Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanatla çıxış edib

 

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyəti Dağlıq Qarabağın separatçı rejimi tərəfindən Xocalı (Xankəndi) aeroportunun istifadəyə verilməsi barədə yayılan məlumata cavab olaraq bəyanatla çıxış edib.

 

 

Nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya verdiyi xəbərə görə, bəyanatda deyilir ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınıb: “Mövcud beynəlxalq hüququn imperativ normalarına əsasən silahlı təcavüz və işğal vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni sayıla bilməz. Azərbaycan tərəfinin icazəsi olmadan işğal altında olan ərazilərdə hər hansı fəaliyyətin həyata keçirilməsi mövcud beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Azərbaycan Respublikasına münasibətdə dövlət suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

Bəyanatda qeyd olunub ki, Dağlıq Qarabağın səması Azərbaycanın hava məkanının ayrılmaz tərkib hissəsidir: “İşğalçı rejim Dağlıq Qarabağ səmasında mülki aviasiyanın uçuşunu həyata keçirəcəyi halda mülki aviasiyaya dair 1944-cü il Çikaqo Konvensiyasını pozmuş olacaq. Bu hava məkanında uçuşlar ancaq Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının razılığı ilə həyata keçirilə bilər və bu hava məkanından istifadə edilməsinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından başqa heç bir qurum icazə verə bilməz. Bu baxımdan hər hansı beynəlxalq təşkilat Xocalı aeroportunun istifadəsi ilə bağlı işğalçı rejimə sertifikat verə bilməz. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) məsələ ilə bağlı açıq mövqe nümayiş etdirməlidirlər”.

Azərbaycan nümayəndə heyəti vurğulayır ki, beynəlxalq ictimaiyyətin ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması və bu məqsədə çatmaq üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühiti formalaşdırmaq istiqamətində səylər göstərdiyi bir zamanda, işğalçı rejimin qanunsuz olaraq Xocalı aeroportunu istismara verməsi cəhdləri təxribat xarakteri daşıyır və Ermənistan tərəfinin münaqişənin nizamlanmasında maraqlı olmadığını sübuta yetirir: “Aeroportun istismara verməsi cəhdləri tərəflər arasında etibarsızlıq atmosferinin gərginləşməsinə yol açır, danışıqlar prosesinə dağıdıcı təsir göstərərək, Dağlıq Qarabağın statusunun dəyişdirilməsinə dair iddiaların reallaşdırılmasına və işğal cinayətlərinin beynəlxalq səviyyədə qanuniləşdirilməsinə xidmət edir”.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları