Azərbaycanlı deputatın Ramil Səfərovun məsələsi ilə bağlı xarici KİV-lərdə məqaləsi dərc edilmişdir
Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Ramil Səfərovun məsələsi ilə bağlı “Wall Street Journal”, “Boston Globe”, “Bloomberg”, Bizjournal.com.inc, “Focus” və digər mətbu orqanlarının və informasiya agentliklərinin rəsmi saytlarında məqaləsi dərc olunmuşdur.
AzərTAc “Səfərovla bağlı “günahkar axtarışı”nda Azərbaycanın mülki əhalisinin iztirablarına məhəl qoyulmur” sərlövhəli məqalənin xülasəsini təqdim edir.
Məqalədə Ramil Səfərovun azadlığa buraxılmasından sonra artan məzəmmət və düşmənçiliyə görə Azərbaycan hakimiyyətinin narahat olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Ermənistan hökumətinin ordumuzun zabitinin başına 500 min dollar məbləğində mükafat təyin etməyi nəzərdən keçirməsi ilə bağlı mülahizələrin ardınca insanlar “Səfərov üçün ov mövsümü”nün açılması”na çağıraraq paytaxt Yerevanda toplaşmışlar. Avtobuslarda R.Səfərovu hədəf alan qəzəbli baxışların olduğu şəkillər yapışdırılmış və onun şəkilləri fəallar tərəfindən yandırılmışdır. Müəllif qeyd etmişdir: “Biz Ermənistanda tamamilə qanuni verilməni və bunun ardınca əfv Sərəncamını ittiham edən bu zorakı reaksiyalara görə ciddi narahatıq. İndi onlar beynəlxalq qanundan tamamilə kənar üsullarla qisasa çağırırlar. Bu cür təhlükəli “günahkar axtarışı” daha çox milli qəhrəmanlar və düşmənlər yaratmağa bənzəyir və bu, çətin ki, Qafqazda sabitliyə töhfə versin”.
Məqalədə, həmçinin BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın dərhal, tamamilə və qeyd-şərtsiz geri çəkilməsinə çağıran dörd qətnaməsinin icra edilmədiyi vurğulanmışdır. Bildirilmişdir ki, bənzər qətnamələr Avropa Şurası Parlament Assambleyası, ATƏT və Avropa Parlamenti tərəfindən də qəbul edilmişdir.
E.Süleymanov diqqətə çatdırmışdır ki, R.Səfərovun məsələsi Varujan Karapetyanın 2001-ci ildə Ermənistana verilməsi ilə oxşardır. ASALA terror təşkilatının üzvü V.Karapetyan Parisdə Orli hava limanında səkkiz adamın ölümü ilə nəticələnən partlayışda ittiham olunmuşdu. Ömürlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, Ermənistan hökumətinin müraciəti onun Ermənistana verilməsi ilə nəticələnmişdir. Halbuki V.Karapetyan Ermənistanın deyil, Suriyanın vətəndaşıdır. Yerevanda o, milli qəhrəman kimi qarşılanmışdı.
Yazıda vurğulanmışdır ki, Ermənistan snayperləri tərəfindən son 20 ildə yalnız cəbhə bölgəsində 1250 mülki şəxs öldürülmüş, 1300 nəfər yaralanmışdır. Bildirilmişdir ki, azərbaycanlı uşaqlar dəfələrlə içində partlayıcı yerləşdirilmiş oyuncaqlarla hədəfə alınmış, qohumlarının məzarlarını ziyarət edən insanlara atəş açılmış, avtobuslarda, qatarlarda, bərələrdə və açıq yerlərdə mülki şəxslər terror nəticəsində qətlə yetirilmişdir.
Müəllif yazının sonunda diqqətə çatdırmışdır ki, beynəlxalq ictimaiyyət mülki şəxslərin qətlə yetirilməsinin qarşısını almaq üçün atəşkəsin davamlı olaraq pozulmasını dayandırmağa kömək etməlidir”.