Azərbaycan parlament nümayəndə heyəti və sənaye və energetika naziri Sloveniyada səfərdə olub
Sloveniya Parlamentinin Xarici Siyasət Komitəsinin sədri Yanya Klasincin dəvəti ilə Avronest Parlament Assambleyasında (PA) Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov başda olmaqla parlament nümayəndə heyətinin üzvləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Ceyhun Osmanlı və Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri Natiq Əliyev Sloveniyada səfərdə olublar.
APA-nın xəbərinə görə, səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin üzvləri Çepovanda Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət ediblər. Azərbaycan nümayəndə heyətinin üzvlərini Sloveniya – Azərbaycan dostluq qrupunun sədri İvan Basin salamlayıb.
Sempas səhərində nümayəndə heyətinin üzvləri şəhər rəhbərliyi və Sloveniya – Azərbaycan dostluq qrupun fəalları tərəfindən səmimi qarşılanıblar. Mehdi Hüseynzadənin abidəsi ziyarət olunub. Səfərin ikinci günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Sloveniya Respublikası iqtisadi inkişaf və texnologiya naziri Stanko Stepişnik Sloveniya – Azərbaycan iqtisadi əməkdaşlığının perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan nümayəndə heyəti üzvlərini qəbul edən Sloveniya parlamentinin sədri cənab Yanko Veberlə ölkələr arasında tarixi qardaşlıq əlaqələri və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Sloveniya Parlamentinin Xarici Siyasət Komitəsi və Avropa İttifaqı Məsələləri komitəsinin üzvləri ilə görüşdə Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində ölkəmizə vurulmuş maddi və mənəvi zərərin miqyası, işğal edilmiş ərazilərdə təcavüzkar dövlət tərəfindən aparılmış etnik təmizləmə nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqlarının kütləvi və kobud şəkildə pozulması barədə geniş məlumat verilib.
Tədbir və ondan sonra bas tutan mətbuat konfransı zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 ətraf rayon da daxil olmaqla, ərazimizin 20%-nin Ermənistan tərəfindən işğal edilməsi və indiyədək həmin ərazilərin işğal altında saxlanılması müstəqillik dövründə Azərbaycanın qarşılaşdığı ən böyük problem kimi diqqətə çatdırılıb.
Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən qətnamələr qəbul edildiyini deyən nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, bu sənədlərdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması, Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğal edilməsi faktları və bu problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi dəfələrlə vurğulanıb. Bu sənədlərdə, eyni zamanda, işğal altında olan ərazilərin nəzarətsiz zonaya çevrilməsi, işğal nəticəsində yerli əhalinin hüquqlarının kütləvi və kobud şəkildə pozulması, həmin ərazilərdə işğalçı dövlət tərəfindən etnik təmizləmə siyasətinin aparılması, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının bərpa edilməsi tələb edilib.
Millət vəkili ATƏT-in Minsk qrupunun 20 ildir fəaliyyət göstərsə də, indiyədək heç bir nəticə əldə edilmədiyini, bir çox hallarda isə problemin həllinə, yüz minlərlə məcburi köçkün həyatı yaşayan insanların taleyinə, onların öz evlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməsinə beynəlxalq qurumlar, eyni zamanda bəzi siyasətçilər, deputatlar, rəsmi şəxslər tərəfindən açıq-aşkar biganəlik nümayiş etdirildiyini təəssüf hissi ilə qeyd edib.
Elə həmin gün Azərbaycan nümayəndə heyəti Sloveniya Respublikasının baş naziri Alenka Bratusik tərəfindən qəbul edilib. Nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Sloveniya – Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirib. Sloveniya baş naziri ölkəsində gedən islahatlar barədə məlumat verib, Azərbaycanla bütün sahələrdə, xüsusilə energetika və turizm sahələrində əlaqələrin güclənməsində hökumətinin maraqlı olduğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin səfərini pozmağa cəhd edən Ermənistan parlamenti xarici əlaqələr komitəsinin sədri, Avronest PA-da bu ölkənin nümayəndə heyətinin rəhbəri Zakaryan Sloveniya parlamentinə rəsmi müraciət edərək tədbirin qarşısının alınmasını tələb edib. Lakin bu müraciət Azərbaycan nümayəndə heyətinin Sloveniya səfərinin uğurlu olmasına, Azərbaycanın ədalətli mövqeyinin çatdırılmasına heç bir təsir göstərməyib.