Azərbaycanlı deputatın məqaləsi “Europe’s World” jurnalında
13 iyun 2012-ci il
İldə 3 dəfə – fevral, may və oktyabr aylarında işıq üzü görən, Avropanın siyasi dairələrində geniş yayılan nüfuzlu “Europe’s World” (“Avropa dünyası”) jurnalı sonuncu may nömrəsində Azərbaycan Respublikası Milli Məclisi və Avropa Parlamenti deputatlarının səmərəli əməkdaşlığı, əldə olunmuş uğurlar, qarşılıqlı gözləntilər barədə material dərc etmişdir.
Avropanın 150-dən artıq aparıcı beyin mərkəzləri ilə birlikdə hazırılanan, fəaliyyət göstərdiyi 6 ildə 1000-dən artıq nüfuzlu siyasətçi, mütəxəssis və liderin yazılarını dərc edən bu beynəlxalq jurnalda azərbaycanlı deputat, ölkəmizin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun məqaləsinin işıq üzü görməsi Avropa auditoriyasının Azərbaycana marağı baxımından əlamətdar hadisədir. Həmin yazını oxuculamırıza təqdim edirik.
Azərbaycanın Avropa Parlamentinin deputatları ilə görüşü Avropa Birliyinin Şərq tərəfdaşları ilə əlaqələrini inkişaf etdirir
Bu ilin əvvəlində Azərbaycan Avronest Parlament Assambleyasının Avropa Birliyi (AB) sərhədlərindən kənarda baş tutan ilk plenar sessiyasına ev sahibliyi etdi. AB-yə 15 üzv dövləti təmsil edən 168 Avropa Parlamenti deputatı və heyəti Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova deputatları ilə görüşmüşlər. Bu məkanın seçilməsi təsadüfi deyildi. Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və Avropa bu faktın böyük biznes imkanlarına şərait yaratdığını anlayır. Azərbaycan həmçinin NATO-nun etibarlı tərəfdaşıdır və hazırda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biridir. Eyni zamanda, ölkə Avropa dəyərlərini bölüşür, dini tolerantlığına görə tanınır, çoxmillətlidir və siyasi cəhətdən sabitdir.
Enerji, şübhəsiz, digər bir amildir. Enerji təhlükəsizliyi AB üçün əhəmiyyətli məsələdir və Azərbaycan burada da mühüm rol oynaya bilər. Azərbaycan şimalda Rusiya, cənubda İranla sərhədlənən kiçik bir ölkədir. Bundan əlavə, Azərbaycan neft və qazla zəngin Xəzər hövzəsinə birbaşa çıxışa malik yeganə Şərq Tərəfdaşlığı ölkəsidir. AB – Rusiya və ya AB – İran arasındakı əlaqələrə dair şərh vermədən, aydındır ki, yalnız Azərbaycan birbaşa Xəzər mənşəli enerji idxalı üçün AB-yə yeganə alternativ marşrut və regionda enerji təchizatçısı olan digər ölkələrin yüklərinə tranzit marşrutu təklif edir.
Azərbaycan ilə AB arasında bu cür əhəmiyyətli əlaqələrə baxmayaraq, daha çox qonşu Ermənistanda vəziyyətə görə qarşılıqlı etibar müəyyən təzyiq altındadır. İyirmi ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazisinin beşdə bir hissəsini zorla işğal etmişdir və Dağlıq Qarabağdan olan bir milyona yaxın azərbaycanlı öz torpaqlarından qaçqın düşmüşlər. BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, ATƏT və Avropa Şurası bu qeyri-qanuni işğalı aydın və kəskin şəkildə qınamış və Ermənistan ordularının işğal edilmiş ərazilərdən dərhal geri çəkilməsinə çağırmışdır. Lakin illərdən bəri öz qətnamələrini yerinə yetirmək üçün real siyasi addım atmağa gələndə, Avropa liderləri sükuta qərq olurlar. AB-nin Ermənistana qarşı heç bir sanksiyası və heç bir siyasi təzyiqinin olmadığı bir şəraitdə Azərbaycanın Avropanın səmimiliyinə inamı azalır.
Bəs Avropa nə üçün susur? Ermənistanın bütün Avropa və ABŞ-da mövcud olan lobbisi çox fəaldır, yaxşı təşkilatlanmışdır və mümkün olan hər yerdə və hər zaman Azərbaycanı çətin vəziyyətə salmağa çalışır. Ermənilər, məsələn Paris və Los Ancelesdə seçicilərin əhəmiyyətli hissəsini təşkil edirlər. Bundan əlavə, erməni demaqoqları Avropanın dini həssaslığından sui-istifadə edərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dair bütün beynəlxalq qətnamələrin tələblərinin yerinə yetirilməməsi faktını ört-basdır etmək məqsədilə xristian həmrəyliyi faktorundan bəhrələnməyə cəhd göstərirlər. Lakin erməni diasporu Qafqazda ən qədim xristian kilsəsinin Azərbaycanda olduğunu və ya Azərbaycanın dinə tolerant yanaşan dünyəvi dövlət imici qazandığını heç vaxt dilə gətirmir. Bəli, azərbaycanlıların 90%-i müsəlmandır, lakin Bakıya gələnlər məscidlərlə bərabər, katolik və pravoslav xristian kilsələrinin və yəhudi sinaqoqlarının da fəaliyyət göstərdiklərinin şahidi olurlar.
Bu dini tolerantlıq ənənəsi Azərbaycanın Avropa dəyərlərinə olan həqiqi hörmətinin yalnız bir nümunəsidir. Ermənistandan fərqli olaraq, biz Azərbaycanda digər mədəniyyətlər, dinlər və dillərə dözümlülük nümayiş etdirməyimizlə öyünürük. Biz fəxr edirik ki, Avronest Parlament Assambleyasının Bakıdakı sessiyası uğurla başa çatdı. Ötən il Strasburqda keçirilmiş ilk iclasda baza məruzələrinə dair siyasi razılıq əldə edilməmişdi, lakin 2012-ci ilin aprel ayında baş tutmuş Bakı iclasında hər komitədə və plenar sessiyada mühüm qətnamələr qəbul edildi.
Bunlar irəliyə doğru atılmış vacib addımlardır və AB ilə onun Şərq tərəfdaşları arasında daha yaxşı qarşılıqlı anlayış və daha yüksək əməkdaşlığa aparacaqdır.
Elxan SÜLEYMANOV, Azərbaycan Parlamentinin üzvü, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri