«Bakı – Qəhrəman şəhərdir»
Bunun üçün AVCİYA genişmiqyaslı layihələri həyata keçirir. Assosiasiyanın prezident seçkilərindən ötən bir il ərzində vətəndaş cəmiyyətində, ümumilikdə bütün sahələrdə olan dəyişikliklər barədə ötən ilin oktyabrında keçirdiyi ümumrespublika rəy sorğusu, dekabrın 17-də bələdiyyə seçkiləri ilə əlaqədar keçirilmiş monitorinq miqyaslı və analoqu olmayan tədbirlər kimi diqqəti çəkir. Belə tədbirlərdən biri də yanvar ayında start götürmüş “Bakı Qəhrəman şəhərdir” kampaniyası oldu.
21 yanvar 2005-ci il tarixində irəli sürülən ideyanı bir çox qüvvələr faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində tarixi ədalətin bərpa edilməsi kimi qiymətləndirdilər. Ölkə ictimaiyyətinin çoxsaylı nümayəndələrinin yekdil rəyi belə oldu: İkinci Dünya müharibəsində qələbə naminə 420 min nəfər övladını qurban verən, savaş dövründə SSRİ-də istehsal olunan neftin 75%-ni hasil edən Azərbaycanın paytaxtı Bakıya “Qəhrəman şəhər” fəxri adının verilməsi ümumilikdə bütün ölkənin və onun sakinlərinin qəhrəmanlığına verilən qiymət olacaq.
Növbəti mərhələdə assosiasiya keçmiş SSRİ respublikalarının İkinci Dünya müharibəsi veteranları komitələrinə müraciət etdi. Rusiyanın, Ukraynanın, Belarusun və digər MDB ölkələrinin veteran təşkilatları, “Qəhrəman şəhər”lərin administrasiyaları bizim təşəbbüsü dəstəklədilər və onun reallaşması üçün əlindən gələni etməyə hazır olduqlarını bildirdilər. Həm daxili, həm də xarici dəstəyi alandan sonra assosiasiya Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüqüq-Mühafizə Orqanları Veteranları Şurası, Moskva Qəhrəmanlar Klubu, “Sodrujestvo” Ehtiyatda olan Zabitlərin Hərəkatı Komitəsi ilə birlikdə Azərbaycan paytaxtında “Bakı Qəhrəman şəhərdir!” mövzusunda Beynəlxalq Forum keçirməyi qərara aldı. Bakı Şəhər İcra Hakimiyyəti Bakının qəhrəman şəhər adını alması məsələsinə, yumşaq desək, biganə yanaşsa da, bu tədbirin möhtəşəmliyinə əsla xələl gətirmədi. Foruma Azərbaycandan və MDB-nin bir çox ölkələrindən olan İkinci Dünya müharibəsi veteranları, “Qəhrəman şəhər”lərin administrasiyalarının, Azərbaycanın yaradıcı birliklərinin və dövlət qurumlarının nümayəndələri qatıldılar. Forumun yekununda tədbir iştirakçıları respublika prezidenti İlham Əliyevə müraciət qəbul etdilər.
Əziz oxucu, bu kitabda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Bakı Qəhrəman şəhərdir!” beynəlxalq kampaniyası çərçivəsində 4 ay ərzində gördüyü kompleks işlər əks olunub. Yazılan məqalələrin, alınan və göndərilən məktubların ancaq həcmi sizdə bu işin nə dərəcədə ağır və məsuliyyətli olması barədə təsəvvürün yaranmasına kifayət edər. AVCİYA Azərbaycan üçün taleyüklü və prinsipial problemlərin həlli və vətəndaş cəmiyyətinin bütün seqmentlərinin inkişaf etdirilməsi naminə bu cür layihələrin həyata keçirilməsini davam etdirəcək.
Bir məsələyə xüsusi toxunmaq istəyirəm. Müharibə hər evdə, hər ailədə bir iz, bir nisgil qoyub. Əgər bu gün biz İkinci Dünya savaşında ölənlərin xatirəsini unutsaq, bir neçə ildən sonra Qarabağ savaşında şəhid olanları da unudacağıq. İndiyədək qəlbimdə qübar etmiş bir xatirə daşıyıram. Bacımın həyat yoldaşı Xalid Mehdiyev müharibə başlayandan qurtaranadək döyüşmüşdü. Həmin savaşın qəhrəmanlarından idi. Döyüşlərin birində göstərdiyi fədakarlığa görə Xalid Mehdiyevi hətta Sovet İttifaqı Qəhrəmanı adına təqdim ediblər. Lakin bu adı ona verməyiblər. Bununla bağlı biz Moskvaya ardıcıl müraciətlər etdik. Nəhayət, 1980-ci ildə cavab aldıq ki, Xalid Mehdiyev doğrudan da Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, lakin hansısa səbəblərə görə bu ad ona təqdim edilməyib. Bir hadisəni heç cür yadımdan çıxara bilmirəm. Bir dəfə o, həyat yoldaşı, övladları ilə 9 may nümayişinə gedirdi. Mən ondan soruşdum, Xalid müəllim, yenə parada gedirsən? Onun cavabı indiki kimi qulaqlarımda səslənir: “Elxan, sizin üçün müharibə qurtarıb, lakin mən hər gün protezimi geyinəndə, mənim üçün müharibə yenidən başlayır”. İndi siz təsəvvür edin ki, təkcə Azərbaycanda Xalid Mehdiyev kimi nə qədər adamlar olub və var. Bu il faşizm üzərində qələbənin 60 iliiyində nə qədər müharibə veteranının iştirak edəcəyini dəqiq deyə bilmərəm… On ildən sonra onların sayı nə qədər olacaq?.. Düşünməyə dəyər.
“Bakı Qəhrəman şəhərdir!” beynəlxalq kampaniyasında bizə dəstək verənlərə, forumun keçirilməsində yardım göstərənlərə öz minnətdarlığımı bildirirəm.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti kimi həyata keçirdiyimiz bu beynəlxalq kampaniyanı və kitabı müharibə qəhrəmanlarının əziz xatirəsinə ithaf edirik.
HEÇ KİM VƏ HEÇ NƏ UNUDULMUR!
Elxan Süleymanov, professor,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına
Yardım Assosiasiyasının prezidenti