Azərbaycanlı deputat avropalı həmkarlarına müraciət etdi
Azərbaycanın AvroNest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa İttifaqının prezidenti Herman Van Rompeyə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozuya, Avropa Parlamentinin prezidenti Martin Şultsa, Avropa Parlamentinin üzvlərinə müraciət edib.
Modern.az-ın məlumatına görə, deputatın müraciətində deyilir:
– Hörmətli prezidentlər və həmkarlar,
Avropa İttifaqının 2012-ci il Nobel Sülh mükafatına layiq görülməsi qurumun İkinci Dünya Müharibəsindən sonrakı 60 illik dövr ərzində Nobel komitəsinin qərarına görə Avropanın dirçəlməsi və inteqrasiya prosesləri sahəsində uğurlarına verilən qiymətdir. Azərbaycanın AvroNest PA-da nümayəndə heyəti Avropa İttifaqının kontinentdə və bütün dünya miqyasında rolunun Nobel Komitəsi tərəfindən qiymətləndirilməsini dəyərəndirərək Avropa İttifaqının rəhbərliyini və bütün Aİ rəsmilərini, o cümlədən Avropa parlamentinin üzvlərini, Avropa Komissiyasını və Aİ-yə üzv ölkələrin yerli hökumətlərini bu ali mükafat münasibətilə təbrik edir. Avropa İttifaqı uzun müddət ərzində kontinentdə uzunmüddətli sülhün bərqərar olması və möhkəmlənməsi, regional münaqişələrin tənzimlənməsində vacib rol oynamış, bu məqsədlə bir çox sülhməramlı əməliyyatlar həyata keçirmiş, özünü Avropa və beynəlxalq təhlükəsizliyin təmin edilməsində əhəmiyyətli güc mərkəzi kimi göstərmişdir. Bu mənada Nobel Komitəsinin kontinentdə yeni müharibələrin qarşısının alınması və vəziyyətin stabilləşdirilməsi sahəsində fəaliyyəti Avropa İttifaqının mükafata layiq görülməsinə əsas olmuşdur. Belə ki, Nobel Komitəsi bu fikrə önəm verərək, Aİ-nin qeyd edilən sahədə əldə etdiyi uğurlarını diqqətə çatdırır və gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulayır. Azərbaycanın AvroNest PA-da nümayəndə heyəti Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması barədə 2010 və 2012-ci illərdə qəbul etdiyi iki qətnaməni təqdir edərək ümidvar olduğunu bildirir ki, Avropa İttifaqı tez bir zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində öz iştirakını daha da aktivləşdirəcək, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi, münaqişənin bütövlükdə beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi prosesində təcavüzkar dövlətə qarşı AP-nin və beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsində qətiyyət göstərəcəkdir. Biz hamımız Avropa Birliyilə birlikdə dünyanın bu ən ali sülh mükafatı ilə yalnız o zaman fəxr və qürur hissi daşıya bilərik ki, Avropa məkanında dondurulmuş münaqişələr, o cümlədən onlardan biri olanDağlıq Qarabağ problemi tezliklə həll olunsun, məcburi köçkünlər öz vətənlərinə qayıdaraq təhlükəsiz yaşamaq haqlarını əldə etsinlər və bununla da Ermənistanın işğalı nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşının pozulmuş hüquqları bərpa olunsun!