Azərbaycanın Avropa Parlamentinə müraciəti
Millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin bütün üzvlərinə müraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, müraciətdə deyilir: “Ramil Səfərov Macarıstanda məhkum edilib və bütün qanunlar və əsasnamələrə müvafiq olaraq, həmin ölkədə 8 il 6 ay müddətində həbsdə olub. Sonra o, Məhkum edilən şəxslərin Ekstradisiyası barədə Avropa Konvensiyasının müddəalarına tam riayət edilərək, vətəni Azərbaycana ekstradisiya edilib. Orada Azərbaycan Prezidenti öz qanuni və konstitusion səlahiyyətlərindən istifadə edərək və bütün qaydalar və tənzimləmələr əsasında cənab Səfərovun həbs müddətinin kifayət qədər olduğunu hesab edərək, onun barəsində əfv fərmanı verib.
Həqiqətən bu, mürəkkəb məsələ kimi görünə bilər və həqiqətən də, bəziləri aidiyyəti tərəflərin irəli sürdüyü əsaslarla razılaşmır. Bununla belə, bu məsələdəki heç bir məqam Avropa Parlamentinin Prosedur Qaydalarının 122-ci qaydasının miqyasına uyğun deyildir. Burada insan hüquqları pozulmayıb. Cinayət vardı, hökm vardı və qanuni həbs müddəti vardı. Demokratiya qaydaları pozulmayıb. İki dövlət hər ikisinin iştirakçısı olduğu beynəlxalq konvensiyaya əməl etmək hüquqlarını icra edib. Demokratik yolla seçilmiş prezident öz qanuni səlahiyyətlərindən istifadə edib. Nəhayət, qanunun aliliyi pozulmayıb. Hər şey eynilə qanuna tam riayət edilməklə icra olunub – buna heç bir şübhə ola bilməz – razılaşırsınız ya yox, qanun qanundur.
Bu səbəbdən Avropa Parlamenti və ya daha dəqiq, bəzi üzvlər bununla razılaşmaya bilər, lakin Avropa Parlamenti əvvəlcə və ilk növbədə öz daxili qaydalarına və əsasnamələrinə dəqiq əməl etməlidir. Nəticə etibarilə, 122-ci qaydadan danışırıqsa, mən sizlərə Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğal etməsi faktını, azərbaycanlı qaçqınların hər gün pozulan hüquqlarını, onların erməni qoşunları tərəfindən işğal edilmiş evlərindən zorla çıxarılmalarını, onların təşkilatlanmaq və doğma ərazilərində öz idarəetmələrini seçmək kimi demokratik hüquqlarının pozulmasını, 20 illik müharibə dövründə 20 mindən artıq dinc vətəndaşın həlak olması faktını, nəhayət, Xocalı qətliamını xatırlatmıram. Eyni zamanda mən çox dərin təəssüf və heyrət hissi ilə sizlərə bir daha onu xatırlatmaq istəyirəm ki, Ramil Səfərov etdiyi əmələ görə 8 il 6 ay həbs cəzası çəkdikdən sonra qanuni hüquqi əsaslarla əfv olunduğu halda belə ciddi müzakirə və qınaq obyektinə çevrilir, lakin yaxın bir neçə il ərzində sərhədboyu ərazilərdə içərisində azyaşlı uşaqlar da olmaqla 1250 nəfərdən artıq mülki vətəndaş (diqqət yetirməyiniz vacibdir ki, bunlar zabit və əsgərlər olmamışdır) snayperlərlə qətlə yetirildiyi, 1300 nəfərdən artıq mülki vətəndaş isə yaralandığı halda bu günədək heç bir erməni qatil cəzalandırılmayıb və ən dəhşətlisi isə budur ki, Azərbaycana qarşı olan erməni zorakılığına və bu qətllərə heç bir beynəlxalq təşkilat tərəfindən məhəl qoyulmayıb, Avropa Parlamenti qanunun aliliyinin pozulmasını tənqid belə etməyib. Halbuki, Azərbaycan tərəfi bu qətllərlə bağlı dəfələrlə müxtəlif beynəlxalq təşkilatlar qarşısında ( BMT, ATƏT, AŞ PA, Avropa Parlamenti) təcavüzkarların cəzalandırılması tələbləri ilə çıxış edib.
Sizi ikili standartlar və qeyri-dəqiqlik deyil, Azadlıq və Vəhdət Evinin üzvləri olduğunuzu bir daha nümayiş etdirməyə çağırıram. Sizi cümə axşamı, sentyabrın 13-ü saat 16:00-da qeyri-dəqiq, natamam və yanlış ünvanlanmış sənəd kimi, Ramil Səfərovun məsələsinə dair qətnaməyə qarşı səs verməyə çağırıram”.