanlının hüquqlarının bərpası məsələsinə gəldikdə Avropa susur. Azərbaycan xalqının insan hüquqlarının pozulması qəbuledilməzdir və işğal nəticəsində ölkəmizin iqtisadiyyatına 431,5 milyard dollar ziyan dəyib. Mən başa düşmürəm, nəyə görə Avropa Şurası Azərbaycanı siyasi məhbus ittihamları ilə təkləməyə çalışır, lakin insan hüquqlarına dair belə bir mühüm məsələni həll edə bilmir”.
Süleymanov daha sonra AŞPA, Avropa Parlamenti, ATƏT və BMT-nin Dağlıq Qarabağın işğalını pisləyən qətnamələrinə hörmət etməyə çağırıb və həftənin əvvəlində Parisdə Avropa Şurasının Monitorinq Komitəsində Azərbaycana dair məruzəyə təqdim etməyə müvəffəq olduğu düzəlişi xatırladıb: “Əminəm ki, Andorra Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə Azərbaycanla bağlı daha obyektiv və konstruktiv mövqe tutacaq”.
Nümayəndə heyəti Andorranın Turizm və Ətraf Mühit Naziri Fransek Kamp Torres və Andorranın İqtisadiyyat Naziri Jordi Alkoe Font ilə ayrıca görüşlər keçirib.