Azərbaycanın millət vəkili AŞPA prezidentinə müraciət edib

Avropa Şurası Parlament Assambleyasının prezidenti

xanım Ann Brassörə

Surəti:

AŞPA Bürosunun bütün üzvlərinə

Avropa Şurası Parlament Assambleyasının baş katibi

cənab Voysix Saviçkiyə

Məlumat üçün:

Avropa Şurasının Baş Katibi

cənab Tyoborn Yaqlanda

Bakı, 17 aprel 2015-ci il

Xanım prezident,

Dünən, aprelin 15-də AŞPA-nın rəsmi internet səhifəsində sizin adınızdan dərc edilmiş “AŞPA prezidenti Ermənistanın islahat yolundakı davamlı irəliləyişini təqdir edir” başlıqlı pres-reliziniz məni təəccübləndirdi.

 

Siz bu mətbuat mətnində
iki dəfə “Dağlıq
Qarabağ münaqişəsi”ni belə ifadə
formasında xatırladırsınız, halbuki rəsmi təmsil etdiyiniz AŞPA öz aparıcı qurumlarında
bu münaqişəni rəsmi olaraq “Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi ərazisinin işğalı” kimi səsləndirməyi dəfələrlə təsdiqləyib.

 

Biz anlayırıq ki, baş
katibiniz cənab Saviçki, AŞPA adminsitrasiyasının rəhbəri və AŞPA-nın bütün mətbuat
mətnlərinin baş redaktoru kimi, AŞPA qurumlarının bu müstəvidəki aydın qərarlarını
davamlı olaraq rədd edir. Həqiqətən də, bu günə qədər AŞPA-nın bu məsələyə dair
bütün pres-relizlərində AŞPA-nın ifadə forması (bu, digər beynəlxalq təşkilatların
ifadə formasına uyğundur!) deyil, Ermənistanın ifadə forması işlənir.

 

Şübhəsiz,
xatırlayarsınız ki, bu məsələyə dair məruzənin başlığının dəqiq ifadəsi AŞPA
Bürosunda xeyli gərgin və uzunmüddətli müzakirə mövzusu olmuşdu, çünki bu həssas
məsələdə hər söz bütün aidiyyəti tərəflər üçün həqiqətən siyasi əhəmiyyət
daşıyır. Nəticə etibarilə, Büroda böyük əksəriyyətin dəstəyi ilə aşağıdakı ifadə
forması qəbul edilmişdi: Azərbaycanın
Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində
… (gərginliyin artması)”
.

 

Monitorinq Komitəsinin Parisdə keçirilən 17 mart tarixli iclasında Ermənistanın
nümayəndəsi, eləcə də mediadan aldığımız məlumata görə, Sizin 13-15 aprel
tarixli Ermənistana rəsmi səfəriniz zamanı Ermənistan prezidenti, parlament
spikeri və digər rəsmilər Sizə hücumlar edərək müzakirəni yenidən açmağa və bu
ifadə formasını, məhz pres-relizinizdə ifadə etdiyiniz kimi, Dağlıq
Qarabağ münaqişəsi
kimi sadələşdirərək, bir daha dəyişməyə cəhd
göstərdilər! Bir neçə həftə əvvəl Strasburqda Siyasi Məsələlər Komitəsində Ermənistanın
buna bənzər cəhdi də böyük çoxluqla rədd edildi.

 

Ermənilərin Büro, Siyasi Məsələlər Komitəsi və Monitorinq Komitəsində Dağlıq
Qarabağ və Azərbaycanın digər ərazilərinin silahlı işğalı reallığını inkar etmək
istiqamətindəki bütün cəhdləri sonda AŞPA-nın bu qurumlarında yalnız dəyərli
vaxt və enerji itkisi ilə nəticələndi. Lakin göründüyü kimi, yalnız siz, AŞPA
prezidenti kimi, AŞPA-nın bütün aparıcı qurumlarının verdiyi aydın qərarlara
qarşı çıxaraq, ermənilərin fikrini açıq müdafiə edirsiniz.

 

Buna baxmayaraq, dünən sözügedən pres-relizinizdə vurğulamısınız (sitat gətirirəm): “Prezident kimi, Assambleya qurumlarının verdiyi qərarların icrasına zəmanət vermək mənim
vəzifəmdir
”. Sizin bu açıq-aşkar
ziddiyyətli yanaşmanızın məni nə üçün təəccübləndirdiyini anlayırsınız.

 

Bu səbəbdən
icazənizlə sizi, Prezident kimi, yuxarıda qeyd edilmiş pres-relizə düzəliş etməyə
və AŞPA-nın bu məsələyə dair bütün gələcək mətbuat məqalələrini AŞPA Bürosunun ifadə
formasına uyğunlaşdırmağa çağırıram.

 

İcazənizlə
xatırlatmaq istərdim ki, bu birtərəfli və yanlış mətbuat mətnləri vasitəsilə
özünün erməni ruhlu şəxsi siyasi gündəliyini açıq-aydın həyata keçirmək məqsədi
güdən, beləliklə, Prezident kimi, müsbət adınıza və AŞPA-nın nüfunuza xələl gətirən
baş katibinizi AŞPA pres-relizlərinin baş redaktoru vəzifəsindən çıxarmaq səlahiyyətiniz
var.

 

Hamımız
bilirik ki, AŞPA-nın internet səhifəsində rəsmi surətdə təsdiqlənməyən AŞPA sənədləri,
lakin yalnız bir şəxsin mütləq nəzarəti altında yazılan pres-relizlər çox zaman
böyük məruzələr və sərt qətnamələrlə müqayisədə ictimai fikrə daha çox təsir
edir. Gəlin buna ciddi yanaşaq!

 

Ümumiyyətlə,
Prezident kimi, şübhəsiz, bilirsiniz ki, Avropa Şurası Parlament Assambleyası hər
hansı həssas məsələ ilə bağlı ziddiyyətli siyasi terminologiyadan istifadə edərək,
öz etibarlılığına xələl gətirməməlidir. Şübhəsiz, razılaşarsınız ki, bu müstəvidə
AŞPA-nın rəsmi qərarlarına uyğun olaraq, AŞPA siyasi terminologiyasında eynilik
zəruridir.

 

Sonda, şübhəsiz
aydınlıq gətirəcək cavabınıza və gələcəkdə Assambleya qurumları tərəfindən bu məsələ
ilə bağlı qəbul edilmiş qərarların dəqiq icrasının həqiqətən təmin edilməsinə
görə əvvəlcədən minnətdarlığımı bildirirəm.

 

Dərin
hörmətlə,

 

Elxan Süleymanov

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları