Deputatımız Avropa Parlamentinin prezidentinə müraciət etdi
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şulza müraciət edib. Müraciətdə bildirilir ki, sentyabrın 13-ü qurumunuzda qəbul edilmiş qətnaməyə görə çox narahat idik. Parlamentinizin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan bizlər üçün şok idi: “Çox narahatedici haldır ki, tələsik keçirilən və müzakirədə iştirak edənlərin bir çoxunun Azərbaycan və Ermənistanda vəziyyətdən sadəcə məlumatsız olduğu prosedurda Parlament üzvlərinin 10%-dən az hissəsi bu cür sənədə səs verə bilər.
Hətta mənsub olduğunuz siyasi ailə – Sosial-Demokratlar Qrupunun üzvləri mətni səhvən dəstəklədikdən sonra səslərini dəyişdilər. Biz Parlamentin bizi müzakirə etməsini yüksək qiymətləndiririk. Müzakirələri təqdir edir və onlardan öyrənə biləcəyimizi düşünürük. Lakin biz belə müzakirələrin məlumatlı keçməsini və ölkəmizdəki real faktlara əsaslanmasını istərdik, çünki sentyabrın 13-ü təqdim edilmiş mətn və onun müzakirəsinin işğal edilmiş ərazilər və ya Azərbaycandakı müharibə ilə heç bir əlaqəsi yoxdur – bu, Macarıstanlı AP deputatları və onların müvafiq müttəfiqləri arasındakı siyasi məsələ idi. Sizdən vəziyyətimizə ciddi yanaşmağınızı və neçə illərdən bəri azad və demokratik dövlət kimi potensialımıza nail olmağımızın qarşısını almış işğala dinc yolla həll tapmaq səylərimizi dəyərləndirməyinizi xahiş edirik”.