Azərbaycandan Avropa Parlamentinin prezidentinə qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət edildi
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa qurumun qəbul etdiyi qətnamə ilə bağlı müraciət edib. Bu barədə Trend-ə Süleymanov özü məlumat verib.
Müraciətdə qeyd olunur ki, Avropa Parlamentinin təcili prosedurunun əsaslandığı 122-ci qaydanın miqyasından tamamilə kənar bir hadisə olan Ramil Səfərovun işini müzakirə edən qətnamə hər zaman Avropanın sözlərini dinləyən və onlara riayət etməyə hazır olan Azərbaycan üçün şok idi.
“Müzakirə və səsverməyə nəzər salaraq anladıq ki, Avropa Parlamenti əslində Macarıstan və onun daxili siyasi mübarizələrinə dair müzakirə aparırdı və bəzi siyasətçilər Macarıstandakı həmin proseslərin bu və ya digər hissəsinə hücum etmək üçün bu məsələdən, sadəcə, istifadə etdi”, – müraciətdə deyilir.
Süleymanov qeyd edib ki, çox narahatedici haldır ki, tələsik keçirilən və müzakirədə iştirak edənlərin bir çoxunun Azərbaycan və Ermənistanda vəziyyətdən, sadəcə, məlumatsız olduğu prosedurda parlament üzvlərinin 10 faizdən az hissəsi bu cür sənədə səs verə bilər. Hətta mənsub olduğunuz siyasi ailə – Sosial-Demokratlar Qrupunun üzvləri mətni səhvən dəstəklədikdən sonra səslərini dəyişdilər.
Müraciətdə Süleymanov belə müzakirələrin məlumatlı keçməsini və Azərbaycandakı real faktlara əsaslanmasını istədiyini bildirib.
“Çünki sentyabrın 13-ü təqdim edilmiş mətn və onun müzakirəsinin işğal edilmiş ərazilər və ya Azərbaycandakı müharibə ilə heç bir əlaqəsi yoxdur – bu, macarıstanlı AP deputatları və onların müvafiq müttəfiqləri arasındakı siyasi məsələ idi. Sizdən vəziyyətimizə ciddi yanaşmağınızı və neçə illərdən bəri azad və demokratik dövlət kimi potensialımıza nail olmağımızın qarşısını almış işğala dinc yolla həll tapmaq səylərimizi dəyərləndirməyinizi xahiş edirik”, – müraciətdə deyilir.
Qeyd edək ki, Avropa Parlamenti sentyabrın 13-də Strasburqda plenar sessiyasında Səfərovun işi üzrə qətnamə qəbul edib. Qətnamədə Bakının Ramil Səfərovu əvf etməsinin təəssüf doğurduğu bildirilir.