Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans işə başlamışdır
Sentyabrın 27-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə Bakıda “Jumeirah Bilgeh Beach” otelində “Körpülərin salınması” adlı beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən təşkil edilən ikigünlük beynəlxalq konfransda Avropanın 14 ölkəsindən 40-dan çox yüksək vəzifəli nümayəndə iştirak edir. Tədbirdə siyasi, iqtisadi, idman, elm, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, həmin sahələrdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin genişlənməsi, qarşılıqlı anlaşma və etibarın yüksəldilməsi məsələləri və s. müzakirə olunacaqdır.
Sentyabrın 27-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə Bakıda “Jumeirah Bilgeh Beach” otelində “Körpülərin salınması” adlı beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, AVCİYA və İNEA arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən təşkil edilən ikigünlük beynəlxalq konfransda Avropanın 14 ölkəsindən 40-dan çox yüksək vəzifəli nümayəndə iştirak edir. Tədbirdə siyasi, iqtisadi, idman, elm, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, həmin sahələrdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin genişlənməsi, qarşılıqlı anlaşma və etibarın yüksəldilməsi məsələləri və s. müzakirə olunacaqdır.
Yerli dövlət və hökumət nümayəndələrinin də qatıldığı tədbirdə, konfrans iştirakçıları sırasında Avropa ölkələrində fəaliyyətdə olan siyasətçilər, keçmiş dövlət məmurları, nazirlər Avropa Parlamentinin deputatları, eləcə də Avropa İttifaqı strukturlarının fəaliyyətdə olan və ya keçmiş məmurları vardır.
AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov tədbirdə çıxış edərək, Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan danışmışdır. O bildirmişdir ki, bəzi hallarda Azərbaycan ikili standartlar, ayrı-seçkiliklə üzləşir. Bu isə Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurur. Nədənsə bəzi dövlətlər və nüfuzlu şəxslər bu bölgədə təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymurlar. Bu gün hamı Dağlıq Qarabağ münaqişəsinin həllindən danışır. Amma heç kim demir ki, bu, münaqişə deyildir. Bu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızı işğal etməsi faktıdır. Düzdür, bəzi nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də problemin həlli ilə birbaşa məşğul olan ATƏT Ermənistanın təcavüzkar olması, eləcə də işğalçı qüvvələrin Azərbaycan torpaqlarından dərhal çıxarılması barədə qərarlar qəbul etmişlər. Lakin təəssüflər olsun ki, bu sənədlər kağız üzərində qalmışdır. Həmin beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların yerinə yetirilməsini təcavüzkardan tələb etmirlər. Bu isə haqlı narazılıqlar yaradır.
E.Süleymanov tədbir iştirakçılarını, beynəlxalq təşkilatların nümayəndələrini məsələyə daha ciddi yanaşmağa, ikili standartlara son qoyulması istiqamətində səylərini artırmağa çağırmışdır.
Sonra İNEA-nın sədri, Almaniyanın keçmiş dövlət naziri Yurgen Qramke çıxış etmiş, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. O, Azərbaycanın təşəbbüsü ilə bu cür konfransların keçirilməsini rəsmi Bakının Avropaya inteqrasiyasının, Avropa dəyərlərinə verdiyi dəyərin bariz nümunəsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, bu gün Avropa Azərbaycan haqqında çox az məlumata sahibdir. Buna görə də biz AVCİYA ilə belə bir tədbir təşkil etmişik. Məqsədimiz Azərbaycanın, həmçinin də Avropa İttifaqının yüksək rütbəli şəxslərinin bu mövzuda qarşılıqlı görüş və fikir mübadiləsi aparmaları və perspektivlərə dair dərin məlumatların, faydalı təcrübənin bir-birinə ötürülməsi və toplanmasını təmin etməkdir.
Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz regionları Avropanın gələcək siyasi və iqtisadi regionları sırasına daxildir. Burada yalnız neft və qaz nəzərdə tutulmur, bu ölkələr özlərinin iqtisadi artımını geniş baza əsasında qurmaq istəyirlər və qurmalıdırlar. Bütün Avropa İttifaqı ölkələri bu sahədə maraqlıdırlar. Bu, Azərbaycanın “Avropa Qonşuluq Siyasəti, sabitlik və təhlükəsizlik” siyasətində əməkdaşlığı üçün vacibdir.
Konfrans “Avropaya doğru əməkdaşlıq” adlı birinci panellə işini davam etdirmişdir. Paneldə Avropanın qonşuluq siyasəti və qarşıda duran problemlər müzakirə olunmuşdur.
Avropa Komissiyasının keçmiş prezidenti, Lüksemburqun sabiq dövlət naziri və Robert Şuman Fondunun keçmiş sədri Santer Jaques Azərbaycanın Cənubi Qafqaz regionundakı rolundan danışmış və bildirmişdir ki, Azərbaycan Avropa İttifaqı üçün vacib strateji tərəfdaş olduğunu artıq sübut etmişdir. Avropa İttifaqı Azərbaycana layiq olduğu yüksək qiyməti verməlidir və bu ölkəyə bütün lazımi dəstəyi göstərməlidir.
Avropa Parlamentinin üzvü, Sloveniyanın keçmiş xarici işlər naziri İvo Vayq isə söyləmişdir ki, Azərbaycan artıq beynəlxalq arenada öz sözünü deyir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada mövcud olan münaqişələrin həllinə çalışır. Azərbaycan özü münaqişədən əziyyət çəkən ölkə olduğu üçün dünyadakı münaqişələrin həllinin vacibliyini daha yaxşı anlayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması faydasızdır. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. ATƏT-in Minsk qrupu bu münaqişənin həlli istiqamətində səylərini daha da artırmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev konfransdakı çıxışında ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan, Avropaya inteqrasiyasından söz açmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan nazir müavini demişdir ki, rəsmi Bakı Avropa İttifaqının Dağlıq Qarabağ üzrə məsələdəki mövqeyi ilə razı deyildir. İndiyədək bu münaqişə ilə bağlı beynəlxalq təşkilatların aydın mövqeyi yoxdur. Baxmayaraq ki, başqa münaqişələrlə bağlı Avropa İttifaqının konkret mövqeyi olub, Azərbaycana gələndə deyirlər ki, bu məsələdə ATƏT-in Minsk qrupunun mövqeyini dəstəkləyirik, bu qurumun hər hansı bir qərarı verməsini gözləyirik. Bu mövqe kifayət etmir, çünki Ermənistan bu cür yanaşmalardan istifadə edərək münaqişənin həlli prosesini uzadır. Dağlıq Qarabağ məsələsi bu gün Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafına əsas maneələrdəndir.
Nazir müavini qeyd etmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa 1996-cı ildə başlamışdır və ötən dövrdə müxtəlif əməkdaşlıq proqramlarının 30 maddəsi üzrə artıq razılıq əldə olunmuşdur. Təəssüf ki, bu günədək Dağlıq Qarabağ maddəsi üzrə razılığa gəlinməmişdir. Biz bununla bağlı ilkin versiyanı da təqdim etmişik, lakin hələ cavab almamışıq.
Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova demişdir ki, Azərbaycanın regionda oynadığı rol, Avropanın mühüm enerji tərəfdaşı olması onun Aİ üçün əhəmiyyətini daha da artırır. Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıqda yeni müstəviyə qədəm qoymuşdur. AVRONEST Parlament Assambleyasının yaradılması Azərbaycan ilə bu təşkilatın əməkdaşlığının gələcək inkişafına böyük töhfə verəcəkdir.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyi ilə bağlıdır”. Bu sözləri isə konfransdakı çıxışında Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz demişdir. Bildirmişdir ki, təcavüzkar ölkənin bu ədalətsiz mövqeyini davam etdirməsi mümkün deyildir. Gec-tez bu məsələ öz həllini tapacaqdır. Hazırda zaman Azərbaycanın lehinə işləyir. M.Yılmaz qeyd etmişdir ki, bu münaqişə nəinki Azərbaycanın, bütün bölgənin problemidir. Bölgədə sülh və əmin-amanlığın təmin olunması üçün bu münaqişə tez bir zamanda həll edilməlidir.
Sonra Milli Məclisin deputatları Azay Quliyev, Fazil Mustafa, Fərəc Quliyev, Asim Mollazadə, Niderlandın keçmiş dövlət naziri Van Eeklen Villem və başqaları çıxış edərək mövzu ilə bağlı rəy və təkliflərini bildirmişlər. Çıxışlarda Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığı xüsusi qeyd olunmuşdur.
Fasilədən sonra konfrans işini “Azərbaycan və Avropa arasında iqtisadi əlaqələr” adlı ikinci paneldə davam etdirmişdir. Maraqlı diskussiya şəraitində keçən paneldə Azərbaycanın energetika sahəsində reallaşdırdığı siyasətə və turizmin inkişafı məsələlərinə xüsusi diqqət yetirilmişdir. Bildirilmişdir ki, ölkədə həyata keçirilən neft-qaz siyasəti iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, digər sektorların da yüksəlişinə əlverişli şərait yaratmışdır. Azərbaycanın reallaşdırdığı və bilavasitə iştirakçısı olduğu regional layihələrin uğurla icra edildiyinin qeyd olunduğu müzakirələrdə ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsinin inkişafına da xüsusi diqqət yetirildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, hökumətin əsas məqsədi ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaqdır. Bunun nəticəsində iqtisadiyyata yatırılan investisiyaların böyük həcmi artıq qeyri-neft sektoruna yönəldilir.
Həmçinin Azərbaycan hazırda elektrik enerjisinə olan tələbatını özü tam təmin edir. Görülən işlər isə gələcəkdə Azərbaycandan elektrik enerjisinin Gürcüstana, Türkiyəyə, hətta Avropaya nəqlinə imkan verəcəkdir. Bu məqsədlə ölkənin daxilində elektrik enerjisinin istehsalı potensialı artırılır, o cümlədən yeni stansiyalar tikilir.
Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətlərin qeyd olunduğu ikinci panel qarşıya çıxan problemlərin həlli istiqamətində diskussiyalarla davam etdirilmişdir.