“Dağlıq Qarabağ münaqişəsi bütün regiona təhlükədir”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ölkənin ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyib. Prezident bildirib ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. Dövlət başçısı bunun nəticəsində Azərbaycanın Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirib: “Təəssüflər olsun ki, vəziyyət hələ də dəyişməyib.
Münaqişə ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələr bu günə qədər icra olunmayıb, qəbul edilən qərarlar yalnız kağız üzərində qalıb”. Prezident Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkənin bununla qürur duyduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər. Bu il pensiyaların 40 faiz artırdığını qeyd edən dövlət başçısı Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil etdiyini bildirib: “Liberal iqtisadi vəziyyət, siyasi islahatlar, sosial məsələlərin həlli cəmiyyətdə münbit şərait yaradıb”.
Prezident ölkədə qanunun aliliyinin, söz azadlığının təmin edildiyini də diqqətə çatdırıb: “Azərbaycanda islahatların həyata keçirilməsi prosesi davam edir. Başlıca məqsədimiz müasir dövlət yaradılmasıdır”. Avropa İttifaqı-Azərbaycan münasibətlərinə toxunan prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz Avropa İttifaqı ilə yalnız enerji məsələlərində deyil, digər sahələrdə də əməkdaşlıq edir: “Əlaqələrimiz getdikcə daha da güclənəcək. Avropa İttifaqı-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurulub”.