Azərbaycan artıq Avropadadır! – Nəzər nöqtəsi

Azərbaycan artıq Avropadadır! – Nəzər nöqtəsiBrüsseldə nəşr olunan “New  Europe” qəzetində millət vəkili Elxan Süleymanovla müsahibə dərc olunub. Müsahibənin mətnini oxucularımıza təqdim edirik.
New Europe” Azərbaycan Milli Məclisinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovla ölkənin Avropa perspektivlərini müzakirə etdi. 

Brüsseldə nəşr olunan “New  Europe” qəzetində millət vəkili Elxan Süleymanovla müsahibə dərc olunub. Müsahibənin mətnini oxucularımıza təqdim edirik. 

“New Europe” Azərbaycan Milli Məclisinin Avronest
Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovla
ölkənin Avropa
perspektivlərini müzakirə etdi. 2015-ci ilin sentyabr ayında Azərbaycan
Parlamenti öz nümayəndə heyətinin Aİ-nin Şərq Tərəfdaşlığı parlament tərkibi
olan Avronest təşəbbüsündən geri çəkilməsinə səs verməsi nəticəsində Avronest zərbə
aldı. Çoxlarının artıq əhəmiyyətsiz məsələ hesab etdiyi Avronest-in taleyi sual
altındadır. Eyni zamanda Aİ ilə Azərbaycan arasındakı Assosiasiya Sazişinin
artıq unudulduğu görünür və Aİ-Azərbaycan əlaqələrinin özü də sual altındadır.

 

Sual: Cənab Süleymanov, əvvəla, Milli Məclisin bu qərarını bizə izah edə bilərsinizmi?
Avropa İttifaqı mühüm ticarət tərəfdaşı olduğu halda, bu, Azərbaycan üçün mənfi
qərar deyilmi?

Elxan Süleymanov: Əvvəla, onu deyim ki, bu qərar
bütövlükdə Aİ ilə bağlı deyildir. Biz Aİ-yə daxil olan bütün hökumətlər və
parlamentlərlə müsbət əlaqələr saxlayırıq, Avropa Komissiyası ilə işləyirik,
onların Bakıdakı nümayəndə heyətini təqdir edirik, bir sözlə, hesab edirəm ki,
Azərbaycanla Aİ arasındakı əlaqələr yaxşıdır. Məsələ Avropa Parlamenti və
onların bir neçə ildir bizə göstərdiyi təhqiramiz rəftarla bağlıdır. Bu qurum
riyakar olduğunu sübut edib: bu gün o, bizi Avronestə çağırır, dostluq və əməkdaşlıq
haqqında danışır. Sabah isə hər növ saxtakarlıq, əsassız təhqir və qalmaqaldan
danışan böhtan xarakterli qətnamələr qəbul edir. Eyni zamanda bu gün Ukraynada,
Gürcüstanda baş verən hadisələri tənqid edir, işğalı, müharibəni pisləyir. Bizə
gəldikdə isə ərazimizin Ermənistan tərəfindən işğal edildiyini heç vaxt tənqid
etmir. Onlar hətta Ermənistanı müdafiə edirlər. Bu müstəvidə Avropa
Parlamentinin ardıcıl tərəfdaş olmadığını hesab etdik. Biz onlarla əməkdaşlığı
davam etdirə bilməzdik.

 

Sual: Bəs sizcə, bu, çoxluğun fikridirmi? İstənilən halda bu qətnamələr,
dediyiniz kimi, əssassızdırsa, onların nə zərəri ola bilər?

Elxan Süleymanov: Əminəm ki, parlamentdə hələ də
dostlarımız var. Qərarımızdan sonra reallğı anlayan üzvlərin çox olduğunu göstərən
bir çox siqnallar və məktublar aldıq. Bu son qətnaməyə dair səsvermənin özü də
çox məhdud idi. Lakin yenə də qəbul edildi. Beləliklə, rəsmi mövqe odur ki, AP
bizi pisləmək və bizə hücum etmək istəyir. Bu qətnamələr isə yalnız aysberqin
görünən tərəfidir. Hər həftə Brüsseldə bizə hücum edən konfranslar barədə məlumatlar
alırdıq. Biz AP deputatlarına göndərilən məktubları gördük. Şübhəsiz, o məktublarda
öz ölkəmizdəki vəziyyət barədə yalanlar olduğunu bilirik. Təəssüf ki, görünür, bir
çox AP deputatı bu anti-Azərbaycan kampaniyasına inanıb. Qətnamələr onu göstərir
ki, Avropa Parlamentində əksəriyyət regionumuzda münaqişə yaratmağa çalışan,
qanunsuz erməni işğalını saxlamaqda, ticarətə və Avropanın enerji təhlükəsizliyinə
mane olmaqda maraqlı olan lobbilərin təsirinə məruz qalır. Biz bu böhtan və
hücumları qəbul edə bilmərik. Əgər kimsə sizi təhqir edir və pis sözlər deməyə
çalışırsa, bəlkə əvvəlcə həmin insanla danışıqlar aparmağa çalışa bilərsiniz.
Lakin bir müddət sonra onlara məhəl qoymayıb, həyatınıza davam edirsiniz.

 

Sual: Siz həqiqətən danışıq aparmağa cəhd göstərdinizmi? Bu problemlərin həllinə
səy göstərdinizmi?

Elxan Süleymanov: Hesab edirəm ki, bu əməkdaşlığı
qoruyub saxlamaq üçün mümkün olan hər şeyi etdik. AP-nin Prezidentinə,
Avronest-ə çoxsaylı məktublar, rəsmi ismarışlar göndərdim. Lakin heç bir cavab
almadım. Bu, çox təəssüfləndirici haldır, çünki ilk vaxtlar bu layihəyə həqiqətən
çox töhfə vermişdik. Biz Avronest Parlament Assambleyasını Bakıda qarşıladıq,
onun uğuru üçün əlimizdən gələni etdik. Birgə qətnamələr üzərində işlədik.
Lakin nə qədər işləsək də, AP yenidən və yenidən hər il daha tənqidi qətnamələr
qəbul etdi. Bütün iddiaların saxta olduğunu və bunun saxta lobbiçilik
kampaniyası olduğunu təsdiqləyən məlumat qeydləri göndərdik. Azərbaycanda vergi
saxtakarlığına, Aİ-də də qanunsuz hesab edilən əməllərə görə həbs edilən hər kəs
AP deputatları tərəfindən siyasi məhbus elan edilirdi. Ölkəmiz haqqında hər şey
Brüsseldə konspirasiya kimi qələmə verilir, ölkəmizi mənfi baxımdan göstərmək
üçün hər şey dəyişdirilir. Mən hər kəsi Azərbaycana gəlib, ölkəmizin azad və
demokratik dövlət olduğunu görməyə dəvət edirəm.

 

Bu tənqidlərin bəzisinə
nəzər salın. Onlar azərbaycanlı zabit Səfərovun əfv edilməsini insan
hüquqlarının pozulması və təcili beynəlxalq böhran adlandırdılar! Bu, gülməlidir!
Bu, qanun məsələsidir, insan hüquqları məsələsi deyil! Onlar ölkəmizi Suriya,
terrorçuluq kimi problemlərlə eyni tutur və Azərbaycana dair bu saxta imici
yaradıblar! Belə işləməyi necə davam etdirə bilərik?

Sual: Lakin görünür ki, Azərbaycanda problemlər olması barədə konsensus var.
Ölkənizdə heç bir problem olmadığını deyirsinizmi?

Elxan Süleymanov: Cənab, problemlər haqqında
danışmaq və reallığa söykənməyən mənfi imic yaratmaq arasında fərq var. Bütün
yeni demokratiyalarda olduğu kimi, həll edilməli məsələlər var. Cəmiyyəti dəyişməyə,
hüquqi və cinayət dəyişikliklərini, təcrübəni icra etməyə, korrupsiyaya son
qoymağa vaxt lazımdır. Şərqdən olan əksər Aİ dövlətlərində bizimlə eyni
problemlər mövcuddur. Lakin gördüyünüz kimi, AP hər gün onlara hücum etmir!

 

Eyni zamanda
onların bizimlə necə davrandığına baxın. Onlar hətta reallığı görmək üçün Azərbaycana
gəlmir, ancaq hələ baş verməmiş hadisələr barədə artıq hökmlər dərc edirlər!
Avropa Parlamenti 2015-ci il noyabr seçkilərimizə missiya göndərməmək qərarı
verdi, çünki onların fikrincə, seçkilər demokratik olmayacaq! Buna əvvəlcədən
necə qərar verə bilərlər?! Səbəb odur ki, reallıq onları maraqlandırmır! Belə
olmasaydı, gəlib, demokratik və azad olduğumuzu görərdilər. AP 2013-cü ildə gəldi,
bunu gördü, buna dair hesabat dərc etdirdi və sonra sadəcə müşahidəçi olmuş həmin
AP deputatları anti-Azərbaycan kampaniyasının hücumuna məruz qaldı! Azərbaycana
gəlməyib, reallığı daha yaxşı bildiyini düşünənlərin! Bağışlayın, lakin bu
mövqeyi ciddi qəbul edə bilmərik!

 

Sual: Bəs ölkənizdə keçirilən noyabr seçkilərinə dair bütün ittihamlara necə
cavab verərdiniz?

Elxan Süleymanov: Mən hər kəsi manipulyasiya
xarakterli ismarışlarda yazılmış yalanlara inanmamağa və ərazimizin qanunsuz
işğalını davam etdirmək məqsədi daşıyan düşünülmüş böhtan kampaniyasının
qurbanı olduğumuzu anlamağa dəvət edirəm. Seçkilər azad və ədalətli keçib və
ümidvaram ki, Milli Məclisin yeni üzvləri yaxşı işləyəcək və beynəlxalq tərəfdaşlara
tam funksional demokratiya olduğumuzu nümayiş etdirəcəklər.

 

Sual: Bu, Azərbaycanın
gələcəyi üçün nə məna daşıyır? Siz Avropa ilə əməkdaşlığı davam etdirəcəksinizmi?
Siz hələ də Avropa İttifaqı ilə yeni saziş imzalamaqda maraqlısınızmı?

Elxan Süleymanov: Azərbaycan artıq Avropadadır.
Əlbəttə, biz Aİ üzvləri və onların parlamentləri ilə əməkdaşlığı davam etdirəcəyik.
Avropa Şurasında işimizi davam etdiririk və qapılarımız hətta Avropa
Parlamentinə də açıqdır. Lakin biz hörmətin real təcəssümünü görməliyik.
Onların ərazimizdə münaqişənin həll edilməsini istədiyini, ölkəmizi başa
düşdüyünü görməliyik.

 

Hazırda biz, əlbəttə,
bacardığımız qədər ticarət və yaxşı əlaqələri təmin edirik. Siz saziş barədə
soruşursunuz, lakin mən bunun Avropa reallığında nə demək olduğuna əmin deyiləm.
Zorakı təcavüzkar dövlət olan Ermənistan Aİ ilə sazişdən imtina etdi və hətta
Gömrük İttifaqına qoşulmaq barədə qərar verdi. Baxın, Aİ olduqca qərəzli mövqe
nümayiş etdirərək, hələ də onları müdafiə edir. Ona görə də sazişə qoşulmaqdan
imtina edən ölkə bu qədər yaxşı rəftar gördüyü halda, nə üçün sazişə
ehtiyacımız olduğunu demək mənə çətindir.

 

Sual: AP-nin üzvlərinə birbaşa ismarışınız varmı?

Elxan Süleymanov: Əvvəlki məktublarımda olduğu
kimi, bəli: Biz danışıqları və əməkdaşlığı açıq saxlamaq fikrindəyik. Biz əlaqələri
davam etdirməliyik. Lakin əmin olmalıyıq ki, bizi dinləyən tərəfdaşımız var,
onların Brüsseldən işğal, məcburi köçkünlər, regional təhlükəsizlik vəziyyəti,
ticarət, inkişaf tələbləri kimi real problemlərimizi anladıqlarını və nəzərdə
saxladıqlarını göstərən siqnallar eşitməliyik. Əmin olmalıyıq ki, onlar bizə
qarşı ayrıseçkilik göstərmir, suveren dövlət olduğumuzu qəbul edir. Ən mühümü
odur ki, onlar müstəqil hərəkət etsinlər. Yalnız bundan sonra biz AP-ni yenidən
potensial tərəfdaş hesab edə bilərik.

 

http://neurope.eu/article/azerbaijan-is-in-europe-already/

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları