Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir
Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir.
Bu sözləri AzərTAc-a müsahibəsində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin Bakıda keçirilən illik konfransının iştirakçısı, Dünya Bankının Parlament Şəbəkəsinin prezidenti Alən Desteks demişdir.
Alən Desteks qeyd etmişdir: “Konfrans çox yüksək səviyyədə təşkil olunmuşdur. Mən konfransın təşkilinə görə Azərbaycan rəhbərliyinə, xüsusilə də bu konfransın Bakıda keçirilməsində göstərdiyi dəstəyə görə Elxan Süleymanova təşəkkür etmək istəyirəm. Bu çox böyük şərəfdir və uğurdur. Bu, onu göstərir ki, Bakı beynəlxalq konfransların keçirildiyi mərkəzə çevrilməkdədir. Bizim əvvəlki konfranslarımız Brüsseldə, Parisdə, Londonda və Helsinkidə keçirilmişdir. İlk dəfədir ki, biz Qərbi Avropadan kənara çıxırıq və bu bir daha onu göstərir ki, Bakı beynəlxalq tədbirlərin və konfransların keçirildiyi məkana çevrilir”.
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlara toxunan Dünya Bankının Parlament Şəbəkəsinin prezidenti demişdir: “Bakıda Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun siyasətinə dair beynəlxalq konfransın keçirilməsi çox əhəmiyyətlidir. Dünya Bankının ekspertlərinin hesablamalarına görə Azərbaycan son 15 ildə yoxsulluq dərəcəsini ən çox azaldan ölkələrdən biridir. Son statistik göstəricilərə görə Azərbaycanda yoxsulluğun dərəcəsi 50 faizdən 6-7 faizə enmişdir ki, bu da çox böyük və beynəlxalq aləmdə misli görünməyən bir göstəricidir”.
Alən Desteks Azərbaycan dövlətinin öz əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və ölkədə yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində uğurlu siyasət həyata keçirdiyini xüsusi vurğulamışdır.